Dünən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda “Naxçıvan könüllüləri” vebsaytının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi nəticəsində bir çox gənc yeni həyat tərzi, yeni stimul və yeni mənəvi dəyərlər qazanıb. Muxtar respublikada da son illər könüllülük fəaliyyətləri geniş vüsət alıb, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanıb. Gənclər Fondu da Naxçıvan gənclərinin könüllülük prinsipləri ətrafında birləşməsi üçün 2018-ci ildən fəaliyyət istiqamətində müəyyən dəyişikliklər edib, müxtəlif dövlət qurumları ilə birgə 4 könüllülük platforması yaradıb.
Qeyd olunub ki, təqdimatı keçirilən www.naxkonulluleri.nmr.az saytının fəaliyyəti könüllülük hərəkatına yeni təkan verəcək. Saytın yaradılmasında məqsəd könüllülük hərəkatının gənclər arasında geniş təbliği, bütün könüllü təşkilatların həyata keçirəcəyi tədbirlər haqqında məlumatların operativ çatdırılmasıdır.
Cəbi Quliyev çıxışının sonunda gənclərin, eləcə də könüllülərin fəaliyyəti üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Könüllülər adından Şövkət Kərimli çıxış edərək bir gənc kimi bilik və bacarıqlarının artırılmasında, dünyagörüşünün formalaşmasında, fərdi inkişafında könüllülüyün rolundan danışıb, muxtar respublikada gənclərə göstərilən qayğıya görə minnətdarlıq edib.
Sonra Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov saytın təqdimatını edib. Bildirib ki, dizayn, quruluş və məzmun baxımından yüksək tələblərə cavab verən www.naxkonulluleri.nmr.az saytı vasitəsilə könüllülük fəaliyyətinin ayrı-ayrı istiqamətləri, bu sahədə olan yeniliklər, həyata keçirilən tədbirlər daha dolğun və operativ şəkildə könüllü gənclərə, eləcə də ictimaiyyətə çatdırılacaqdır. Sayt, ümumilikdə, 6 bölmə, 21 altbölmədən ibarətdir. Burada həm könüllülər və könüllü fəaliyyət həyata keçirən təşkilatlar, həm də işəgötürənlər üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin saytda rəsmi sənədlər, könüllülük və könüllülər haqqında məlumatlar, könüllü olmaq üçün təşkilatların tələbləri, İdeya və İnkişaf Mərkəzinə layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri yerləşdirilib. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün “Axtarış” bölməsi, həmçinin “Sertifikatını yoxla”, “Ayın könüllüsü”, “Təqvim”, “Layihələr” bölmələri yaradılıb və sosial şəbəkə səhifələrinə asan keçidlər verilib. Bundan əlavə, “Könüllü ol!” bölməsi vasitəsilə gənclər istədikləri quruma könüllü olmaq üçün müraciət edə biləcəklər. Ana səhifədə aktiv könüllü və aktiv layihə sayı ilə, eləcə də burada yaradılmış “Giriş” bölməsi vasitəsilə müvafiq istiqamətdə keçirilən bütün tədbirlərlə, yeni könüllü istəkləri ilə tanış ola biləcəklər. Könüllülərin müraciətlərinin onlayn təşkili məqsədilə “Elektron müraciət” bölməsi yaradılıb, “Aktual keçidlər” bölməsində isə nazirlik, komitə, idarə və təşkilatların, həmçinin muzeylərin internet saytlarına keçidlər slayd şəklində yerləşdirilib. Saytın aşağı hissəsində muxtar respublikamızın inkişafını və turizm potensialını əks etdirən materiallar, eləcə də tarixi abidələrini fotoşəkilləri slaydlarla təqdim olunur.
Tədbirin sonunda Naxçıvan könüllülərinin fəaliyyətini əks etdirən videoçarxa baxış olub.
Xəbərlər şöbəsi