“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, cari ilin birinci yarısında 1211 nəfər iqtisadiyyatın müxtəlif sahələrində daimi işə göndərilib.
Həmçinin “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olmaqla, sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib.
Müvafiq dövr ərzində muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, sosial qayğıya ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəldilib, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Xüsusi karantin rejimi dövründə muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub, tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payları verilib, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə ərzaq payları və maddi yardım təqdim olunub. Bununla yanaşı, pandemiya əleyhinə qabaqlayıcı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 9 min 116 vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəmə təyin edilib.
2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti uzadılıb və karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən müvafiq kateqoriyalı 22 nəfərə minik avtomobili, 2-si şəhid ailəsi olmaqla, 7 ailəyə isə mənzillər təqdim olunub.