25 Dekabr 2024, Çərşənbə

  

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Çətin dağlıq şəraitdə xidmət edən dağ vüqarlı ərənlərin təəssüratlarını öyrənmək məqsədi ilə yol aldıq qartallar məkanı olan uca zirvələrə doğru. Yolboyu qartalların uçuşunun, kəkliklərin ətrafda qaçışının şahidi olduq, dağ qoyunu və dağ keçisi sürülərini gördük. Həmin istiqamətdə gecələr ova çıxdıqlarına görə gözümüzə dəyməyən, lakin mövcud olan oxlu kirpi, Qafqaz bəbiri, çöl pişiyi, vaşaq, canavar və sair kimi nadir tapılan növlər də var. Bu da Vətənimizin hər qarışı kimi flora və faunasının da qorunduğunu göstərir. 

Çətin və sıldırımlı yollarla səriştəli sürücü kiçik çavuş Hüseyn Hüseynquluyevin idarə etdiyi nəqliyyat vasitəsi bizi buludun ağuşuna aldığı hakim yüksəkliklərə doğru apararkən zabit Anar Nəbiyev çətin dağlıq şərait olmağına baxmayaraq gedəcəyimiz ünvanda tikilən müasir əsgəri-məişət kompleksindən, ordumuzun müdafiə potensialının artırılması istiqamətində aparılmış işlərdən həmin bölməyə düşən paydan fəxrlə danışır.

Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq. Burada əsgərlərimizin məskən saldığı qartallar məkanı olan uca zirvələrdə üçrəngli, ay-ulduzlu bayrağımız qürurla dalğalanır. Uğrunda canlar verilib, qanlar tökülən və hazırda Vətən müdafiəçilərimizin başı üzərində dalğalanan bayrağımız hər birimiz üçün namus, şərəf simvoludur.

Bu gün Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmənin hiyləgər təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

Ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədi ilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur. Müasir kazarmalarda  yaşayıb, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar. Hakim yüksəkliklərdə şəxsi heyətin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən yaradılan şərait düşmənlərimizə göz dağıdır. Burada əsgərlərin asudə vaxtlarının səmərəli təşkili üçün də hər cür şərait yaradılıb.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət döyüş hesabatına uyğun planlı şəkildə məşq etdirilir.

Məşqlər zamanı əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir. Zabitlərdən Ozal Məmmədov, Nəzarət Şəfiyev, Azər Muxdarov və başqaları ilə də həmsöhbət olan zaman bildirdilər ki, bölmədə əsgərlərin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının yüksəldilməsi istiqamətində xüsusi əhəmiyyətə malik tədbirlər həyata keçirilir.

Məşğələlərdə şəxsi heyətə ilk növbədə yüksək dözümlülük, iqlim xüsusiyyətlərini bilmək və ona uyğunlaşmaq, təhlükəsizlik qaydalarına əməl etmək kimi mühüm amillərdə öyrədilir.

Plana uyğun olaraq ön xətdə xidmət edən zenitçilərimiz bilavasitə tutduqları atəş mövqelərindən 23 mm-lik zenit qurğuları ilə praktiki atışlar keçirirlər. Atışlar zamanı pilotsuz və digər uçuş vasitələri ilə hədəfi aşkar, müşayiət və məhvetmə vərdişləri təkmiiləşdirilən zenitçilərimiz şərti düşmənin alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərini məhv edirlər. Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar. Hədəfləri sərrast atəşlə məhv etməyi bacaran əsgərlərdən Vəfalı Cəmilzadə, Qurban Qurbanov və başqaları hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr etdiklərini bildirdilər.

Döyüş hazırlığının əsas tərkib hissəsi olan fiziki hazırlıq üzrə keçirilən idman saatlarında şəxsi heyət böyük həvəslə iştirak edir. Əsgərlərdən Ayxan Aslanzadə mülki həyatda idman sahəsində uğurlu nəticələrinin olduğunu qeyd edərək onunla bərabər əsgər yoldaşlarından Rauf İsmayılov, Sahib İbrahimov, Zahir Həsənov, Ülvi Məzahirli, Vasif Məmmədov və digərlərinin də hərbi qulluqçular arasında keçirilən idman yarışlarında nailiyyətlər qazandığını bildirdi.

Şəxsi heyətin təəssüratlarını öyrənən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursunu uğurla bitirib ön xətdə xidmətni davam etdirən İlkin Zeynalov xidmətin və döyüş növbətçiliyinin uğurlu təşkilindən danışdı.  

Nümunəvi xidməti ilə seçilən əsgərlərimizdən Xəzri, Eltac, Orxan, Miryaqub, Səfər, Bəfadar, Rasif, Abbas, Ziya, Cəlal və Məhəmməd kimi gənclərimiz ön xəttdə xidmət etməkləri ilə qürur duyduqlarını bildirdilər. Əsgərlərimiz onu da vurğuladılar ki, biz burada təkcə əsgər yoldaşı deyil, bir ailə kimiyik. Çünki, bizim bir şüarımız var: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Hərbi qulluqçularımızın səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, Hərbi Andın və nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər.

Göründüyü kimi təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılıb. Yazımızın qəhrəmanlarının xidmət etdiyi bu bölmədə muxtar respublikamızın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR