Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlərə start verilib.
Bununla bağlı keçirilən tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd ödəniş tapşırıqları sənədləri bölməsinin iş prinsipinin izahı və sistemdə olan yeniliklərin iştirakçılara öyrədilməsindən ibarətdir.
Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədovun təqdimatında iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Təlimdə Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Vüsal Əsədov və Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev iştirakçılara sistemlə bağlı tövsiyələrini veriblər.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2 saat ərzində davam edən təlimdə büdcədən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssis iştirak edib. Növbəti günlərdə təlimin digər qruplar üçün davam etdirilməsi nəzərdə tutulur.
Güntac ŞAHMƏMMƏDLİ