Ermənistan müdafiə nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildirlib.
Nazirlikdən verilən məlumata görə, Ermənistan müdafiə nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan müdafiə nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.
Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir:
"Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni senariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.
Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.
Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".