Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə mövzu ilə bağlı məruzə edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, payız-qış mövsümündə idarə, müəssisə və təşkilatların daimi fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır. Bu məsələnin həlli üçün elektrik şəbəkəsi tərəfindən zəruri tədbirlər, yüksək və alçaqgərginlikli elektrik xətlərində və transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmalıdır. Yararsız olan avadanlıq və xətlərin vaxtında müəyyənləşdirilərək dəyişdirilməsi, qəzalı elektrik dirəklərinin yenilənməsi üçün müvafiq tədbirlər görülməlidir. Mövsümə hazırlıq üçün transformator və yarımstansiyalar texniki baxışdan keçirilməli, yaranan enerji itkisinin minimuma endirilməsi və qanunsuz istifadə hallarının qarşısının alınması üçün aidiyyəti orqanlarla birlikdə aparılan tədbirlər gücləndirilməli, smartkarttipli sayğacların quraşdırılması davam etdirilməlidir.
Diqqətə çatdırılıb ki, rayon Qaz İstismar İdarəsi tərəfindən yoxlamalar aparılmalı, müəyyənləşdirilən nasazlıqlar aradan qaldırılmalıdır.
Elektrik Şəbəkəsində və Qaz İstismar İdarəsində mövsümə hazırlığın vacib hissələrindən biri kimi lazımi avadanlıq ehtiyatı yaradılmalı, qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması diqqətdə saxlanılmalıdır.
Vurğulanıb ki, İcra Hakimiyyətinin müvafiq şöbələri Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birlikdə qazanxanaların fasiləsiz işinin təmin edilməsi üçün yerlərdə baxış keçirməli, mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməli, peşə məktəblərində bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına ciddi nəzarət olunmalıdır.
Qeyd olunub ki, Yol Təmiri və Tikintisi İdarəsi payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini təmin etmək üçün texnikaların işlək vəziyyətdə saxlanmasını, maşın və mexanizmlər üçün ehtiyat hissələrin yaradılmasını, qum tədarükünü diqqətdə saxlamalı, yaranacaq hər hansı problemin həlli üçün indidən tədbirlər müəyyənləşdirməlidir.
Müşavirədə aidiyyəti qurumların rəhbərlərinin görülmüş və görüləcək işlər barədə məlumatları dinlənilib.
* * *
Ordubad Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə qışa hazırlığın vəziyyəti müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, rayon üzrə bu ilin payız-qış mövsümündə yeni tikililərlə birlikdə 121 müasirtipli istilik sistemi fəaliyyət göstərəcək. Onlardan 82-si qazanxanatipli, 39-u isə kombitipli istilik sistemləridir. O cümlədən Kommunal Müəssisələr Kombinatı tərəfindən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunacaq. Təhsil sahəsi üzrə 31, idarə, müəssisə və təşkilatlarda 62, xidmət mərkəzlərində 19 müasir istilik sistemindən istifadə olunacaq.
Həmin istilik sistemlərinin, qızdırıcı qurğuların, qaz cihazlarının və elektrik avadanlıqlarının vəziyyəti rayon Qaz İstismar İdarəsi və Elektrik Şəbəkəsi ilə birgə yoxlanılaraq baş verən nasazlıqlar aradan qaldırılır.
Bildirilib ki, energetika sahəsində həyata keçirilən kompleks tədbirlər əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsinə və onun itkisiz olaraq yerlərə çatdırılmasına əlverişli şərait yaradıb.
Rayonun bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin olunur. Ötən müddətdə rayon ərazisindəki daşıyıcı və paylayıcı qaz xətlərində təmir-bərpa işləri aparılıb, korroziyaya uğrayan qaz boruları dəmir və polietilen borularla əvəz olunub.
Vurğulanıb ki, rayon Rabitə İdarəsi 35 ATS olmaqla, 8198 abonentə xidmət göstərir. 35 ATS-dən 7-si açıq havada, 28-i isə binalarda quraşdırılıb. Yuxarı Əndəmic və Nüsnüs kəndlərində aparılan tikinti işləri başa çatdıqdan sonra ATS-lər yeni binalara köçürüləcək. Rayon mərkəzinin Heydər Əliyev prospektində yol təmir-bərpa işləri ilə əlaqədar 1300 metr məsafədə yeni rabitə-kanalizasiya xətti çəkilib.
Mövsümlə əlaqədar akkumulyator batareyaları yenisi ilə əvəz edilib, xətt təsərrüfatında olan dayaqlara baxış keçirilib, yararsız dayaqlar yeni dəmir dayaqlarla əvəz olunub, quyularda təmir işləri aparılıb, sıradan çıxmış quyu qapaqları dəyişdirilib və çatışmazlıqlar aradan qaldırılıb. Dağlıq ərazilərdə yerləşən avtomobil yolları uçqunlardan təmizlənib və hamarlanıb. Yollardakı bütün su keçidləri təmizlənib, Sabirkənddə yerləşən 1 ədəd qəzalı vəziyyətdə olan körpü təmir edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.
