Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirəni nazir, general-leytenant Şamı Abdullayev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə nazirliyin qarşısına mövsümi qazanxana işçilərinin əvvəlcədən təlimatlandırılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi, standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması, habelə yaşayış məntəqələrində təbii qazdan təhlükəsiz istifadə ilə əlaqədar işlərin görülməsi və xüsusi təhlükəli obyektlərdə reydlərin keçirilməsi ilə bağlı tapşırıqlar qoyulmuşdur.
Nazir qeyd edib ki, hesabat dövründə 769 qаzаnхаnаyа baxış olub, yanğın və texniki təhlükəsizlik tədbirləri görülüb, mövsümi qazanxana işçiləri attestasiyadan keçirilib, 79 nəfər peşə məktəblərində qazanxana maşinisti ixtisası üzrə kurslara cəlb edilib. 90 ticarət obyektində yoxlamalar keçirilərək standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması təmin olunub.
Bildirilib ki, cari ilin müvafiq dövründə 1318 obyektdə yanğın-texniki müayinələr keçirilib, 4 min 819 nəfər yanğına qarşı təlimatlandırılıb. Apаrılmış prоfilаktik tədbirlər nəticəsində 310 ədəd əlavə çəkilmiş elektrik xətti, qeyri-standart elektrik qızdırıcıları və yanğın cəhətdən təhlükəli olan elektrik sahələri qadağan edilib, 692 şlanqla çəkilmiş qaz xətti və qeyri-standart qaz sobalarının istismarı dayandırılıb. Hamam-vanna otağında quraşdırılmış qazla işləyən 73 suqızdırıcının və yаnğın cəhətdən təhlükəli yеrə yığılmış 28 оt-sаmаn tаyаsının yеri dəyişdirilib.
Muxtar respublika ərazisində təmir olunmuş və təmir işləri davam etdirilən 11 ictimai yaşayış binasına məxsus 343 tüstü bacası təmizlənib, 73 ictimai yaşayış binasında 643 ümumi tüstü bacasının ətrafının metal torla bağlanması təmin olunub. Fövqəladə hallarda fəaliyyəti zəruri olan 120 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılıb, Naxçıvan Günəş Elektrik Stansiyasının perimetri boyunca 7,5 kilometr uzunluğunda torpaq yollar çəkilərək minerallaşdırılmış zolaqlar yaradılıb, Kəngərli Günəş Elektrik Stansiyasında yanğın təhlükəsizliyi etibarlı şəkildə təmin edilib.
Muxtar respublikanın yanğın təhlükəli 13 obyektində yaradılmış könüllü yanğın komandalarının hazırlığına və yanğın avtomobillərinin sazlığına nəzarət edilib, Culfa yanğın qatarı ilə yanğın-taktiki məşğələ keçirilib.
Aparılan profilaktik tədbirlər nəticəsində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalıb.
Nazir, həmçinin qeyd edib ki, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması və texniki qarajının tikintisi başa çatmaq üzrədir. Şöbənin ən müasir yanğın avtomobilləri, yanğın texniki avadanlıqlar, əşya-əmlaklarla təminat məsələləri öz həllini tapıb. Nazirliyin struktur qurumlarında kiçik təmir işləri aparılıb, Mülki müdafiə alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtkü materialları ehtiyatı, habelə yanğınsöndürmə avtomobillərində və anbarlarda 20 min 820 litr köpükəmələgətirən maye ehtiyatı yaradılıb.
Məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən müşavirəni nazir Natəvan Qədimova açıb. Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyində 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 2 respublika əhəmiyyətli kitabxana, 1 musiqi kolleci, 30 muzey və muzeytipli müəssisə, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 400-dən çox klub, mədəniyyət evi, kitabxana və kitabxana filialları, mədəni-maarif müəssisələri və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələrinin payız-qış mövsümünə lazımi səviyyədə hazırlığı daim diqqət mərkəzindədir.
Məlumat verilib ki, nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlardan 1-i ümumiləşdirilmiş havalandırma sistemi, 66-sı qazanxana və kombitipli sistemlə, 340-ı ümumi istilik sistemi ilə, 50-si dizel yanacağı, 2-si maye qaz, 6-sı isə təbii qazla qızdırılır. Hazırda 12 mədəniyyət müəssisəsində tikinti işləri aparılır. Vurğulanıb ki, müəssisə rəhbərləri kitabxana, klub müəssisələri təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xüsusilə mövcud vəziyyətlə əlaqədar tibb-sanitariya işi diqqətdə saxlanılmalı, müəssisələrdə elektrik enerjisindən qanunsuz istifadəyə yol verilməməlidir. Müəssisə rəhbərləri elektrik sayğacı olmayan obyektlərdə sayğac quraşdırılması məsələsini indidən həll etməli, müvafiq orqanlar tərəfindən keçirilən reydlər zamanı belə nöqsanlara rast gəlinməməlidir. Mədəniyyət müəssisələrində payız-qış mövsümünə hazırlıqla bağlı məsul şəxslər oktyabr ayının 15-dək nazirliyə yazılı məlumat verməlidirlər.
Payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin birbaşa məsuliyyət daşıdığını vurğulayan Natəvan Qədimova bildirib ki, nazirliyin strukturuna aid olan müəssisələrdə, şəhər (rayon) mədəniyyət şöbələrində və tabeliyində olan müəssisələrdə istilik sistemlərinin və elektrik naqillərinin vəziyyəti əvvəlcədən yoxlanılmalı, nasazlıqlar aradan qaldırılmalıdır. Mədəniyyət müəssisələrində təhlükəsizlik qaydalarına əməl edilməsi üçün müvafiq tədbirlər görülməli, qazanxana işçilərinin peşə təhsilinə diqqət yetirilməli, onların qış geyimləri ilə təmin olunması, mədəniyyət müəssisələrində dizel yanacağı, maye qaz, neft, şüşə, şifer, soba, polietilen və başqa mal-materialların alınaraq düzgün bölünməsi və paylanması, lazımi yerlərə çatdırılmasının təmin edilməsi diqqətdə saxlanılmalıdır.
Diqqətə çatdırılıb ki, ötən payız-qış mövsümü ərzində mədəniyyət müəssisələrində heç bir fövqəladə hal baş verməmiş, fasiləsiz iş rejimi təmin edilmiş, qarşıya çıxan problemlər isə vaxtında aradan qaldırılmışdır. Növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar işlər düzgün qurulmalı, bütün imkanlardan səmərəli istifadə olunmaqla mədəniyyət müəssisələrində fasiləsiz iş rejimi təmin edilməlidir.
Sonda məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi