25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrin seçilməsi və Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun Federasiyanın tərkibinə daxil edilməsi məsələlərinə baxılması nəzərdə tutulmuşdur.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.
Diqqətə çatdırılıb ki, Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il 1 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə aid təşkilatlara konkret tapşırıqlar verib, 2020-ci il 14 fevral tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib. Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman obyektləri və zallarında idmançıların mövcud idman qurğu və zallardan istifadələrinə, həmçinin imkansız ailələrdən olan yeniyetmə və gənclərin ödənişsiz şəkildə idmanla məşğul olmalarına şərait yaradılıb, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanılıb, onların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi planlaşdırılıb. Nazir muxtar respublikada yaradılan müasir idman infrastrukturundan da danışıb.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxışında vurğulayıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində yüngül atletika ilə məşğul olanların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Federasiya yarandığı gündən öz işini günün tələblərinə uyğun quraraq bir çox istedadlı gənc idmançı üzə çıxarıb. Lakin buna baxmayaraq nöqsanlar da çoxdur. Belə ki, federasiya yaradılan şəraitdən düzgün yararlanmayıb, təcrübəli məşqçilər dəvət olunmayıb, muxtar respublikada ölkə və beynəlxalq səviyyəli yarışlar təşkil edilməyib.
Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada ayrı-ayrı idman növləri üzrə 12 federasiya, o cümlədən 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası yaradılıb. Uşaq, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Buna baxmayaraq, federasiya işini günün tələblərinə uyğun qurmağı, yaradılan şəraitdən, infrastrukturdan düzgün istifadə etməyi bacarmayıb. Yüngül Atletika Federasiyası Ali Məclis Sədrinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyib, yaxşı idmançılar olmasına baxmayaraq, onların məşq etməsinə şərait yaradılmayıb, idmançılar Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxış etməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub.
Azad Cabbarov Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədovun Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.
Təklif yekdilliklə qəbul olunub və Rəhman Məmmədov federasiyasının sədri seçilib.
Yeni təyin olunan federasiya sədri çıxışında qeyd edib ki, uşaq və gənclərin sağlamlığına göstərilən qayğının bariz nümunəsidir ki, muxtar respublikamızda idman kompleksləri, Uşaq-Gənclər Şahmat və İdman məktəbləri fəaliyyət göstərir. Bununla yanaşı, ümumtəhsil məktəblərində ən müasir tələblərə cavab verən idman zalları və açıq idman qurğuları istifadəyə verilib. Yaradılan müasir şərait uşaq və gənclərin sağlamlığının qorunmasına, onlarda fiziki sağlam həyat tərzinin formalaşdırılmasına geniş imkanlar açır. Bütün bunlardan səmərəli istifadəni təmin etmək, uşaq və gənclərin müxtəlif idman növləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, istedadları aşkarlamaq, idmanın kütləviliyini təmin etmək məqsədilə muxtar respublikada idman federasiyaları da fəaliyyət göstərir. Bu federasiyalardan biri də Atletika Federasiyasıdır.
Rəhman Məmmədov vurğulayıb ki, muxtar respublikada bu federasiyanın əhatə etdiyi idman növlərinin inkişafı üçün zəruri baza vardır. Mövcud şəraitdən səmərəli istifadə edilərək federasiyanın əhatə etdiyi idman növləri üzrə kütləviliyə nail olunacaq, idmançıların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin ediləcəkdir.
Çıxışlardan sonra federasiyanın Nizamnaməsindəki dəyişiklik “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi səsə qoyularaq yekdilliklə qəbul olunub.
Gündəlikdə duran məsələlərlə əlaqədar qərar layihəsi oxunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov yekunda yığıncaq iştirakçıları adından idmanın inkişafına yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, Rəhman Məmmədovu Atletika Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR