Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında verilmiş tapşırıqların icrası, 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Bəhruz Bayramov məruzə ilə çıxış edib. Bildirib ki, 1070 hektarı 2020-ci ildə olmaqla, 4478 hektar sahədə qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına səbəb olub. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq olmaqla, ümumilikdə, 36 min 879 hektar sahədə taxıl əkini aparılıb, ötən illə müqayisədə əkin sahəsi 3571 hektar artıb. Həmçinin cari ildə muxtar respublika üzrə 23 min 142 hektar sahədə yazlıq bitkilər əkilib.
Qeyd olunub ki, görülən tədbirlər nəticəsində hazırda muxtar respublikada 5157 hektar sahədə meyvə bağları mövcuddur ki, bunun da 4600 hektarı barverən bağlardır. Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Vurğulanıb ki, əkin işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikaları başlıca şərtlərdəndir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177-si 2020-ci ilin ötən dövründə olmaqla, cəmi 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib, ondan 2272-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 175-i isə nağd və ya köçürmə yolu ilə satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3556 texnika və texnoloji avadanlıq mövcuddur.
Bildirilib ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb. 2002-2020-ci ilin 1 iyul tarixinədək süni yolla mayalandırılmış 90 min 982 inək, düyə və camışlardan 59 min 76 baş cins bala alınıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən 2015-2020-ci ilin yanvar-iyun aylarında süni mayalanma yolu ilə alınmış 30 min 151 baş cins buzovun 27 min 731-nə görə sahibkarlara 2 milyon 773,1 min manat subsidiya verilib. Hazırda aprel, may və iyun aylarında doğulan 2420 baş buzova subsidiya verilməsi üçün sənədləşmə işləri aparılır.
Diqqətə çatdırılıb ki, son illər ərzində dövlət maliyyə dəstəyi ilə muxtar respublikada 90 böyük heyvandarlıq, 75 quşçuluq, 4885 arıçılıq, 16 balıqçılıq təsərrüfatı, 14 süd, 1 gön-dəri emalı, 1 balıq konservi və 1 yem istehsalı müəssisəsi fəaliyyət göstərir. 1 iyul 2020-ci il tarixə təsərrüfatlarda 126 min 467 baş iribuynuzlu, 799 min 878 baş xırdabuynuzlu heyvan, 1 yanvar 2020-ci il tarixə 1 milyon 307 min baş quş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1704 baş iribuynuzlu, 11 min 527 baş xırdabuynuzlu heyvanın, 14 min 280 baş quşun çox olması deməkdir. Görülmüş işlərin nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu 139 milyon 887 min manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.
Nail ƏSGƏROV
* * *
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasını giriş sözü ilə komissiyanın sədri İsmayıl Qəribli açıb. Bildirib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2020-ci ilin 6 ayı ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 5 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 9 qərarı ləğv etdirilmişdir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi kimi mühüm məsələlər tapşırılıb.
2020-ci ilin 6 ayı ərzində dövlət orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan olunmuş müsabiqələrin test imtahanları keçirilib. Həmin 5 test imtahanında 503 nəfər iştirak edib, 292 nəfər keçid balını toplayıb. Hesabat dövründə 110 nəfər dövlət qulluğuna qəbul olunub ki, onlardan 66-sı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində, 8-i birbaşa təyinat yolu ilə, 36-sı isə yerli icra hakimiyyəti orqanları tərəfindən işə götürülüb. 99 nəfər dövlət qulluğunda irəli çəkilib, 319 nəfərə ixtisas dərəcəsi verilib, 112 nəfərin dövlət qulluğuna xitam verilib.
Ötən dövrdə test imtahanları zamanı namizədlərin bilik səviyyəsinin daha ətraflı yoxlanılması, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədilə test bankı təkmilləşdirilib.
Komissiya tərəfindən vətəndaşların dövlət qulluğu və vergi orqanlarına, eləcə də ümumi təhsil müəssisələrinə işə qəbulu üçün təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 108 nəfər iştirak edib.
Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 6 maarifləndirici tədbir, seminar və videotəlimdə, ümumilikdə, 201 dövlət qulluqçusu iştirak edib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla başa çatıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitə sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2020-ci il 1 yanvar tarixə olan məlumata əsasən muxtar respublikada 97793 ailə vardır ki, bu da keçən illə müqayisədə 752 ailə və ya 0,77 faiz çoxdur. Bunlardan 1373-ü qaçqın və məcburi köçkün, 220-si şəhid ailəsidir. Hesabat dövrü ərzində 412 aztəminatlı ailə vardır ki, bu da keçən illə müqayisədə 49 ailə və ya 10,63 faiz azdır. Muxtar respublikada yaşayan 583 uzunömürlü ailə haqqında məlumatlar yaradılan məlumat bazasına əlavə edilib. Diqqətə çatdırılıb ki, muxtar respublikada 230 min 32 qadın yaşayır ki, bu da keçən illə müqayisədə 1678 nəfər və ya 73 faiz çoxdur.
Qeyd olunub ki, məşğulluğun təmin edilməsi məqsədilə aztəminatlı ailədən olan 51 qadın peşə kurslarına cəlb olunub ki, bu da ötən illə müqayisədə 26 qadın çoxdur. Bundan əlavə, 24 əməkqabiliyyətli vətəndaşın, o cümlədən 23 qadının isə işlə təmin olunması üçün məlumatları aid orqanlara göndərilib.
Bəhs olunan dövrdə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi layihə çərçivəsində həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. Həmçinin konfransda layihə iştirakçısı olan qadınların hazırladıqları 1600-dən çox əl işindən və istehsal məhsulundan ibarət sahibkarlıq sərgi-satışı təşkil edilib.
Hesabat dövrü ərzində müvafiq layihənin davamı olaraq “Koronavirusdan qorunma tədbirləri” mövzusunda 3 seminar keçirilib. Həmin seminarlarda, ümumilikdə, 39 qadın iştirak edib, onlara Azərbaycan Mikromaliyyə Assosiasiyası və layihə təşkilatçıları tərəfindən sərmayə kapitalının (ümumilikdə, 25550 manat dəyərində vəsait) verilməsi ilə əlaqədar bağlanılan müqavilələr təqdim olunub.
Bildirilib ki, hesabat dövründə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı silsilə tədbirlər “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri ilə yekunlaşıb. Komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara hədiyyələr verilib. Həmçinin tədbirdə 1210 rəsm və əl işi, 87 kitab və 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satış təşkil olunub.
Çıxışda ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsinin diqqətdə saxlanılmasından, 15 may – Beynəlxalq Ailə Günü və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə komitə tərəfindən silsilə tədbirlər keçirilməsindən də bəhs olunub. Qeyd edilib ki, muxtar respublika əhalisinin 164 min 546 nəfərini, yəni 35,80 faizini uşaqlar təşkil edir ki, bu da ötən illə müqayisədə 1265 uşaq və ya 0,77 faiz çoxdur. Bəhs olunan dövrdə muxtar respublika üzrə 1814 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılıb, bu kateqoriyadan olan 10 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib.
Bildirilib ki, cari ilin 6 ayı ərzində elektron məlumat bankına 5689 uşaq haqqında fərdi məlumatlar daxil edilib, ümumilikdə, elektron məlumat bankında 30086 uşaq haqqında məlumat işlənilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti