Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi və onların arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinin də olması dövlətimizin mətbuat sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Qədim diyarda fəaliyyət göstərən jurnalistlər dövlətimizin başçısının göstərdiyi böyük diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirirlər.
Muxtar respublikanın Ordubad rayonunda işıq üzü görən “El həyatı” qəzetinin redaktor əvəzi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Abbas Seyid deyib ki, mətbuatdakı fəaliyyəti həm Sovetlər Birliyi vaxtına, həm səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindəki anarxiya dövrünə, həm də inkişaf, tərəqqi və firavanlıq illərinə təsadüf edib. Son 25 il ərzində muxtar respublikada kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğını görmək çox sevindiricidir. Mətbuata, qələm sahiblərinə yaradılan hərtərəfli şərait, onların əməkhaqlarının bir neçə dəfə artırılması, ən əsası isə jurnalistlərə göstərilən qayğı yüksək dərəcədədir. Muxtar respublikanın bugünkü inkişafı hər bir jurnalist üçün ilham mənbəyidir. Bu mənbə həyatımızın bütün sahələrindədir. Jurnalistlərin üzərinə düşən vəzifə isə qələmi əlinə alıb bu günün salnaməsini yaradaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir”. Qədim diyarımızda həyata keçirilən abadlıq və quruculuq işləri, tariximizə, mədəniyyətimizə, sadə əmək adamlarına göstərilən hərtərəfli diqqət və qayğı bu günün tarixini qələmə alan jurnalistlər üçün ən dəyərli mövzulardır.
Abbas Seyid deyib: “Layiq görüldüyüm yüksək ad məsuliyyətimi daha da artırıb. Bu mənə göstərilən ən böyük qayğıdır. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə və Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimada bundan sonrakı fəaliyyətimdə də əməli işimlə cavab vermək üçün daha səylə çalışacağam”.
Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi məsələlər redaksiyasının redaktoru Elnarə Heydərova “Nuhçıxan Naxçıvan”, “Ailə təsərrüfatları”, “Günün tələbi” və bir çox verilişin müəllifidir. O da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. O, Ali Diplomatiya Kollecinin Beynəlxalq jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirən Elnarə Heydərova 19 il Naxçıvan Dövlət Televiziyasının Xəbərlər redaksiyasında işləyib. 5 ildir ki, İctimai-siyasi məsələlər redaksiyasında fəaliyyətini davam etdirir. Jurnalistlik peşəsini muxtar respublikanın tanınmış jurnalistləri Adil Babayev, Afiq Haqverdiyev, Aydın Tarverdiyev, Nurəddin Babayev kimi peşəkarlardan mənimsəyib. Onlardan öyrəndikləri hər addımbaşı köməyinə çatıb.
Elnarə Heydərova bildirib ki, bu gün Naxçıvanda biz media nümayəndələrinin işləməsi üçün hər cür şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə edən fədakar jurnalistlərin əməyi həmişə dövlətimiz tərəfindən qiymətləndirilir. Onlardan biri ola bilmək isə hamımızın arzusudur. Bu gün bizə göstərilən qayğı bu sahədə çalışan gənc əməkdaşlara da əlavə stimul oldu.
“Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülməyim məsuliyyətimi ikiqat artırdı. Elə bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği” istiqaməti üzrə ikinci yerin qalibi olmuşdum ki, bu təltif sevincimin üstünə daha böyük sevinc gətirdi”, - deyən Elnarə Heydərova əmək fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da bu və ya digər verilişləri hazırlayarkən ulu Naxçıvanımızın qədim tarixinin, folklorunun təbliğatçısına çevriləcək, təbiətini, torpağının zəhmətkeş, səmimi insanlarını, onların əməyini daha dolğun şəkildə tamaşaçıya çatdırmağa çalışacaq.
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Rauf Əliyev qeyd edib ki, ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi mətbu irsimizə verilən ən böyük dəyər olmaqla yanaşı, həm də inkişaf mərhələsinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Həmin ənənənin uğurla davam etdirilməsi hər bir jurnalisti qəlbən sevindirir. Bu çərçivədə mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, medallarla təltif edilməsi, media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atılması, mətbuata əlavə maliyyə yardımının ayrılması dövlətimizin mətbuata, jurnalist əməyinə verdiyi çox yüksək qiymətin parlaq nümunəsidir.
“Mən də çox sevinirəm ki, mətbuat sahəsində fəaliyyətim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, göstərilən diqqət və qayğıdan kənarda qalmamışam. Sevinirəm ki, bu qayğını canım qədər sevdiyim doğma Naxçıvanda fəaliyyət göstərdiyim illərdə də hiss etmişəm”, - deyən Rauf Əliyev bildirib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində üçotaqlı mənzillə təmin olunub. Ümumiyyətlə, muxtar respublikada mətbuat nümayəndələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Bu günədək muxtar respublikada çox sayda jurnalist evlə təmin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosunun fəaliyyətindən də bəhs edən Rauf Əliyev vurğulayıb ki, büronun fəaliyyətə başladığı 2014-cü ildən bu günədək AZƏRTAC-ın saytında muxtar respublika ilə bağlı 8 minədək xəbər yer alıb. Bundan başqa muxtar respublikada sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı onlarla analitik materiallar, reportajlar, fotoreportajlar, müsahibələr verilib. Bunların bəziləri müxtəlif dillərə tərcümə edilərək AZƏRTAC-ın saytına yerləşdirilib. Ötən illər ərzində Naxçıvan bürosu tərəfindən hazırlanan onlarla məqalə xarici mətbuatda işıq üzü görüb. Onlardan sonuncusu isə 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan ingilisdilli “China Daily” qəzetində “Qədim Azərbaycanın minillik tarixinin yaşadıldığı məkan – Gəmiqaya abidəsi” sərlövhəli məqalə idi. 2014-cü il iyulun 23-də - Ağdamın işğalının 21-ci ildönümü günündə AZƏRTAC-ın Naxçıvan bürosunun “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına nail olması da yaddaqalan olub. Qeyd edək ki, həmin səhifənin 400 mindən çox erməni istifadəçisi var idi və bu səhifə Naxçıvan ilə bağlı əsası olmayan “informasiyaların” əsas mənbəyi rolunu oynayırdı.
Ölkəmizdə jurnalistlərin əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayan Rauf Əliyev deyib: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağım mənə böyük sevinc bəxş etdi. Bir daha əmin oldum ki, çəkilən zəhmət həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Elşən Məhərrəmov da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Tərəqqi” medalı ilə təltif olunub. Dövlət əhəmiyyətli tədbirlər üzrə peşəkar videomontaj operatoru, illərdir, saysız-hesabsız efir materiallarını zərgər dəqiqliyi ilə işləyib tamaşaçılara çatdıran bir televiziya işçisi kimi bu sevinci yaşayan Elşən Məhərrəmov deyib:
– Naxçıvan televiziyasına 2005-ci ildə, burada montajçı işləyən bacım Gülşən Məhərrəmovanın tövsiyəsi ilə gəldim. Sonralar montaj işini öyrənməyimdə də ən böyük dəstəkçim elə o oldu. Amma o zaman televiziya maddi-texniki sarıdan kasad idi. Kameralar videokasetlərlə işləyirdi, elə montajlar da. Videokasetlə montaj çox ağır, üzücü bir iş, böyük vaxt itkisi demək idi. Ancaq indi maddi-texniki baza çox güclənib. Təkcə Xəbərlər redaksiyasının 4 montaj otağı və biri 10 min manat dəyərində olan HD montaj kompüterləri və qurğuları var. Əvvəllər gecə saat 23:00-a qədər gördüyümüz işi artıq operativ olaraq 3-4 saata və fiziki yorğunluq çəkmədən başa çatdırırıq. İndi elə montaj proqramları da var ki, bir neçə işi eyni vaxtda görə bilirik. Lakin proqramlar, avadanlıqlar dəyişsə də, yaradıcılıq prinsipləri eynidir. 15 illik əmək fəaliyyətimin 3 ili televiziyanın digər redaksiyalarında verilişlərin montajına, 12 ili isə Xəbərlər redaksiyasında montaj işinə həsr olunub. 2014-cü ildən Xəbərlər redaksiyasında həm də rejissor işini aparıram.
Bu günün mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, biz jurnalistlər Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişini, dosta qürur, düşmənə gözdağı olan bu gününü və möhkəm təməllər üzərində dayanan parlaq gələcəyini qələmə alanlarıq.