Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib. Gündəlikdə federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrin seçilməsi kimi məsələlər olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.
Vurğulanıb ki, 2020-ci il 1 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, aid təşkilatlara konkret tapşırıqlar verilib, 2020-ci il 14 fevral tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib, müasir idman infrastrukturu yaradılıb.
Qeyd edilib ki, Naxçıvanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, ilbəil qazanılan medallarımızın sayı artır, muxtar respublikadan kənarda keçirilən birinciliklərdən idmançılarımız qalibiyyət sevinci ilə geri dönürlər. Belə ki, idmançılarımız 2020-ci ilin 6 ayı ərzində keçirilən ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək ölkə birinciliklərində 21, beynəlxalq turnirlərdə 17 olmaqla, 38 medal qazanıblar.
Basketbol Federasiyasının sədr müavini Turan Həsənov çıxışında vurğulayıb ki, federasiya basketbol idman növü üzrə yüksək səviyyəli idmançılar hazırlamaq, mütəxəssislərin ixtisaslarını artırmaq, muxtar respublikanın yığma komandasına cəlb edilmiş federasiya üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi, Dövlət proqramının icrası üçün bir sıra tədbirlər həyata keçirib.
Turan Həsənov bildirib ki, bütün bunlara baxmayaraq, idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilməyib, muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, onların yerli idmançı və məşqçilərlə seminarları təşkil olunmayıb, heç bir beynəlxalq turnir və yoldaşlıq görüşü keçirilməyib.
Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, uşaq, yeniyetmə və gənclərin basketbol idman növünə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bir sıra tədbirlər həyata keçirilib. Buna baxmayaraq, federasiya işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən düzgün istifadə etməyib. Eyni zamanda federasiyanın idmançıları Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirak etməyiblər.
Azad Cabbarov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.Təklif yekdilliklə qəbul olunub və Elbrus İsayev federasiyanın sədri seçilib.
Göstərilən etimada görə dərin minnətdarlığını bildirən Elbrus İsayev vurğulayıb ki, idman sahəsinə davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada yeni idmançı nəsli formalaşıb və bu sahədə Naxçıvan müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. İdman dəyərlərinin qorunması, idmançılar üçün ideal mühitin yaradılması, uşaq və gənclərin sağlam həyat tərzi yaşamasının təmin edilməsi məqsədilə uğurlu idman siyasəti həyata keçirilir.
Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikada idmanın inkişafı, istedadlı gənc kadrların hazırlanması üçün müəyyən addımlar atır. Universitetdə idman klubunun xətti ilə basketbol məşğələsi fəaliyyət göstərir. Hər il universitetin daxili birinciliyi keçirilir. Müxtəlif vaxtlarda ali təhsil ocağının basketbol komandası İran İslam Respublikasında və Türkiyə Cümhuriyətində tələbələr arasında keçirilən beynəlxalq turnirlərdə də öz güclərini sınayıb. Federasiya sədri bildirib ki, mövcud şəraitdən səmərəli istifadə ediləcək, basketbolun kütləviliyinə nail olunacaq, idmançıların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov yekunda yığıncaq iştirakçıları adından idmanın inkişafına yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
- Ceyhun MƏMMƏDOV