Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılmışdır.
Bu gün qədim diyarımızın sərhədlərini sayıqlıqla qoruyan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. 1992-ci il avqustun 22-də Naxçıvanda sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Bununla da muxtar respublikanın sərhəd xidməti həyata keçirilən 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorumalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır. İnanıram ki, Azərbaycanın Sərhəd Qoşunları bundan sonra öz fəaliyyətini gündən-günə həm genişləndirəcək, həm təkmilləşdirəcəkdir”.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali rəhbərliyə ikinci qayıdışından sonra da bu sahədə işlər davam etdirilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirmişdir. Bu gün isə ulu öndərin siyasi irsini uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”, – deyən ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, normativ-hüquqi baza təkmilləşdirilmiş, maddi-texniki təminat və döyüş hazırlığı artırılmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoymuşdur.
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikamızda uğurla davam etdirilir, hərbi qulluqçulara hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Göstərilən diqqət və qayğı nəticəsində qərargah binası, xəstəxana, müasir tələblərə cavab verən uşaq bağçası tikilmiş, mərkəzləşmiş istilik sistemi yaradılmış, sərhədçi ailələri üçün istirahət parkı salınmış, hamam-camaşırxana kompleksi yenidən qurulmuş, çörək sexi istifadəyə verilmişdir. Həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri aparılmış, avtomobil parkında təmir emalatxanaları, anbarlar, avtomobillər üçün yeni saxlanclar, qarovul və qazanxana binaları inşa edilmişdir. Bundan əlavə, ötən dövrdə Şərur və Culfa sərhəd komendantlıqları, müasir tələblərə uyğun sərhəd zastavaları, zabit-gizir ailələri üçün yaşayış binaları tikilərək sərhədçilərin istifadəsinə verilmişdir. Hərbi infrastruktur quruculuğu istiqamətində görülən işlər 2020-ci ilin ötən dövründə də diqqət mərkəzində saxlanılmış, Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksi istifadəyə verilmiş, eləcə də 8-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Sərhəd zastavalarına çəkilən yollar üzərində 12 körpü yenidən tikilmişdir. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə dövlət sərhədi boyunca siqnalizasiya sistemi yaradılmış və müasirtipli kameralar quraşdırılmışdır. “Dəmirçi” və “Nehrəm” Sərhəd zastavalarının bazasında yenidənqurma və kompleks tikinti işləri aparılmış, müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Nehrəm Təlim Mərkəzində və Culfa sərhəd komendantlığının Təlim Mərkəzində yenidənqurma və təkmilləşdirmə işləri aparılmışdır. Sərhəd Diviziyasında 560 yerlik əsgər yataqxanasında əsaslı təmir işləri davam etdirilir.
Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini vermişdir. Naxçıvan Təlim Mərkəzində Türkiyə Respublikası və Naxçıvan Qarnizonunun birləşmə və hissələri ilə birgə keçirilən döyüş atışlı taktiki təlimlərinə Sərhəd Diviziyasından cəlb olunmuş heyət yüksək əzmkarlıq göstərmiş, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində döyüş bacarıqları və peşəkarlıqlarını nümayiş etdirmişlər. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd zastavalarının, sərhəd komendantlıqları və Çevik hərəkət taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilmişdir. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaratmışdır. Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazırlanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunmuşdur. Həmçinin Əlahiddə Sərhəd Diviziyasının ştat strukturunda dəyişiklik və əlavələr edilmiş, Araz Su Anbarında sərhədlərin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sahil mühafizə qrupu yaradılmışdır. “Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunmuşdur.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər həmişə yüksək dövlət mükafatlarına layiq görülürlər. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 5 hərbi qulluqçusu yüksək dövlət mükafatına layiq görülmüş, 365 hərbi qulluqçu isə müxtəlif medallarla, eləcə də 4 zabit vaxtından əvvəl rütbə ilə təltif olunmuşdur.
Bu gün hər bir sərhədçi ulu öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla, həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparır, fədakarlıq göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkənin müstəqilliyinin və dövlətçiliyinin ən mühüm şərtlərindən biri onun dövlət sərhədlərinin olmasıdır. Dövlət sərhədi olmayan və sərhədi qorunmayan ölkə müstəqil ola bilməz”.
“Şərq qapısı”