Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında nazir Rəhman Məmmədov çıxış edib.
Bildirilib ki, dövlət qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ilin birinci yarısında da davam etdirilib, ötən müddət ərzində Ordubad rayon Vənənd və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Şərur rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb.
Nazir qeyd edib ki, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması da diqqətdə saxlanılıb, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə 2 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə, nazirliyin bir əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub. Bunlarla yanaşı, təhsil və idman sahəsində xüsusi istedadı ilə fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc istedadların “Qızıl kitabı”na yazılıb.
Vurğulanıb ki, hesabat dövründə, ümumilikdə, 14 interaktiv, 370 saat isə nümunəvi dərs tədris olunub, seminarlar, elmi-praktik konfranslar və müşavirələr keçirilib, laborator təlimlər, ixtisasartırma kursları təşkil edilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də şahmatı tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiya imtahanı keçirilib, uğurlu nəticə göstərən 18 müəllim yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində şahmatı tədris etmək hüququ qazanıb.
2020-ci ilin I yarısında müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak edənlərdən 70-i müəllim, 55-i isə vəzifələrə təyin olunub.
Nazir bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində ilk dəfə olaraq muxtar respublikadan 27 layihə təqdim edilib, onlardan fərdi kateqoriya üzrə 3, ümumtəhsil müəssisələri kateqoriyası üzrə isə 2 layihə qalib elan olunub. Respublika fənn olimpiadasında da muxtar respublikanın məktəbliləri uğurlu nəticələr göstərərək 4 qızıl, 7 gümüş, 13 bürünc olmaqla, ümumilikdə, 24 medal qazanıblar.
2020-ci ildə ən yüksək nəticə göstərən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olub. Hesabat dövründə intellektli, istedadlı şagirdlərin rəsm və dekorativ əl işlərindən nümunələr və həmin şagirdlər barədə fotolar, həmçinin məlumatlar olan “İstedadlı şagirdlər” albom-kataloqu hazırlanıb.
Nazir qeyd edib ki, peşə hazırlığının təşkilinə dair keçirilən seminarlarda 34 qrupdan 849 müdavim məzun olaraq istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlayıb.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam etdirilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasında çıxış edən xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, xidmətin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri cari ilin birinci yarımili ərzində də uğurla həyata keçirilib. Belə ki, muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 80 əcnəbi aşkarlanıb. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 1 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
Vurğulanıb ki, hesabat dövrü ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 1930 müraciət daxil olub. Həmin müraciətlərdən 1233-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərin hər biri xidmət tərəfindən dəqiq və operativ qaydada cavablandırılıb.
Cari ilin ötən dövründə xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 405, daimi yaşamaq üçün icazənin verilməsi ilə əlaqədar 9, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi üçün 5, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 133, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 100 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Fərəhli haldır ki, bu gün muxtar respublikamızın mövcud sosial-iqtisadi inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq, o cümlədən ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir, – deyən Şahin Nəbiyev reallaşdırılan çoxşaxəli, uğurlu siyasətin respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir etdiyini vurğulayıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, birinci yarımil ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2 müraciət daxil olub. Həmin müraciətlər hazırda icra mərhələsindədir.
Bildirilib ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə məcburi dayanma ilə bağlı əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması üçün xidmət tərəfindən bir sıra ciddi addımlar atılıb və onların ölkədə olmaları qanuniləşdirilib. Bu səbəbdən hesabat dövründə 223 əcnəbinin müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikasında müvəqqətiolma müddəti uzadılıb. Həmin müraciətlər əcnəbilərin təhlükəsizliyi baxımından həyata keçirilən bu tədbirlərin, dövlət tərəfindən onlara göstərilən humanist mahiyyətin nəticəsidir.
İclas məruzə ətrafında çıxışlarla davam etdirilib.
* * *
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Müslüm Cabbarzadə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısında yerinə yetirilən işlərə dair məruzə ilə çıxış edib. Bildirilib ki, bəhs olunan dövrdə muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Cari ilin ötən dövründə 7157 daşınmaz əmlak obyekti plana alınıb və bununla da, muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə Duzdağ ərazisi xəritələşdirilib, muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri nəşr olunub, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilib.
Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə nəzəri və praktik məşğələlər keçirilib, iki tələbə ödənişli işlərə cəlb olunub.
Qeyd edilib ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 2787 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 2315 texniki sənəd hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 8 faiz artıb. Yeni yaranmış 117 daşınmaz əmlak obyektinə ünvan verilib, 444 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 38 yaşayış məntəqəsində 230 vətəndaşın müraciətinə baxılıb, 182 vətəndaşa elektron xidmətlər göstərilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam etdirilib.