25 Dekabr 2024, Çərşənbə

2020-ci ilin I yarımilində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində görülmüş işlərin yekununa dair tədbir keçirilib. Cəmiyyətin direktoru Mahir Əliyev tədbirdə çıxış edərək bildirib ki, 2020-ci ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda lokomotivlər 129 min 549 kilometr yürüş edib, 33 milyon 725 ton kilometr brutto yük daşıyıb. Hesabat dövründə faktiki olaraq 60 min 300 ton yük daşınıb. Bunun 57 min 960 tonu qum-çınqıl, 1560 tonu daş məmulatı, 480 tonu travertin plitə, 60 tonu kərpic məmulatı, 240 tonu isə tikinti qumu olub. Cari ilin 6 ayında yük dövriyyəsinin həcmi faktiki 5 milyon 24 min ton kilometr olub.

Qeyd olunub ki, sərnişin dövriyyəsinin həcmi faktiki 1 milyon 563 min sərnişin - kilometr olub. Ötən 6 ay ərzində Şərur-Culfa, Ordubad-Şərur yük-sərnişin qatarları vasitəsilə 42 min 981 nəfər sərnişin daşınıb, bu xidmətdən cəmiyyətin hesabına 14 min 444 manat vəsait daxil olub. Hesabat ilinin 6 ayında 76 min 107 kiloqram poçt-baqaj yükü daşınıb ki, bundan cəmiyyətin hesabına 1157 manat vəsait daxil olub.
Diqqətə çatdırılıb ki, “Naxçıvan Dəmir Yolları” MMC üzrə 2020-ci ilin 6 ayında dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparılaraq, qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib və bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Culfa Lokomotiv Deposunda 18 lokomotiv texniki baxışdan keçirilib, 11 lokomotiv isə cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda 32 vaqon, o cümlədən 6 yarımvaqon, 5 sistern vaqonu, 5 platforma vaqonu, 2 refrijerator vaqonu, 5 örtülü vaqon, 9 sərnişin vaqonu cari təmir edilib.
Qeyd olunub ki, hesabat dövründə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən cəmiyyət inzibati binasının həyətyanı ərazisində aparılan abadlaşdırma işləri yüksək səviyyədə başa çatdırılıb. Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa İstismar Vaqon Deposunun inzibati binasında yenidənqurma, təmir sexində isə tikinti işləri aparılıb.
Sonra çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açaraq “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, cari ilin altı ayı ərzində profilaktik məqsədlə heyvan və quşlarda xəstəliklərə qarşı peyvəndləmə, obyektlərdə isə dezinfeksiya tədbirləri aparılıb və hazırda bu işlər davam etdirilir.
Bildirilib ki, sürülər yaylaqlara aparılmazdan əvvəl şəhər və rayon baytarlıq idarələri tərəfindən yaradılan həkim briqadaları heyvanları kliniki müayinədən keçirib, obalar və yataq yerlərində, su hövzələrinin ətraf ərazilərində dezinfeksiya işləri aparılıb. Muxtar respublika üzrə cari ilin 6 ayı ərzində iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama işləri də davam etdirilib. Həmçinin arıçılıq sahəsinin inkişaf etdirilməsi məqsədilə arıçı sahibkarlara pulsuz dərmanlar paylanılıb, qeydiyyata alınan 98 min 400 arı ailəsinə görə sahibkarlara dövlət vəsaiti hesabına subsidiyanın verilməsi təmin edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə baytarlıq sahəsində həyata keçirilən quruculuq işləri davam etdirilib, Dövlət Baytarlıq Xidmətində Ali Məclis Sədrinin iştirakı ilə keçirilən səyyar müşavirədə işlərində fərqlənən süni mayalama texniklərinə 5 yeni süni mayalanma dəsti və 5 yedəkli motosiklet, baytar həkimlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələr üçün internet vasitəsilə onlayn qaydada videogörüşlər keçirilib.
İclas məruzə ətrafında çıxışlarla başa çatıb.

* * *

“Naxçıvan” Universitetində cari ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə universitetdə maddi-texniki bazanın müasirləşdirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilib. Belə ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəldilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Bildirilib ki, 2019-2020-ci tədris ilində “Naxçıvan” Universitetində 4 fakültə,10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərib. Bu il ali təhsil ocağında 16 ixtisas üzrə 1170 bakalavr, 7 ixtisas üzrə 17 magistr təhsil alıb. Universitetdə tədris prosesinin müasir tələblər səviyyəsində təşkili müvafiq qanunvericiliyə uyğun qurulub.
Qeyd olunub ki, 2020-ci ilin birinci yarımilində pandemiya ilə əlaqədar olaraq universitetdə tədris bütün ixtisaslar üzrə mühazirə mətnlərinin elektron bazaya yerləşdirilməsi yolu ilə davam etdirilib, “Zoom”proqramı vasitəsilə tələbələrə onlayn dərslər keçilib. 2019-2020-ci tədris ilində 15 onlayn elmi-praktik konfrans, 5 kitab müzakirəsi, 1 diskussiya təşkil olunub.
Hesabat dövründə “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrin inkişafı istiqamətində də uğurlar qazanıb. Belə ki, ikili əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Qomel Dövlət Universiteti (Belarusiya), Əhməd Yəsəvi və İpək Yolu Beynəlxalq universitetləri (Qazaxıstan) və Türkiyənin Sabahattin Zaim Universiteti ilə memorandumlar imzalanıb.
Sonra çıxışlar dinlənilib.

* * *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən iclasda institutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, 2019-2020-ci tədris ilində bakalavr səviyyəsində buraxılış kurslarında 5 ixtisas üzrə 302 tələbə olub ki, onların magistratura səviyyəsində isə 2 ixtisas üzrə 38 tələbədən, hamısı attestasiyadan müvəffəqiyyətlə keçib. İnstitutda 11 iхtisаs üzrə bаkаlаvr, 3 ixtisas üzrə magistr hаzırlığı aparılır. Hazırda bakalavriat səviyyəsində buraxılış kursları istisna olmaqla 945, magistratura səviyyəsində 25 nəfər təhsil alır. 2020-2021-ci tədris ilindən əvvəlki ixtisaslarla yanaşı, bakalavr üzrə Fizika müəllimliyi, İnformatika müəllimliyi, Musiqi müəllimliyi, Texnologiya müəllimliyi və Azərbaycan dili və ədəbiyyat müəllimliyi, magistratura üzrə isə Riyaziyyat müəllimliyi və Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul aparılacaqdır. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura yaradılıb və qəbul aparılıb.
Vurğulanıb ki, hazırda 87 nəfər əməkdaş Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə, əsasən, ölkənin ictimai-siyasi, tarixi prosesləri, maddi-mədəni dəyərlərinin Naxçıvan regional məsələlərinə aid və digər ümumelmi 87 mövzu üzrə tədqiqatlar aparır.
Cari ilin birinci yarımilində institut əməkdaşlarının, ümumilikdə, 135 əsəri, o cümlədən 12 kitab, kitabça və broşürü, 82 elmi və elmi-metodik məqaləsi və 41 konfrans materialı çap olunub.
Naxçıvan Müəllimlər İnstitutunda 2019-2020-ci tədris ilindən etibarən əcnəbi tələbələrin qəbuluna başlanıldığını bildirən rektor hazırda institutda 6 əcnəbi tələbənin təhsil aldığını vurğulayıb.
Sonda çıxışlar olub, qarşıda duran vəzifələr müzakirə edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR