22 Dekabr 2024, Bazar


Ulu öndər Heydər ƏLİYEV: Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk indiki böyük, demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.

29 oktyabr qardaş Türkiyənin Cümhuriyyət bayramıdır. 90 il bundan əvvəl Türkiyə Respublikası elan olunmuşdur. 1923-cü ildə tarix səhnəsinə qədəm qoymuş Türkiyə Respublikası Mustafa Kamal Atatürkün şah əsəri, çoxəsrlik türk dövlətçiliyinin yeni dövrdə davamıdır.

Qardaş Türkiyə respublika quruluşuna nail olmaq üçün uzun və şərəfli bir yol keçmişdir. XX əsrin əvvəllərində dünyanın bir çox ölkə­ləri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi və qanlı hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanmasına və bununla birlikdə xalqlar arasında milli azadlıq hərəkatının güclənməsinə gətirib çıxardı. Osmanlı imperiyası da bu müharibəyə qoşuldu və Antanta dövlətləri tərəfindən məğlubiyyətə uğradıldı. 1918-ci ildə qalib dövlətlərlə Türkiyə arasında Mudros barışıq müqaviləsi bağlandı. Əslində isə bu saziş Türkiyəni parçalamaq və onu tarix səhnəsindən silmək niyyəti güdürdü. 1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi isə Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu.
Türk xalqı bu cür tarixi ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mübarizəyə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlarda uğur qazanmış, Osmanlı ordusunun ən istedadlı generallarından olan Mustafa Kamal Paşa rəhbərlik edirdi. Onun rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin zirvəsi, minlərlə şəhid qanı ilə suvarılmış Vətən torpağının düşmən tapdağından xilası idi. Bu qələbənin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir.
1923-cü il oktyabrın 29-da bütün dünyaya azad, müstəqil və müasir Türkiyə Respublikasının yaradılması bəyan edildi. Atatürkün qurduğu Türkiyə Respublikası onun yolu ilə gedərək bu gün bölgədə və dünyada inkişaf edən dövlətə çevrilib. Güclü iqtisadiyyatı, qüdrətli ordusu, demokratiya və hüquqa bağlı­lığı ilə Türkiyə Respublikası beynəlxalq aləmdə öz yeri olan ölkələrdən biridir.
Tarixdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki xalqın liderində – Mustafa Kamal Atatürkdə və ümummilli lider Heydər Əliyevdə çox güclü iradə, xalqı irəliyə aparmaq əzmi qurucusu olduqları dövləti yaşadıb, bu gün də yaşadır.
Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri daha da genişlənmişdir. Bu münasibətlər davamlı olaraq inkişaf edir. Bakı və Ankaranın regionda və beynəlxalq aləmdə baş verən hadisələrə münasibəti hər iki tərəfin maraqlarına uyğun şəkildə həyata keçirilir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafının əsas amilləri ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrdir. Böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini dəqiq ifadə edən ən mükəmməl formuldur. Azərbaycan beynəlxalq aləmə inteqrasiyada, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir.
Əsası ulu öndərimiz tərəfindən qoyulan Türkiyə ilə dostluq, qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən birinə çevrilən neft və qaz kəmərləri təkcə regionda deyil, dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu hər iki ölkənin siyasi, iqtisadi və strateji əməkdaşlığının daha bir nümunəsinə çevrilmişdir.
Ölkələrimiz arasında irimiqyaslı müştərək layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. 2012-ci il iyunun 26-da Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilə imzalanmışdır. Müqavilədə Azərbaycan qazının Trans-Anadolu Təbii Qaz Boru xətti ilə Türkiyə və Avropaya çatdırılması planlaşdırılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev layihənin əhəmiyyəti barədə demişdir: “Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi, TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir. Türkiyə və Azərbaycan bu məsələdə də liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir”.
Xalqlarımız arasındakı münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri də mühüm əhəmiyyətə malikdir. Həmin səfərlər zamanı imzalanan dövlətlərarası və hökumətlərarası sənədlər bütün sahələrdə əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün hüquqi baza rolunu oynayır. 2010-cu il sen­tyabrın 16-da “Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalanmışdır. Azərbaycan Prezidentinin qardaş ölkəyə 2011-ci ilin 15-16 sentyabr tarixlərində həyata keçirdiyi səfəri də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2012-ci il sentyabrın 11-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir. İclasda təhsil, nəqliyyat, fövqəladə hallar, kənd təsərrüfatı, televiziya, standartlaşdırma, metrologiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətraflı müzakirə olunmuşdur.
Bu gün Azərbaycan-Türkiyə tərəfdaşlığı, bütövlükdə, regionun gələcək inkişafı üçün əlavə imkanlar yaradır. Çünki Azərbaycan və Türkiyə strateji mənada bir-birini tamamlayan vahidin ayrılmaz hissələridir. Bu müttəfiqlik eyni zamanda regionda sülhün və təhlükəsizliyin qorunmasının, eləcə də iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir.
İkitərəfli əlaqələrinin dinamikası Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən, Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermişdir. Bundan başqa, 1992-ci il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, 92 kilometrlik İqdır-Naxçıvan yüksəkgərginlikli elektrik xətti çəkilmişdir.
2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidenti Abdullah Gülün Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında iştirak üçün Naxçıvana gəlməsi müasir dövrdə Türkiyənin, bütövlükdə türk dünyasının Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Naxçıvanın Türkiyə üçün çox mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir: “Naxçıvanın Türkiyə üçün çox böyük əhəmiyyəti vardır. Naxçıvan bölgəsindəki Azərbaycan və Türkiyə arasındakı sərhəd xətti məsafəcə kiçik olsa da, siyasi mənada çox böyük əhəmiyyət daşıyır. 10-12 kilometrlik bir sərhəd xəttinin siyasi əhəmiyyəti olduqca böyükdür. Bu sərhədimiz Türkiyənin türk respublikaları ilə coğrafi birliyini də əlaqələndirən çox rəmzi bir keçiddir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, dövlət naziri Hayati Yazıcı və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. Bu görüşlərin nəticəsi olaraq, 2010-cu il iyulun 17-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz kəmərinin tikintisi barədə niyyət protokolu imzalanmışdır. 2010-cu il iyunun 24-də Türk Hava Yolları ilə bağlanmış müqaviləyə əsasən, İstanbul-Naxçıvan-İstanbul təyyarə reysi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanla Türkiyənin əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir: “İndi dünya birliyində Türkiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki, Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azərbaycanın mənafeyi olan məsələdə isə Türkiyənin səsi vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdirlər ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soy-kök, milli və ortaq dəyərlər birləşdirir. Ona görə də iqtisadi və siyasi maraqlarımız daha möhkəm və uzunömürlüdür, eyni zamanda xalqlarımızın mənafeyinə xidmət edir”.
Hazırda Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində Türkiyə Respublikası ilk yerlərdən birini tutur. Muxtar respublikamızla Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar, təhsil sahələrində və ordu quruculuğunda da qarşılıqlı əlaqələr mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.

Türkiyə-Azərbaycan münasibətləri təkcə iqtisadi maraqlar üzərində qurulmayıb. İkitərəfli münasibətlər öz kökünü xalqlarımızın qədim tarixindən götürür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığı və strateji tərəfdaşlığının möhkəmliyini yüksək qiymətləndirərək demişdir: “Xalqlarımızı birləşdirən ortaq tarix, ortaq mədəniyyətdir. Bunlar çox güclü əsaslardır. Ölkələrimizi birləşdirən insanların bir-birinə olan məhəbbətidir, qəlbindəki sevgidir. Bizi birləşdirən strateji müttəfiqliyimizdir... Türkiyə və Azərbaycan dünya miqyasında nadir müttəfiqlik münasibətlərini qura bilmişlər. Biz bütün sahələrdə dost, qardaş kimi bərabər hərəkət edirik. Bundan sonra da onilliklər ərzində Türkiyə və Azərbaycan daim bir yerdə olacaqlar... Ölkələrimiz daha da sıx birləşəcək, siyasi, iqtisadi və bütün başqa sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir. Türkiyə-Azərbaycan iki qardaş xalq, iki qardaş ölkə kimi ancaq və ancaq irəliyə gedəcəkdir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR