İyulun 23-də Türkiyənin İzmir şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.
“Can Azərbaycan platforması” adı altında birləşən qeyri-hökumət təşkilatları və azərbaycanlı tələbələrin birgə həyata keçirdikləri tədbir İzmirin mərkəzi hissəsi olan “Konak meydanı”nda baş tutub.
Tədbirdə hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Aksiyada çıxış edən “Can Azərbaycan platforması”nın qurucuları olan “Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyası”nın rəhbəri İsa Ambarcı, “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Asif Kurban, “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın sədri Gürsəl Özdəmir, “Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi”nin başçısı Mülazim Pahsa, “Çağdaş Azərbaycan Mədəniyyət Dərnəyi”nin sədr müavini Murtaza Karaçanta, “Protestant Baptist Kilsələri Dərnəyi”nin rəhbəri Pastör Ərtan Çevik və “İzmir Vətəndaş Cəmiyyətləri Quruluşları Konfederasiyası”nın rəhbəri Yalçın Kocabıyık çıxış edərək Ermənistanın Azərbaycana qarşı təxribatçı və işğalçı siyasətini qınayıblar.
Ermənistan silahlı qüvvələrinin bu kimi təxribatçı əməllərindən əl çəkmələrini, işğal altındakı qədim Azərbaycan torpaqlarından dərhal çıxmalarını tələb edən çıxışçılar bildiriblər ki, dünya ictimaiyyəti buna göz yumduğu təqdirdə bənzər təxribatlar və torpaq iddiaları davam edəcək.
Tədbirdə mətbuata açıqlama verilib. Bildirilib ki, Türkiyə hər zaman olduğu kimi, bu haqlı davasında da Azərbaycanın yanındadır.
Aksiyada Azərbaycana dəstək şüarları səsləndirilib, iki dövlətin bayraqları dalğalandırılıb.