25 Dekabr 2024, Çərşənbə

Ordu quruculuğu inkişaf edən hər bir ölkə üçün davamlı prosesdir. Çünki hərbi sahədə təchizat və təminatın yenilənməyə, heyətin yeni bilik və bacarıqlara ehtiyacı daimi olduğu üçün bu tələbatın ödənilməsi də davamlı xarakter daşıyır. Bu mənada, son günlərin ən çox müzakirə olunan mövzularından biri – Naxçıvanda, həm də ölkəmizin digər regionlarında keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri böyük əhəmiyyət kəsb edir. 

 

Qeyd etmək lazımdır ki, böyük Türk dünyasının qapısı sayılan Naxçıvanın milli təhlükəsizliyi təkcə Azərbaycanın deyil, ümumilikdə, regionun təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. İki əsrə yaxındır, mənfur ermənilərin əsassız ərazi iddiaları ilə üz-üzə qalan, Azərbaycanın qədim torpağı Zəngəzurun Ermənistana verilməsi ilə ana Vətəndən ayrı düşmüş, əslində, elə o zamandan da blokada vəziyyətinə salınmış Naxçıvan həmişə ermənilərə gözdağı olmuşdur. Zaman-zaman açıq və ya üstüörtülü şəkildə öz iddialarından əl çəkməyən ermənilər bu qədim Azərbaycan diyarını birinci fürsətdə işğal etməyi planlaşdırmışlar. Bu baxımdan muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsdiqlənən Naxçıvanın həm hərbi, həm də milli təhlükəsizliyinin qorunması (milli təhlükəsizlik hərbi təhlükəsizlikdən daha geniş anlayışdır) müstəqilliyimizin bərpasından sonrakı dövrdə dövlətimizin xüsusi diqqət ayırdığı ən mühüm istiqamətlərdən olmuşdur. Daha da dəqiqləşdirsək, xalqımızın ümummilli lideri Heydər Əliyev həm 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi zaman, həm də Azərbaycanın rəhbəri kimi sonrakı dövrdə muxtar respublikanın hərtərəfli inkişafı, müdafiəsi, xarici əlaqələrinin genişləndirilməsi sahəsində mühüm işlər görərək Naxçıvan məsələsini daim ön planda saxlamışdır. Ulu öndərin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən dövrdə muxtar respublikanın hərtərəfli inkişafına böyük dəstəyi həm də Naxçıvanın müdafiə təhlükəsizliyinin etibarlı təmin olunmasına öz töhfəsini verib. Belə ki, ölkə başçısının Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə bağlı qərarı milli dövlətçilik konsepsiyamızda Naxçıvanın necə mühüm bir strateji yerə sahib olmasını göstərir.
Xatırladaq ki, Əlahiddə Ümumqoşun Ordu yarandığı dövrdən bu günədək ordu quruculuğu prosesində hər bir mərhələni addım-addım keçib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün lazımi addımlar atılıb, buradakı bütün qoşun növlərinin döyüş arsenalı müasir hərb sənayesinin texniki vasitələri ilə təkmilləşdirilib, hərbi obyektlərdə kompleks şəkildə tikinti-quruculuq tədbirləri aparılıb. Hazırda da bu işlər davam etdirilir. Elə ötən ayın sonlarında muxtar respublikanın hərbi infrastrukturunun yenilənməsi işlərinin daha keyfiyyətli aparılması məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilərək Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. Müasir dizayn və texnologiyalı bu maşınlar orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan verəcək. Bundan əlavə, hamımıza məlumdur ki, hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən son illərdə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu ilə Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri keçirilib. Bu təlimlər hər iki tərəfin müvafiq bilik və təcrübələrə yiyələnməsinə, praktik vərdişləri bölüşməsinə şərait yaradıb. Müvafiq plana uyğun olaraq keçirilən son təlimlər isə miqyasına görə əvvəlkilərdən xeyli fərqlənir. Belə ki, budəfəki təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Muxtar respublikada bu təlimlərə hazırlıq çərçivəsində əvvəlcə Araz çayı üzərindəki “Ümid” körpüsündə iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, sonra isə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları muxtar respublika ərazisinə daxil olub. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində yerləşən türk hərbçiləri sonrakı günlərdə ordumuzun şəxsi heyəti ilə müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak edirlər.
Təbii ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Naxçıvanda bu cür böyük bir təlimin keçirilməsi Ermənistanı yenidən qorxuya salıb. Çünki təlimdən əvvəl məlum Tovuz hadisələri Azərbaycan Ordusuna ermənilərə gücünü göstərməyə bir daha imkan verdi. Azərbaycanın strateji infrastruktur xətlərini dağıtmaq istəyən düşmənə ordumuz tərəfindən elə bir cavab verildi ki, qısa müddətdə düşmənin yüzə yaxın canlı qüvvəsi, müxtəlif zirehli texnikaları, həmçinin mühüm komanda məntəqələri məhv edildi. Həmin vaxt Naxçıvan istiqamətində də təxribata əl atmaq istəyən ermənilər Əlahiddə Ümumqoşun Ordudan cavablarını layiqincə aldılar. Bu gün ermənilər Naxçıvanda, eləcə də ölkəmizin digər regionlarında Türkiyə Silahlı Qüvvələri ilə keçirilən təlimləri təlaş və əndişə ilə izləməyə məcburdurlar. Əslində, bu narahatlıq üçün səbəblər də az deyil. Məsələn, hər şeydən əvvəl, Türkiyə ordusunun tərkibində yalnız quru qoşunları deyil, aviasiya, artilleriya və digər qoşun növlərinin də olduğu böyük bir qüvvə ilə Azərbaycana gəlməsi qardaş ölkənin bu tədbirə çox ciddi yanaşdığını göstərir. Digər tərəfdən budəfəki təlim miqyasına və gün sayına görə əvvəlkilərdən fərqlənir. Həm də təlimlərin keçirildiyi ərazilər bu dəfə miqyasına görə daha böyükdür. Bütün bunlarla yanaşı, məlum Tovuz hadisələrindən sonraya təsadüf edən təlimlər ərəfəsində türkiyəli rəsmilərin bütün sahələrdə Azərbaycanın yanında olmaları haqqında bəyanatları da səbəbsiz deyil.
Bəli, Türkiyə-Azərbaycan təlimləri son günlər bir çox dünya ölkələrinin mətbuatında ən çox müzakirə olunan, haqqında danışılan mövzulardandır. Böyük ruh yüksəkliyi ilə keçirilən təlimlər Azərbaycan və Türkiyə ordularının gücünü bir daha nümayiş etdirir.
Avqustun 13-də Türkiyə-Azərbaycan quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi. Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izlədilər. Həmçinin həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Söhbət zamanı dövlət başçısı bunları dedi: “Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Təbii ki, hər bir təlim öyrətməklə bərabər, müəyyən hərbi-siyasi məqsəd də daşıyır. Bu təlim Azərbaycan-Türkiyə qardaşlığını bir daha ortaya qoymaqla yanaşı, ölkəmizin, həmçinin Naxçıvanın təhlükəsizliyinin etibarlı əllərdə olduğunu da göstərir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR