26 Dekabr 2024, Cümə axşamı

“Vətən sərhəddən başlanır”, – deyirlər. Deməli, hər bir azərbaycanlı Vətənin sərhədini təşkil edir, onu qoruyur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığını sübut etməklə bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur: “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılıb”. Sərhədçi peşəsi müqəddəs peşədir, – deyənlər heç də yanılmırlar. Ölkəmizin sərhədinin keşiyini çəkən hər bir əsgər diyarımızda əldə olunan bugünkü sabitliyin, əmin-amanlığın, inkişafın da qoruyucusudur.

Budəfəki yazını hazırlamaq üçün də elə bu müqəddəs peşə sahibləri ilə həmsöhbət olduq, onlarla muxtar respublikamızın sərhədlərinin mühafizəsi ilə bağlı görülən işlərdən, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bugünkü inkişafından danışdıq.
“Bu gün Naxçıvan Muxtar Respublikasının sərhədləri əsgərlərimiz tərəfindən etibarlı şəkildə qorunur”, – deyən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti, mayor Tofiq Bayramov əslən Cəlilabad rayonundandır və 22 ildən artıq bir müddətdir, Naxçıvanda xidmət edir. Onun dediklərindən:

– Bu gün ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. Dövlət sərhədlərimizin daha da etibarlı şəkildə qorunması, hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatı sahəsində də böyük işlər görülüb. Mən müstəqillik qazandığımız ilk illərdən başlayaraq Vətənimə xidmət etdiyim üçün sözügedən inkişafın qısa zaman kəsiyində əldə olunmasının şahidiyəm. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hərbi hissənin maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, şəxsi heyətin peşəkarlığı artırılıb, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına geniş imkanlar açır.
Müsahibim qeyd edir ki, bu gün hər bir sərhədçi dövlət qayğısını öz üzərində hiss edir. Qüsursuz xidmət edən zabitlər evlə təmin olunur, mütəmadi olaraq hərbi qulluqçuların vəzifə maaşları artırılır, xidmətdə fərqlənənlər orden və medallarla təltif olunur ki, bu da bütün sərhədçilərdə böyük ruh yüksəkliyi ­yaradır.
Söhbətimizə qoşulan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti, əslən Lənkəran rayonundan olan mayor İlkin Mahmudov isə qeyd edir ki, sərhədçi, hərbçi peşəsi müqəddəs və bir o qədər də məsuliyyətlidir. Bu səbəbdən də mən övladlarımı bu ruhda, vətənpərvər şəkildə yetişdirməyə çalışıram. Bunun nəticəsində böyük oğlum artıq mənim kimi hərbçi peşəsini seçib, Heydər Əliyev adına Hərbi Liseyin birinci kursunda təhsil alır.
Mayor İlkin Mahmudov onu da söylədi ki, xidmətdə olduğu 20 ildən artıq müddətdə hərbi qulluqçuların məişət şəraitinin daim diqqət mərkəzində olduğunu görüb:

– Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və onun zastavalarında yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Mən və mənim kimi burada xidmət edən hərbi qulluqçular öz ailələrinin məişət şəraitindən, övladlarının təhsilindən, tibbi və sosial xidmətlərdən razılıq edirlər. Bu da bütün sərhədçilərin məsuliyyətini daha da artırır. Söz veririk ki, göstərilən diqqət və qayğını öz nümunəvi xidmətimizlə doğruldacağıq.
Diviziyanın zabiti, kapitan Ruslan Həsənov isə söyləyir ki, Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik də yaradır. Biz burada gənc əsgərlərin də peşəkar sərhədçi kimi yetişməsi üçün xidmət aparırıq. Əsgərlərin hərtərəfli öyrədilməsi, onlara sərhədçi peşəsinin dərindən mənimsədilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Zabitlərin hər bir əsgərə fərdi qayğısı, bilik və bacarıqlarını böyük maraqla gənclərə öyrətməsi onların yüksək hazırlıqlı və peşəkar sərhədçi kimi yetişməsində mühüm rol oynayır. Burada fiziki və psixoloji hazırlıq, asudə vaxtın səmərəli təşkili üçün lazımi infrastruktur yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına imkan verir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc kadrlarından, Yardımlı rayonundan olan baş leytenant Vahid Əlicanlı isə bildirir ki, Vətənin hər yerində xidmət aparmaq müqəddəs bir vəzifədir. Ancaq şəxsən mən buraya ilk gəldiyim gündən etibarən sərhədlərin mühafizəsi sahəsində şahidi olduğum inkişafa görə xidməti yoluma Naxçıvandan başladığım üçün fəxr edirəm. Əvvəllər muxtar respublikaya səfər etməmişdim. Artıq 5 ildir ki, burada xidmətdəyəm. Naxçıvanda yaşadığım müddətdə bu diyardakı çoxşaxəli inkişafı qürurla izləmişəm. Burada insanlar xoşbəxt, gülərüz, istiqanlı və mehribandırlar. Bizə göstərilən diqqət və qayğı göz önündədir. Gözəl, işıqlı, hər bir şəraiti olan otaqlarla təmin olunmuşuq. Bu bizim həm sevincimizi, həm də məsuliyyətimizi daha da artırır. Biz sərhədçilər üçün yaradılan şərait bir hərbi qulluqçu kimi məni də çox sevindirir.

Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, onlara göstərilən diqqət və qayğı dayanır. Bu qayğının qarşılığında, əlbəttə, böyük etimad, eyni zamanda tələbkarlıq var. Məqsəd torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ordumuzun günü-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılmasıdır. Apardığımız söhbətlərdən də məlum olur ki, hər bir sərhədçi öz peşəsinin məsuliyyətini dərindən dərk edərək Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanır, səmada dalğalanan, müstəqillik rəmzimiz olan üçrəngli bayrağımızın və “Azərbaycan” adlı müqəddəsliyin daim var olması üçün çalışır. Sərhədlərimizin etibarlı mühafizəsi bu etimadı layiqincə doğrultmaq istəyən hər bir sərhədçi üçün həyat amalıdır.

Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR