25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edib. Bildirilib ki, nazirlik tərəfindən yanvar-mart, həmçinin aprel-iyul aylarında pandemiya ilə əlaqədar onlayn mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Hesabat dövründə əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilib, konsert proqramları və tamaşalar nümayiş etdirilməklə sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi” keçirilib, qaliblər mükafatlandırılıb.
Vurğulanıb ki, aprel-iyul ayları ərzində, ümumilikdə, 10 onlayn konsert təşkil edilib, tamaşaçılara 11 onlayn tamaşa nümayiş olunub, nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 9 onlayn ekskursiya keçirilib. Həmin tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, nazirliyin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət konsert proqramı təşkil edilib və Naxçıvan televiziyasının efirində, Nazirliyin rəsmi vebsaytlarında, “Youtube” videokanalında və sosial şəbəkələrdə nümayiş olunub. Həmçinin Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət onlayn konserti olub, bəstəkarın musiqi əsərlərindən ibarət kitabın nəşri ilə əlaqədar iş aparılıb.
Xalq yaradıcılığı nümunələrinin təbliği və tanıdılması ilə bağlı həyata keçirilən tədbirlərdən də bəhs edən Natəvan Qədimova qeyd edib ki, “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş diqqətdə saxlanılıb, yallıların çəkilişi aparılıb və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilib. Ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 63 videomaterial hazırlanıb. Aprel-iyul ayları ərzində rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 4 min 376 paylaşım edilib. Həmin dövrdə şəxlər ölkə miqyasında ilk dəfə olaraq nazirliyin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat!” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx və “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqələri keçirilib. İyun ayından etibarən isə il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsinə start verilib.
Qeyd olunub ki, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların mütaliəsinin təşviqi ilə əlaqədar yanvar-mart aylarında, ümumilikdə, 92 kitab müzakirəsi olub. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən fiziki imkanları məhdud şəxslər də olmaqla, ümumilikdə, 94 sakinə səyyar kitabxana xidməti göstərilib. Aprel-iyul aylarında Naxçıvan Musiqi Kollecinin və muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri tərəfindən tədris proqramına uyğun, ümumilikdə, 13 min 940 onlayn dərs keçilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

* * *

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda keçirilən iclası giriş sözü ilə fondun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən oxunması zəruri olan kitabların müzakirələri təşkil edilib. Müzakirələrdə, ümumilikdə, 80 gənc iştirak edib.
Qeyd olunub ki, son vaxtlar ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alması gənclərin malik olduqları potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiya şəraitində ölkəmizdə könüllülük əlillərə, kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyaya aid vətəndaşlara kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə həyata keçirilir. Bu gün hansı sahəyə diqqət yetirsək, könüllülərin fəaliyyətini görərik. Artıq muxtar respublikamızda da könüllülük bir çox fəaliyyət sferalarına nüfuz etməklə hərəkat halını alıb, hər bir bölgəni, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Mart ayında Gənclər Fondu könüllüləri sıralarına yeni gənclər cəlb olub. 100 nəfər gəncin seçilməsi ilə yeni könüllü qrupu yaradılıb, könüllü gənclər ilkin təlimlərə cəlb edilib.
Bildirilib ki, Gənclər Fondu “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqram”ının icrasında fond üçün nəzərdə tutulan bəndlərin icrasını 2020-ci ilin birinci yarısında da diqqətdə saxlayıb.
Vurğulanıb ki, bəhs olunan dövrdə Gənclər Fondu, ümumilikdə, 2000-ə yaxın gənclə iş aparıb, onlardan 350 nəfəri müxtəlif tədbirlərdə mükafatlandırılıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində keçirilən tədbiri giriş sözü ilə açan departamentin direktoru Əkbər Novruzov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövrü ərzində mərkəzin elektron poçt ünvanına 33, “Facebook” sosial şəbəkəsinə 20, telefon vasitəsilə isə 12 müraciət daxil olub. Dörd İran, 6 Almaniya, 2 Rusiya, 1 Qazaxıstan, 3 Türkiyə, 2 Pakistan, 2 ABŞ vətəndaşı, 2 nəfər Bakı və 2 nəfər Naxçıvan şəhər sakini olmaqla, cəmi 24 nəfər mərkəzə gəlib və onların müraciətləri cavablandırılıb.
Qeyd olunub ki, 15 fevral 2020-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi İran və Azərbaycan üzrə ikinci ixtisaslaşmış turizm simpoziumunda Naxçıvan Muxtar Respublikası təmsil olunub, muxtar respublikanın turizm potensialı haqqında simpozium iştirakçılarına geniş məlumat verilib. Simpoziumda ölkəmizin, eləcə də muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən 6 mart 2020-ci il tarixdə “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün Naxçıvan şəhəri üzrə piyada marşrutunun proqramına əsasən ekskursiya təşkil olunub. Həmçinin hesabat dövründə departamentə “AzTourism” adlı bir ədəd startap layihə təqdim edilib, layihə müvafiq prosedura uyğun şəkildə qiymətləndirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR