25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş iclası nazir Nicat Babayev açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikanın əmək bazarı müntəzəm təhlil olunur, nəticələrə əsaslanaraq müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil edilir, əmək yarmarkaları keçirilir. Cari ilin birinci yarısında proqramın icrası ilə bağlı tədbirlər davam etdirilib, 1211 nəfər iqtisadiyyatın müxtəlif sahələrində daimi işə göndərilib. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial­-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olmaqla, sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib.

Qeyd olunub ki, müvafiq dövr ərzində muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, sosial qayğıya ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəldilib, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Diqqətə çatdırılıb ki, xüsusi karantin rejimi dövründə muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub, tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payları verilib, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə ərzaq payları və maddi yardım təqdim olunub. Bununla yanaşı, pandemiya əleyhinə qabaqlayıcı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 9116 vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəmə təyin edilib.
Vurğulanıb ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti uzadılıb və karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən müvafiq kateqoriyalı 22 nəfərə minik avtomobili, 2-si şəhid ailəsi olmaqla, 7 ailə­yə isə mənzillər təqdim olunub.
Sonda məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında nazir Azad Cabbarov bildirib ki, dövlət gənclər və idman siyasəti Ali Məclis Sədrinin rəhbərliyi altında uğurla həyata keçirilir. 2020-ci ilin I yarımili ərzində nazirlik tərəfindən, ümumilikdə, 181 tədbir reallaşdırılıb. Yeniyetmə və gənc­lər arasında “Xəmsə”, “İntellektual oyunlar olimpiadası”, “Peloton”, “Kim? Nə? Hara?”, “Axtar tap” və “Vətəni tanı” intellektual oyunları keçirilib. Bakı şəhərində universitet tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə III Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən “Diplomat” komandasının iştirakı təmin edilib, ötən dövr ərzində fəaliyyətləri ilə fərqlənən gənclər mükafatlandırılıb, tələbələr üçün Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbləri” təşkil olunub, Naxçıvan şəhərindəki Sahil Parkında gənclər arasında “İncəsənət döyüşü” adlı rəsm müsabiqəsi keçirilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikadakı yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması məqsədilə yeni startap layihəsi olan “Yaradıcı Gənclər Akademiyası”na start verilib, diyarımızın turizm imkanlarının tanıdılması məqsədilə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası, həmçinin gənclər arasında “Qış möcüzəsi” adlı fotomüsabiqə təşkil edilib.
Vurğulanıb ki, hesabat dövründə nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında güləş, voleybol və basketbol üzrə birinciliklər və yoldaşlıq görüşləri, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası idmançılarının Haçadağa yürüşü, Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində muxtar respublikada ilk dəfə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” təşkil olunub.
Müxtəlif idman növləri üzrə muxtar respublika birincilikləri haqqında ətraflı məlumat verən nazir qeyd edib ki, hakimlər üçün təlim-məşq toplanışları, seminarlar təşkil olunub, Naxçıvan şəhərindəki Sahil Parkında iki idman meydançası yaradılıb və müxtəlif idman avadanlıqları ilə təmin olunub. Parkda tennis idman növü ilə məşğul olmaq üçün tennis kortu inşa edilib, 4 ədəd stolüstü tennis masası və velosiped zolağı, Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası inşa edilərək istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, 2020-ci ilin I yarımilində idmançılarımız Azərbaycan birincilikləri və bir sıra beynəlxalq turnirlərdə iştirak ediblər. Ölkə birinciliklərində 21, beynəlxalq turnirlərdə 17 medal olmaqla, ümumilikdə, 38 medal qazanılıb, 1 nəfər idmançının adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib.
Sonra nazirlik əməkdaşlarının 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı çıxışları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR