Söz ağızdan çıxana qədər o sənin əsirin, ağızdan çıxdı sən onun əsirisən, “Söz var, kəsdirər başı, söz var, kəsər savaşı”, “Dil var bal gətirər, dil var bəla gətirər”, “Dilini saxlayan, başını saxlar”, başqa sözlə, “dil insanı həm vəzir, həm də rəzil edər”. Qısacası söhbət söz danımaqdan gedirsə, işlədilən sözü eninə uzununa ölçüb-biçmək lazımdır. Ələxsus da bu bir peşəkar jurnalist tərəfindən söylənilirsə. Jurnalistin ən böyük vəzifəsi eşitdiyi məlumatın obyekytivliyini dəqiqləşdirməkdir. Dəqiqləşdirilməmiş informasiya dezinformasiya qəbul edilərək gündəmi səhv fikir, təşviqat kompaniyasından qorumaq naminə etirazla qarşılanır. Elə bu günlərdə Elçin Əlibəylinin illərdir aparıcısı olduğu “El bizim sirr bizim” verilişində Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakinindən aldığı məlumatı elə eşitdiyi kimi səsləndirməsi və dəqiqləşdirmədən bəyan etdiyi Sədərək rayonunda ağaclar kəsilir ifadəsi kütlələr arasında böyük narazılıqla qarşılandı. Təbii ki, narazılığın bir çox haqlı, tutarlı səbəbləri və cavabları var idi. İllərdir efir məkanında öz işinə, vəzifəsinə hörmət qoymağı bacaran peşəkar jurnalist kimi tanıdığımız Elçin Əlibəylidən bu cür addım arzuolunan deyildi. Verlişin səhəri günü Naxçıvan əhlinə qarşı haqsızlıq olunduğunu hiss edib üzr istənilsə də yerli əhali sakit kürsüdə əyləşib, dəqiqləşdirilməmiş ictimai səhv fikri formalaşdırmağa səbəb olacaq bu dezinformasiyanı həzm də edə bilməzdi, reaksiyasız da qala bilməzdi. Elə mənim kimi. Çünki başda sadə və təvazökar, ekoloji tarazlığın qorunması istiqamətində iməclikləri ənənəvi tədbirlər siyahısına salan və iştirakçısı olan ölkə rəhbərliyi olmaqla istər müəllim, istər həkim, istər dövlət qulluğu işçiləri, istərsə də ümumiyyətlə işindən vəzifəsindən asılı olmayaraq bütün sakinləri ənənəvi iməclik aksiyalarının iştirakçısı idi.
Bu məsələnin absurd tərəfi. Digər tərəfdən bunun qanun tərəfi də var. Jurnalistimiz məgər bilmir ki, hər hansı bir şəxs istədiyi ağacı kəsə bilməz? Ona bunun səlahiyyəti çatmaz. Bu haqda qanun var, qayda var. Qanunu bilmiyənlərə xatırlatma edək. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan aldığımız məlumata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin dispozisiyanda qeyd olunur ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda, həmin əməli törətmiş şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti daşıyacaqdır.
Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş və xeyli miqdarda ziyan vurmuş şəxs, beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin əməli törətməklə külli miqdarda ziyan vurmuş şəxs isə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Elçin Əlibəyli, siz bu torpağa səfəriniz zamanı buradakı hərtəfli inkişafda olan bir Naxçıvanı görmüsünüz axı. Axı bu gördüyümüz yaşıllıq zolaqları, flora mənzərələri göydən yerə birdən-birə düşməyib illərdir Ali Məclisin Sədri cənab Vasif Talıbovun bir məqsədi olub Naxçıvanın hər yerini abadlıq, quruculuq, yaşıllaşdırma ünvanına çevirib gözəlləşdirmək. Həmin faktaları ardıcıllıqla sizin timsalınızda bütün bilməyənlərin nəzərinə çatdıracağam. Bu mənim Naxçıvanı tanıyan naxçıvanlı jurnalist kimi mənəvi borcumdur. Faktlara müraciət etməkdə, qərarları sadalamaqda məqsədimiz hər zaman işimizin cümlə yığınıdan çox göz önündəki nəticələrin hasil səbəblərini xatırlatmaqdı. Görünür belə məqamlar üçün təbii ki, bu faktlara ehityac böyükdür..
Əlimizdəkiləri götürüb o illəri xatırlayaq. Ötən illərdə köhnə məkirli ideologiyanın buyruqlarıyla hərəkət etməyə məhkum edilmiş bir blokadalı bölgə olaraq suvarma kanallarımız məhv edilmiş, ağaclar məcrasını dəyişib oksigen mənbəyi olmaqdan çıxıb, yandırılaraq karbon qazı funksiyasını həyata keçirmişdi. Bunu o dövrdə asılılıqda yaşayanlar yaxşı xatırlayır. Bu haqda Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Səfərəli Babayev Naxçıvan Muxtar Respublikasının Cografiyası kitabında oxuyuruq: “Naxçıvan Muxtar Respublikası blokadaya alınmışdır. Həddindən artıq sərt keçən qış şəraitində əhali hər cür yanacaqdan- qazdan, kömürdən məhrum olmuşdur. Buna görə də, bağlarda, yol kənarlarında, meşələrdə, kolluqlarda, tuqaylarda olan ağaclar, kollar amansızcasına doğranır və odun kimi istifadə edilir. Əkinə yararlı yerlər məhv edilmiş, bitki örtüyü məhv edilmişdir”...
Bu gün isə mənzərə dediklərimizin əksini göstərir. Gördüyümüz abadlıq, yaşıllaşdırma tədbirlərinin hardan və neçənci illərdən başlaması faktını Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət edərək dəqiqləşdiririk. Nazirlikdən aldığımız məlumata görə bu haqda ilk dəfə ulu öndərimiz Heydər Əliyevin Naxçıvanda olduğu müddətdə qərar qəbul olunub. 1992-ci il aprelin 3-ü həmin qərardan sonra muxtar respublikada məhv olmuş quru torpaq sahələrinə yeni həyat verilmişdir. Ardınca növbəti illərdə ekoloji tarazlığın qorunması istiqamətində işlər kütləvi şəkildə təşkil edilib. Bu gündə bu ənənə muxtar respublika rəhbəri tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Və buna görədir ki, muxtar respublika iməclikləri və yaşıllaşdırma işlərində bütün qabaqcıl dünya ölkələrinə nümunədir. Bunu ötən 30 illərin 0, 6 faizini təşkil edən yaşıllıqların yerini alan 20 faiz artıma yüksələn rəqəmlə göstərə bilərik. Kəskin kontinental iqlimə malik olan muxtar respublikamızda meşə ehtiyyatlarının artması yaşıllaşdırma tədbirlərinin davamlı təşkil edilmə səbəbidir. Bu tədbirlərin əsasını isə ağac kəsilməyi deyil, tinglərin salınması təşkil edir. Təkcə nazirliyin Tingçilik müəssisəsi tərəfindən ildə 500 min ədəddən çox ting yerləşdirilib. Eyni zamanda ərazilərin münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1100 hektardan çox ərazidə damcılı suvarma sisemləri qurulub.
Ümumiyyətlə isə yaz əkin mövsümündə muxtar respublika ərazisində 282 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb ki, bunun da 206560 ədəd meyvə, meşə həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib. Bu yaşıllaşdırma tədbirlərinin 9,7 hektarı Sədərək rayonun payına düşür. Sədərək rayon İcra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, onun 1 hektarı yeni salınıb, 8,7 hektarı isə bərpa edilib. Bərpa məqsədi ilə Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində, Dəhnə adlanan ərazidə, Gənclər bağında, Gömrük yolunda, Sədərək Rayon Mərkəzi Xəstəxanasının yanında, Sədərək rayon YDM-nin yaxınlığında, Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yanından Heydərabada gedən yolun sağ və sol hissəsində, Həydərabad qəsəbəsindən tabora gedən yolun sağ və sol hissəsində, 48 mənzilli binanın ətrafında, Təhsil şöbəsinin və Məhkəmənin inzibati binasının yanında 6900 ədəd meyvə, 1390 meşə, 1950 həmişəyaşıl, 9930 gül-bəzək kolları və 1420 üzüm tingi əkilib. Bunlardan əlavə olaraq Heydərabad qəsəbəsində 500 çinar və 200 cəviz ağacı əkilib. Sadalanan statistik rəqəmlər hələ görülən işlərin bir qismini təşkil edir. Göründüyü kimi Naxçıvanda ağaclar təbiətin ən əziz üzvü kimi qorunur, qayğısına qalınır. Bu nəinki bir- iki nəfərin işidir. Bu xaqla rəhbərliyin birgə həmrəy fəaliyyətinin nəticəsidir. Qarşıda daha çox tədbirlər var.
P.S. Sonda bizim iməcliklərimizin kütləviliyindən gileylənən və eyni zamanda ağaclar kəsilir ifadələri ilə görülən işləri təkzib xarakterli kölgələməyə çalışan məlumatları yayanlara bildirmək istəyirəm ki, bu gün biz ekologiya tədbirlərinə, yaşıllaşdırma qaydalarına riayət edən və ümummili liderimiz Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” fikrini əsas meyar götürüb, istiqamətverici xətt olaraq Naxçıvanda yaşadanlarıq. Bu gün ekologiyanın qorunması istiqamətində qəbul edilən, qərarlar, addımlar, hər həftə təşkil edilən iməcliklər göz önündə olan Naxçıvanın gözəlliyini, abadlığını qabaqcıl MDB məkanında dillərə dastan edib. Kor nə istər iki göz. Bunu bilmiyənlərə təklifim budur ki, Naxçıvanda qonaq olub, xalqla rəhbər birliyini görüb inkişafa gedən yolu təhlil edib, ən nəhayətində Naxçıvanda təşkil edilən iməcliklərdə iştirak edib sonra informasiya versinlər. Çünki media nümayəndələri istinad etdiyi məlumatı dəqiqləşdirməyə borcludur. Bu onların peşəkarlığı üçün xeyirli bir təklifdir. Və bu mənzərinin şahidi olandan sonra əyri oturub, düz danışsınlar.
Türkan HÜSEYNLİ