Beynəlxalq təşkilatlar və ekspertlərin vaxtaşırı olaraq yaydıqları hesabatlara görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Ötən dövrdə ordumuzun hərbi kadrlarla formalaşdırılması, hücum və müdafiə xarakterli ən müasir və yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunması, qarşıya qoyulan vəzifələrin vaxtında, dəqiq və layiqincə yerinə yetirilməsi Silahlı Qüvvələrimizin peşəkarlığını xeyli artırıb. Bütün bunlara xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu sahəsində görülən işlərin nəticəsində nail olunub.
Bu işlər Naxçıvan Muxtar Respublikasında da davamlı olaraq həyata keçirilir. Muxtar respublikanın hərbi təhlükəsizliyini ən yüksək səviyyədə həyata keçirən Əlahiddə Ümumqoşun Ordu yarandığı gündən daim inkişaf edərək özünün çevik döyüş potensialını formalaşdırıb, xalq-ordu birliyi çərçivəsində şəxsi heyətin vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatdırılıb. İki il bundan əvvəl bu ordunun tarixi salnaməsinə böyük hərflərlə yazılmış Günnüt zəfəri və bu uğurlu əməliyyatdan sonra düşmən ərazisindəki strateji kommunikasiyaların nəzarət altına alınması Əlahiddə Ümumqoşun Ordunu rəsmi İrəvan üçün əsl problemə çevirib. Xüsusilə bu günlərdə məlum dövlət sərhədində yaşanan gərginliyi Naxçıvan istiqamətinə də yönəltmək istəyən düşmənin yerindəcə burnunun ovulması ordumuzun gücünü bir daha ortaya qoydu.
Təbii ki, ordu quruculuğu sahəsində görülən mühüm işlərdən biri də tikinti-quruculuq və infrastruktur tədbirləridir. Bu tədbirlər ona görə mühüm işlərdən sayılır ki, lazımi infrastruktur yaratmadan orduda peşəkarlığı təmin etmək mümkün deyil. Birinci, ona görə ki, dövrün tələblərinə uyğun infrastruktur qurmadan müasir silah-sursatın lazımi şəraitdə mühafizəsinə nail olmaq, ondan praktik istifadə vərdişlərinə yiyələnmək çətindir. Digər tərəfdən bu gün mühüm təyinatlara malik silahların əsas idarəetmə bazası elektron hesablama texnologiyalarına əsaslandığından, davamlı enerji və rabitə axınına malik olmaq ən mühüm amillərin başında gəlir. Belə davamlılıq isə yalnız müasir infrastruktura malik obyektlərin yüksək təchizatından asılıdır. Həmçinin müasir quruculuq obyektləri şəxsi heyətin müasir tələblər səviyyəsində qidalanması, istirahəti, nəzəri və təcrübi təlimlərdə iştirakı üçün vacib amillərdəndir. Bunu da söyləmək lazımdır ki, hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər həyatını bu peşəyə həsr etmiş insanların psixoloji baxımdan əhval-ruhiyyəsinin daim yüksək səviyyədə olmasına şərait yaradır, bu da ordu heyəti üçün çox mühümdür. Bu baxımdan tikinti-quruculuq tədbirləri ordu quruculuğu prosesində mühüm yerə malikdir. Məhz bütün bu tərəfləri nəzərə aldıqca bir daha yəqin edirsən ki, muxtar respublikamızda ordu quruculuğu çərçivəsində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin cari ilin ilk altı ayının yekunlarına dair açıqladığı məlumatlarda da ordu quruculuğu sahəsində görülmüş işlərin tərkibində tikinti-quruculuq tədbirlərinin kifayət qədər çox olduğunu görürük. Belə ki, komitənin məlumatına görə, muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərə uyğun olaraq 2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi, yataqxananın əsaslı təmiri başa çatdırılıb, iki qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilib. Həmçinin Babək rayonunda beş avtomobil saxlancının əsaslı təmiri başa çatdırılıb, vertolyot meydançasının, avtomobil saxlancının və iki yeraltı saxlancın tikintisi davam etdirilir.
Culfa rayonunda retranslyasiya məntəqəsinin tikintisi, Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması, Şahbuz rayonunda üç anqarın tikintisi başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Şərur rayonunda isə 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılıb, 8-ci Sərhəd Zastavası üçün və Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Yeri gəlmişkən, bəhs edilən dövrdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilib.
Qeyd edək ki, hazırda muxtar respublikada hərbi infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu günlərdə qardaş Türkiyə Respublikasından xüsusi tikinti-inşaat texnikalarının gətirilməsi bunu bir daha təsdiq edir. Bu texnikalar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq gətirilir. Əlahiddə Ümumqoşun Orduya təhvil verilən texnikalar davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə seçilir. Sadalanan tərəfləri ilə seçilən sementdaşıyan, beton-nasos, betonqarışdıran və asfalt-beton daşıyan maşınlar sürücünün və nəqliyyat vasitələrinin təhlükəsizliyinə önəm verilməklə istehsal olunub. Müasir dizayn və texnologiyalı bu maşınlar Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan yaradacaq. Qeyd edək ki, inşaat sahələrində çətin şərtlər üçün istehsal edilmiş, gücü və möhkəmliyi ilə seçilən bu texnikalardan əlavə, yolxətləyən maşın və qoşqular da istifadəyə verilib. Bu qoşqular keyfiyyəti və müasirliyi ilə daşınma və yardımçı təsərrüfat işlərini daha da asanlaşdıracaq.
Bu gün ordu quruculuğu sahəsində görülən işlər öz axarında davam etdiyi kimi, şəxsi heyətin peşəkar döyüş hazırlığı da diqqət mərkəzində saxlanılır. İyulun 27-də Naxçıvana gələn Türkiyə Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələri ilə ordumuzun yeni təlimlərə başlaması bunu bir daha təsdiq edir. Belə ki, Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Hərbi təlimlərin keçirilməsi hər iki ordunun döyüş atışlı taktiki təcrübəsini artırmaqla yanaşı, düşmənlərimizə də bir ismarıcdır. Bütün bunlar isə onu göstərir ki, Naxçıvanın təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bu təhlükəsizlik əmin əllərdədir.
- Səbuhi HƏSƏNOV