Fövqəladə Hallar Nazirliyində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazir, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirib ki, 2020-ci ilin ötən dövrü ərzində struktur qurumlarında 15 təlim və məşğələ, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 2 şöbəsində və Mülki Müdafiə Alayında kompleks yoxlama keçirilib.
Vurğulanıb ki, muxtar respublikada koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərə nazirliyin şəxsi heyəti cəlb edilərək, ümumilikdə, 8 milyon 445 min kvadratmetr sahədə yollar və səkilər, 254 ictimai yaşayış binasının zirzəmisi, 438 çoxmərtəbəli və 91 ikimərtəbəli ictimai yaşayış binasının girişləri və ətrafı, Naxçıvan Hərbi Qarnizonunun hərbi hissələri və hərbi şəhərcikləri, şəhər və rayonlarda ticarət, ictimai iaşə obyektləri, əhalinin sıx cəmləşdiyi yerlər və həyat təminatlı obyektlər dezinfeksiya olunub.
Mülki müdafiə işinin təşkili ilə bağlı Culfa yanğın qatarı ilə əməli məşğələ, “Modul” Еlеktrik Stаnsiyаsında, “Naxçıvan Sement Zavodu” və “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli cəmiyyətlərində mülki müdafiə dəstələri ilə taktiki xüsusi məşğələlər keçirilib.
179 obyektdə və 145 ümumtəhsil məktəbində mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılıb, 122 obyektdə mülki müdafiə sənədlərinin hazırlanmasına metodik köməklik göstərilib, 436 nəfər rəhbər heyətin fövqəladə hallara hazırlanması təmin edilib, 37 obyektdə 1213 nəfərin iştirakı ilə mааrifləndirici tədbir, 65 obyektdə mülki müdafiə qüvvələrinin 1616 nəfər şəxsi heyəti və Daxili İşlər Nazirliyinin 808 nəfər polis əməkdaşı ilə qrup məşğələləri keçirilib, 2 metodiki vəsait işlənib hazırlanıb.
Hesabat dövründə dövlət reyestrində qеydiyyatdan kеçmiş 58 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yoxlanılıb, Duzdağda yeni açılacaq şaxtada 417 metr uzunluğunda tunelin tikintisi zamanı texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilib. Həmçinin 6 müəssisə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilib, 25 müəssisədə 128 qurğu yoxlanılaraq texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib.
Muxtar respublika ərazisində yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin birinci yarısında 1104 obyektdə əsaslı, 1172 obyektdə nəzəri, 117 obyektdə isə məqsədli yoxlamalar aparılıb. Hesabat dövründə 7583 yaşayış evinə baxış keçirilib, yanğın cəhətdən təhlükəli оlan 258 ədəd elektrik xətti, 569 ədəd şlanqla çəkilmiş qaz xətti dəyişdirilib, 70 ədəd şofbentipli su qızdırıcısının və 782 ədəd tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Əhali arasında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından istifadə qaydalarına riayət olunması ilə bağlı 49556 nəfər yanğına qarşı təlimatlandırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən iclası giriş sözü ilə idarənin rəisi Mehman Məmmədov açıb. Bildirilib ki, birinci yarımildə Dövlət Arxivinə qəbul mənbəyi olan idarə, müəssisə, təşkilatlardan və rayon dövlət arxivlərindən 9 min saxlama vahidi (sənəd) daimi mühafizə üçün qəbul edilib. Ümumilikdə, 13 yeni fond, o cümlədən Dövlət Arxivində 1, Şərur Rayon Dövlət Arxivində 2, Şahbuz Rayon Dövlət Arxivində 1, Babək Rayon Dövlət Arxivində 9 fond yaradılıb.
Hesabat dövründə, ümumilikdə, 9 min 560 saxlama vahidi karton qutulara yığılıb. “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”na və idarənin iş planına uyğun olaraq dövlət arxivlərində fəaliyyətin müasir prinsiplər əsasında qurulması, arxiv fondlarının elektron kataloqlarının, elektron qeydiyyat sisteminin yaradılması məqsədilə tədbirlər davam etdirilib. Görülən işlərin nəticəsində Dövlət Arxivində 761 fond üzrə 442 min 464 saxlama vahidinin daxil olduğu 2 min 395 siyahının elektron qeydiyyatı aparılıb və təkrar yoxlama işləri davam etdirilir.
Qeyd olunub ki, arxiv sənədlərindən istifadə etməklə elmi-tədqiqat aparmaq məqsədilə Dövlət Arxivində 12 tədqiqatçıya (bunlardan 3-ü 2019-cu ildən fəaliyyət göstərir) işləmələri üçün mövcud qaydalara uyğun şərait yaradılıb, istifadə üçün 3 min 667 ədəd sənəd (saxlama vahidi) təqdim edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova yarımilin yekunlarına həsr olunmuş iclası giriş sözü ilə açaraq bildirib ki, son iyirmi ildə kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 89 ixtisas üzrə aparılır. Kollecdə 8 fənn birləşməsi, 9 kabinə, idman zalı, kitabxana fəaliyyət göstərir. Burada 39 qrup, 8 ixtisas üzrə təhsil alan tələbələrin ümumi sayı 740 nəfərə çatıb ki, onlardan 426 nəfəri ödənişli əsaslarla, 314 nəfəri isə dövlət hesabına təhsil alır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə əlaqədar kollecdə tələbələrin təcrübi tibbi biliklərinin daha da yaxşılaşdırılması məqsədilə onların dərslərdən sonra səhiyyə müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirilib. Ötən tədris ilinin yanvar-iyun aylarında 228 nəfər tələbə təcrübə məqsədilə tibb müəssisələrinə göndərilib.
Hesabat dövründə kollecdə keçirilən mədəni-kütləvi tədbirlərdən bəhs edən Sona Məmmədova bildirib ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü və Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib və sərgi təşkil edilib, Gənclər Fondu və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Mübarizlik zirvəsi” filmi nümayiş etdirilib. 6-9 fevral və 11-14 fevral 2020-ci il tarixlərində Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş gənclərin “Qış məktəbi”ndə kollecin 12 nəfər tələbəsi iştirak edib.
Sonda mövzu ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi