25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni Təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Vurğulanıb ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olub. Belə ki, 2020-2021-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 211 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi birnövbəli rejimdə işləyəcək, bu da, öz növbəsində, tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin məsuliyyət daşıdığını vurğulayan Rəhman Məmmədov bildirib ki, nazirliyə birbaşa tabe müəssisələrdə, şəhər və rayon Təhsil şöbələrinin tabeliyində olan müəssisələrdə istilik sistemlərindəki nasazlıqlar aradan qaldırılmalıdır. Sertifikatı olmayan ocaqçılar qazanxana maşinisti kurslarına cəlb olunmalı, payız-qış mövsümü ilə əlaqədar təhsil müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadə təmin edilməli, bütün təhsil müəssisələrində ocaqçı və gözətçilərin tərkibinə bir daha baxılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Şəhər və rayon Təhsil şöbələrində payız-qış mövsümü ilə əlaqədar nəzarət komissiyaları yaradılmalı, müntəzəm reydlər aparılmalı, ocaqçı və gözətçilərin iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələri nəzarətdə saxlanmalıdır. Təhsil müəssisələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı müvafiq izahat işləri aparılmalı, istilik sistemi ilə işləyən təhsil müəssisələrində istiliyin hava şəraitinə uyğun tənzimlənməsinə nəzarət edilməli, izafi xərclərə yol verilməməlidir. Təhvil-təslim kitablarının düzgün işlənməsi nəzarətdə saxlanmalıdır.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

* * *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirəni nazir Vüsal Sevdimalıyev açaraq məruzə edib.
Bildirilib ki, payız-qış mövsümü ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir. Nazirliyin anbarında rabitə xətt, abunə qurğuları və fiber-optik sahəsi üzrə kabel ehtiyatının yaradılması istiqamətində işlər davam etdirilir, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin də yaradılması diqqət mərkəzində saxlanılır. Qeyd olunanlarla yanaşı, payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, eyni zamanda qazanxana və istilik sistemləri üzrə ixtisaslı kadrlara olan tələbatı da aktual edir. Bu səbəbdən də hazırda fəaliyyət göstərən qazanxana işçilərinin ixtisaslarının araşdırılması, bilik səviyyələrinin yoxlanması, qabaqcadan təlimatlandırılması, zərurət yarandıqda qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakının təmin edilməsi, peşə kursu keçmiş və sertifikat almış ocaqçıların işə götürülməsi istiqamətində işlər davam etdirilir.
Vurğulanıb ki, avadanlıqların qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə olunur. Belə ki, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan bütün avtomat telefon stansiyaları və digər qurğular xüsusi ayırıcı gərginlik releləri ilə təchiz olunub.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə mövcud 213 avtomat telefon stansiyasından 28-i açıq havatipli, 185-i istilik təminatı olan əsaslı təmir edilmiş və ya yeni istismara verilmiş binalarda yerləşir.
Nazir deyib ki,  Rabitə və Yeni Texnologiyalar Nazirliyi yaradılmış imkanlardan istifadə edilməklə 2020-2021-ci illərin payız-qış mövsümünü də uğurla başa vuracaq, muxtar respublikada əhalinin nümunəvi rabitə və internet xidmətləri ilə təmin olunmasına çalışacaqdır.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

* * *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclası giriş sözü ilə açan nazir Mayis Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən digər sahələrdə olduğu kimi, ekologiya sahəsində də görüləcək işlərə dair icrası zəruri olan tapşırıqlar verilmişdir. Nazirlik qarşısında payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqların görməsi, qurumuş ağacların kəsilərək hərbi hissələrə və odun kömürü müəssisəsinə verilməsi, qış mövsümündə muxtar respublika faunasının qorunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi kimi tapşırıqlar qoyulmuşdur. Payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti şöbələri, tabeli idarə və müəssisələrin rəhbərləri nəzərdə tutulmuş tədbirləri vaxtında icra etməlidirlər. Bunun üçün ən vacib məsələ işin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün məsuliyyətin artırılması və ardıcıl tədbirlərin görülməsidir.
Bildirilib ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi aid idarə və müəssisələrlə birlikdə 2020-ci ilin payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlar görməli, yeni meyvə bağlarının salınması, bərpa işlərinin planlı aparılması üçün sentyabr ayının birinci ongünlüyünədək ərazilərin sxem-planlarını hazırlamalı, ting ehtiyatı müəyyənləşdirilməlidir. Texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, seçilmiş ərazilərdə torpaq hazırlığı işləri aparılmalıdır.
Sonda məruzə ətrafında çıxışlar olmuşdur.

* * *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, avqust ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin qarşısına Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə mühüm vəzifələr qoyulub.
Qeyd olunub ki, elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına uyğunluq sertifikatı əsasında icazə verilir. Qanunvericiliyə əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır.
Vurğulanıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici materialların verilməsi nəzərdə tutulur.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən müşavirəni komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2020-ci ilin ötən dövründə də quruculuq işləri uğurla davam etdirilib. Yenidən qurulması və ya tikintisi başa çatdırılmış obyektlərdə xarici və yeraltı istilik xətləri yenilənib, dam örtüklərinə izolyasiya qatı verilib, tüstü bacaları təmizlənib ki, bu da binaların istilik təchizatı ilə təmin edilməsində qənaətə şərait yaradacaqdır.
Qeyd olunub ki, əhalinin payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə Naxçıvan şəhərində də təmir olunan və yenidən qurulan yaşayış binalarında xeyli işlər həyata keçirilib. Belə ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 40, 64, “İstiqlal” küçəsində 89, 97, 125, 129, Zəroş Həmzəyeva küçəsində 117, Əliqulu Qəmküsar küçəsində 16 nömrəli yaşayış binalarının təmiri və ya yenidən qurulması zamanı qazanxanalardan binalara gedən xarici istilik xətləri yenilənib, istilik sistemləri tam saz vəziyyətə salınıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə Ali Məclisin Sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müvafiq tapşırıqlar verib. Verilən tapşırığın icrasını təmin etmək üçün komitə sədrinin əmri ilə sədr müavini və aidiyyəti şöbə müdirlərindən ibarət yoxlama komissiyası yaradılıb. Yaradılan komissiya muxtar respublikada yerləşən inzibati binalara, sosial obyektlərə və məktəb binalarına yoxlama baxışları keçirməli, təmirə ehtiyacı olan tikililər müəyyənləşdirilməli və noyabrın 1-dək aşkar edilmiş nöqsanlar aradan qaldırılmalı, təmir işləri yekunlaşdırılmalıdır. Komissiya öz fəaliyyətində obyektiv olmalı və üzərinə qoyulmuş öhdəliyin icrasını məsuliyyətlə həyata keçirməlidir. Həmçinin Ali Məclis Sədrinin tapşırığına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeçiliyində olan idarə və təşkilatlarda təmir briqadaları da yaradılıb ki, onlar da mütəmadi olaraq yoxlamalar aparır və yaranmış nasazlıqları aradan qaldırırlar.
Sonra görüləcək işlərlə bağlı müzakitələr aparılıb, çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR