22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminara start verilib.
Beynəlxalq seminarın açılış mərasimindən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin Əcəmi seyrəngahındakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında davam etdirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə demokratik dəyərlərin inkişafına xidmət edən məhkəmə-hüquq sistemində ardıcıl olaraq aparılan islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkə­nin məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə olunur.
Ramiz Süleymanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının böyük rolu olub. Fərmanın qəbul edilməsindən sonra ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqları sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi ilə bağlı bir sıra işlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Hüquqi cəhətdən maariflənmiş cəmiyyətdə yaşamaq da, işləmək də asan olar” fikrini xatırladaraq muxtar respublikada insan hüquqları sahəsində görülən işlər və əldə olunan nailiyyətlər, yaradılmış yeni hüquq institutları və onların fəaliyyəti barədə məlumat verib, seminarın işinə uğurlar arzulayıb.
Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin yüksək səviyyədə təşkil olunmasına verdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova bütün təşkilatçılar adından minnətdarlığını bildirib. O, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək qanunun aliliyinin qorunması istiqamətində aparılan işləri yüksək qiymətləndirib. Əli Hüseynli beynəlxalq seminarın əhəmiyyətindən bəhs edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin hakimlərinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdiyi konfrans insan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer çıxış edərək belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvanda keçirilməsindən və özünün də ilk dəfə Naxçıvanda olmasından məmnun qaldığını bildirib, göstərilən qonaqpərvərliyə və seminarın çox yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılar adından minnətdarlıq ifadə edib.
Sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilib. Mövzular üzrə məruzələrlə hüquq elmləri doktoru, professor, Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsinin sədri, Milli Məclisin Dövlət qurucu­luğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə Heyətinin üzvü Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru, Prof.Dr.Mixaela Vittinqer çıxış ediblər.
“Avropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti”, “Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer”, “Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri” mövzularına həsr olunmuş növbəti çıxışlarda hüquq elmləri doktoru, professor, AHK İdarə Heyətinin üzvü Lətif Hüseyn­ovun, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr.Otto Mallmannın, AHK İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin, AHK İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafanın məruzələri dinlənilib.
Beynəlxalq seminarın nahardan sonrakı hissəsində Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru xanım Prof.Dr.Mixaela Vittinqerin və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr.Otto Mallmannın “Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş konkret təminatlar”, “Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar (nəzərdə tutulan hallarda)”, “Konvensiyanın praktik əhəmiyyəti (Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən praktik misallara istinad olunmaqla)”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: azadlıq və təhlükəsizlik hüququ. Bu normanın qoruma sferası (bu hüquqa müdaxilələrin yol verilməsi; saxlama və azadlığın məhdudlaşdırılması üçün şərtlər; təcili olaraq hakim qarşısına çıxarılma; seçilmiş həbs qətimkan tədbirinin hakim tərəfindən yoxlanılması)” adlı məruzələri dinlənilib.
Daha sonra mövzular ətrafında müzakirələr aparılıb. Bununla da, tədbirin ilk günü başa çatıb. Beynəlxalq seminar bu gün öz işini davam etdirir.  
Qeyd edək ki, seminarda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, birinci instansiya məhkəmələrinin sədr və hakimləri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının  əməkdaşları iştirak ediblər.
Həmin gün qonaqlar muxtar respublikamızın tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olublar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR