Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş kollegiya iclasını da xidmətin rəisi Namiq Paşayev məruzə edib.
Bildirilib ki, 2020-ci ilin birinci yarısında muxtar respublikanın elektrik şəbəkələrinə 208,3 milyon kilovat-saat elektrik enerjisi daxil olub ki, bunun 15,1 milyon kilovat-saatı İran İslam Respublikasından alınıb, 36,9 milyon kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 34 milyon kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 22,8 milyon kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 0,9 milyon kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 73,9 milyon kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 19,7 milyon kiovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında, 0,2 milyon kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 4,7 milyon kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında istehsal edilib. Cari ilin ötən altı ayı ərzində İran İslam Respublikasına 15,5 milyon kilovat-saat elektrik enerjisi verilib.
Bəhs olunan dövrdə elektrik stansiyalarında 193,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu enerjinin 99,4 milyon kilovat-saatı və ya 51,5 faizi su elektrik stansiyalarında, 74,1 milyon kilovat-saatı və ya 38,30 faizi istilik elektrik stansiyalarında, 19,7 milyon kilovat-saatı və ya 10,2 faizi Günəş Elektrik Stansiyasında istehsal edilib. 2020-ci ilin ilk altı ayı ərzində alternativ və bərpa olunan enerji mənbələrində 119,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, sistemə ötürülən ümumi enerjinin 61,66 faizini təşkil edir.
Qeyd olunub ki, hazırda muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi davam etdirilir, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasında tikinti işlərinə başlanılıb.
Vurğulanıb ki, Naxçıvan, Babək və Şərur şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 25 min 578 ədəd olub. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı cari il iyulun 1-dək 94 min 491 ədəd təşkil edib. Həmçinin ilin birinci yarısında Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisi ixtisasını bitirən 5 məzun Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin müxtəlif struktur bölmələrində daimi işlə, 14 nəfər 3-cü kurs tələbəsi isə praktik təcrübə məşğələləri çərçivəsində 2 aylıq müvəqqəti işlə təmin olunublar.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
AMEA Naxçıvan Bölməsinin ümumi yığıncağı nı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Bölməsinin əməkdaşlarının da qarşısında mühüm vəzifələr qoyulduğunu deyib.
Bildirilib ki, hesabat dövründə Bölmənin Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 58 qərarı, 4 sərəncamı qəbul edilib. Tədqiqat dövründə bölmə əməkdaşlarının, ümumilikdə, 360 elmi əsəri çap olunub, bir xəritə tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 52 məqalə, 47 konfrans materialı xaricdə işıq üzü görüb. 213-ü beynəlxalq nüfuzlu elmi jurnallarda, 3-ü “Clarivate Analytics”də (“Thomson Reuters”), 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb. Bəhs olunan dövrdə 2 seriya üzrə “Elmi əsərlər” jurnalının iki, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, ikinci nömrəsi isə çapa hazırlanıb. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir. Hesabat dövründə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub. Bölmə əməkdaşları respublika və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər.
Diqqətə çatdırılıb ki, cari ilin ilk yarımilində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri təşkil edilib. Akademik istehsal yönümlü tədqiqatlar və onların nəticəsindən də danışaraq bildirib ki, bölmə əməkdaşları tərəfindən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər isə davam etdirilir. Həmçinin bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadratkilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Bu istiqamətdə işlər davam etdirilir.
Tədbirdə çoxillik səmərəli elmi fəaliyyətlərinə və 70 illik yubileylərinə görə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov bölmənin Fəxri Fərmanı ilə təltif ediliblər.
Sonda bölmənin elmi-tədqiqat müəssisələrinin direktorları ilə bir sıra cari məsələlər müzakirə olunub.
* * *
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən iclası giriş sözü ilə idarənin rəisi Hafiz İsmayılbəyli açıb.
Bildirilib ki, cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası büdcəsinə kənar dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində 5 müəssisə, idarə və təşkilat üzrə tədbirlərini planlaşdırılması, proqram, işçi planları hazırlanaraq maliyyə və uyğunluq auditləri həyata keçirilib. Eyni zamanda dövr ərzində 3 müəssisə, idarə və təşkilat üzrə analitik təhlil aparılıb və nəticələri müvafiq qaydada rəsmiləşdirilib.
Vurğulanıb ki, 2020-ci ilin birinci yarısında həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, ümumilikdə, 13818,5 min manat məbləğində vəsaiti əhatə etməklə, 7426,4 min manatı aparılmış analitik təhlilin, 6392,1 min manatı isə keçirilmiş auditlərin payına düşüb.
Diqqətə çatdırılıb ki, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin məqsədi büdcə və büdcədənkənar vəsaitlərin səmərəli və mövcud qanunvericilik çərçivəsində istifadəsini təmin etməkdir. İdarə tərəfindən audit subyektlərinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin təftişinin aparılması ilə yanaşı, təşkilatlara həmin vəsaitlərin daha da səmərəli xərclənməsi istiqamətində lazımi təlim-tövsiyələr verilib.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub göndərilib.
İdarə rəisi bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası büdcəsinə kənar dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində 11 müəssisə, idarə və təşkilat üzrə audit tədbirlərin təşkili, eyni zamanda 9 müəssisə, idarə və təşkilat üzrə analitik təhlillər aparılması planlaşdırılıb. Cari ilin ikinci yarısında iş planında nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görülüb.
İclas məruzə ətrafında çıxışlarla davam etdrilirib.
Xəbərlər şöbəsi