Çox eşitmişdim, ancaq bir o qədər də inanmırdım ki, yaxından tanıdığın, xarakterinə özündən də artıq bələd olduğun yoldaş, dost haqqında yazı yazmaq çətindir. Bunu gördükdən sonra inandım.
Bilmirəm haradan başlayam. İşə məsuliyyətindən, əməkdaşlara münasibətindən, redaksiyaya gələn insanları qarşılayıb yola salmasından, müəyyən məsələlərlə bağlı olan telefon zənglərinə cavab verməsindən... Hamısı yüksək səviyyədə. Elə buna görə də ona ad günlərinin birində “idarənin Məhəbbəti” dedim və düşdü əməkdaşların dilinə. Bu adı kifayət qədərincə doğruldur. Ona görə də bu adı ona verməyimə peşman deyiləm, özümə arzu edirəm ki, digər işlərində də gələcəkdə peşman olmayım.
...19 il bundan əvvəl redaksiyaya işə gələndə ilk tanışlığım da Məhəbbət Mirzəyeva ilə olub. Redaksiyanın tələbləri, əməkdaşların fəaliyyəti barədə də ilk bilgiləri ondan almışam.
19 ildir ki, çiyin-çiyinəyik. Qəzetin hər nömrəsinə nömrədə gedən materiallara uyğun, həm də oxucu zövqünü oxşayan tərtib vermək qəzetçilikdə başlıca tələblərdən biridir. Məhəbbət xanım bu işin, necə deyərlər, ustası kimi tanınıb. Ən incə detal belə onun gözündən qaça bilməz. Kifayətdir ki, ilkin tərtibatdan sonra səhifəyə bir neçə saniyə diqqət yetirsin.
M.Mirzəyeva həm də “Şərq qapısı”nın canlı arxividir. Bu barədə geniş danışmaqdan keçirəm. Çünki “arxiv” termininin nəyi ifadə etdiyini hamı yaxşı bilir.
Gənclərin yaxın dostu və hamisidir. Dəfələrlə şahidi olmuşam ki, müxbirlərdən hansınınsa problemi var – Məhəbbətin bir telefon zəngi kifayətdir.
Hiss edirəm ki, onun haqqında olduğu qədər danışa bilmirəm, sözümün əvvəlində də dedim axı...
...Bu günlərdə bir şad xəbər redaksiya binasının az qala şüşələrini sındıracaqdı. Əməkdaşların sevinci bir-birinə qarışmışdı, necə deyərlər, ağız deyəni qulaq eşitmirdi. Təbrik təbrikə qarışmışdı: Məhəbbət Mirzəyevanın mətbuatda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsinə əməkdaşlar Məhəbbət xanımın özündən çox sevinirdilər və mən də bunu təbii hesab etməkdə özümü haqlı sanıram. Həmin gün çay süfrəsi arxasında ona gələn telefon zənglərini demirəm.
Əzizim Məhəbbət! Təsdiq edərsən ki, o sevinənlər içərisində birinci mən olmuşam: Muxtar MƏMMƏDOV