* * *
Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün rayon Elektrik Şəbəkəsi elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməlidir. Elektrik enerjisindən qanunsuz istifadə hallarına qarşı tədbirləri davam etdirməli, qəza-bərpa briqadalarının komplektləşdirilməsi işi yekunlaşdırılmalıdır. İstehlak olunmuş elektrik enerjisi haqlarının vaxtında yığılmasına nəzarət gücləndirilməlidir.
Vurğulanıb ki, bütün yaşayış məntəqələrində hazırlıq işləri görülməli, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin edilməli, qənaət rejimində fəaliyyətinə nəzarət olunmalıdır. Eyni zamanda ictimai yaşayış binalarında mövsümə uyğun tədbirlər aparılmalı, kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir.
İcra başçısı bildirib ki, mövsüm ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyəti təmin olunmalı, Təhsil Şöbəsi tədris prosesi başladığı dövrdən etibarən ümumtəhsil məktəblərində əsas diqqəti dərslərin davamlılığına, eləcə də mövcud vəziyyətə uyğun olaraq müəllim və şagirdlərin sağlamlığının qorunmasına yönəltməli, qazanxanalar işlək vəziyyətə gətirilməli, peşə kursu keçmiş və sertifikat almış ocaqçılar işə götürülməlidir. Rayon Mərkəzi Xəstəxanası tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Mədəniyyət və idman müəssisələrinin davamlı fəaliyyəti diqqətdə saxlanmalı, Mədəniyyət Şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən hazırlıq işləri görülməli, çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır.
Bununla yanaşı, rayon Yol Təmir İstismar İdarəsi avtomobil yollarında tələb olunan təmir-tikinti işlərini aparmalı, qış aylarında yolların qardan və buzdan vaxtında təmizlənməsi məqsədilə mövcud texnikalar saz vəziyyətə gətirilməli və onlar üçün zəruri ehtiyat hissələri yaradılmalı, qum ehtiyatı tədarük etməlidir.
Diqqətə çatdırılıb ki, rayon İcra Hakimiyyəti 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqların icrasını diqqətdə saxlamalı, mövsüm ərzində bu məsələ ilə bağlı daxil olan müraciətlər, eləcə də ərizə və şikayətlər dərhal araşdırılmalı və aidiyyəti üzrə məlumat verilməli, problemlər qısa müddətdə aradan qaldırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Dövlət Baytarlıq Xidmətində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib. İclası xidmətin rəisi Vəli Novruzov açıb.
Bildirilib ki, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar mal-qaranın saxlanıldığı tövlələrdə, yataq yerlərində baytar-sanitariya işinin əsas göstəricilərindən hesab olunan dezinfeksiya, dezinseksiya tədbirlərinin vaxtında həyata keçirilməsi öncədən bütün növ xəstəliklərin yayılmasının qarşısını alır. Bunlarla yanaşı, tələbata uyğun yem bazasının toplanması, tədarük olunmuş yemin açıq havada saxlanılmaması, yağış və qar suyundan xarab olmasının qarşısının alınması üçün qapalı yerlərdə və ya polietilen vasitəsilə mühafizəsi, heyvanların yaxşı yemləndirilməsi üçün yemlərin əvvəlcədən doğranması sahibkarlara tövsiyə olunmalıdır.
Qeyd olunub ki, payız-qış aylarında ev quşlarının sağlamlığının qorunması məqsədilə peyvəndləmə tədbirləri aparılmaqla yanaşı, sahibkarlara quş damlarının vaxtlı-vaxtında təmizlənməsi, dezinfeksiya, dezinseksiya işlərinin həyata keçirilməsi, həmin yerlərin havalandırılması, temperaturunun və rütubətin nizamlanması, işıqlandırılmasının vacibliyi çatdırılmalı, bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdirilməlidir. Eyni zamanda arıçılıq sahəsi üzrə məhsuldarlığın artırılması, arı ailələrinin xəstəliklərdən qorunması və qışlamadan sağlam çıxmaları bilavasitə arı pətəklərinin payız-qış mövsümünə yaxşı hazırlanmasından asılıdır. Bu baxımdan sahibkarlara arıların kifayət qədər keyfiyyətli yem ehtiyatı ilə təmin olunması, qışlama dövrü açıq havada saxlanılan arı pətəklərinin külək tutmayan yerlərə qoyulması, qışlama binalarının təmir edilməsi, arı dərmanlarının parazitlərə və infeksiyalara qarşı işlədilmə qaydaları izah etdirilməlidir.
Diqqətə çatdırılıb ki, baş verə biləcəyi ehtimal olunan xəstəliklərin qarşısının alınması məqsədilə Zoobaytar Təchizatı İdarəsinin anbarlarında ehtiyat vaksin və biopreparatlar, o cümlədən litrformalin dezinfeksiya maddəsi və digər vasitələr təyinatı üzrə istifadə olunması məqsədilə saxlanılır. Əlavə olaraq yeni vaksin və biopreparatların gətirilməsi də nəzərdə tutulmuşdur.
İclas məruzə ətrafında çıxışlarla davam etdirilib.
Xəbərlər şöbəsi