25 Dekabr 2024, Çərşənbə

Hər bir xalqın milli-mənəvi dəyərlərinin, mütərəqqi dünyagörüşünün və milli şüur səviyyəsinin əsas göstəricilərindən biri də, onun mətbuatdır. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı da həqiqət carçısı, mütərəqqi ideyalar tərənnümçüsü olmaqla, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Milli mətbuatın yaranması milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, milli mədəni tərəqqiyə, milli əqidəmizin təkamülünə təkan vermişdir. İlk milli mətbuat orqanımız özünün maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi başlıca prinsipləri ilə Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməlini qoymuşdur. Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda kütləvi informasiya vasitələrinin rahat və təhlükəsiz fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi mətbuata göstərilən qayğının daha bir ifadəsidir.

Muxtar respublikamızda fəaliyyət göstərən jurnalistlər sözün həqiqi mənasında yüksək qayğı əhatəsindədirlər. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə fəxri adlar verilir, maliyyə yardımı göstərilir, onların əməyi layiqincə qiymətləndirilir. Jurnalistlərin mənzillərlə təmin olunması, isə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin davamıdır. 2011-ci ildə mətbuat bayramı ərəfəsində ölkə Prezidenti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Bakıda 5 mərtəbəli binanın bünövrəsi yenicə qoyulmuşdu ki, elə o zaman muxtar respublikada ilk mənzil “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədova hədiyyə edilmişdi. Daha sonra 2017-ci ildə Naxçıvan Dövlət Teleradio Şurasının sədri Rauf Kəngərli də mənzillə təmin olunmuşdu.

Qürurverici haldır ki, bu ənənənin davamı olaraq milli mətbuatımızın yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Televiziyasının gənc əməkdaşları Aysun Məmmədli və Razim İsmayıllının səmərəli fəaliyyəti qiymətləndirilərək yeni mənzillə təmin edildilər. Biz də fürsətdən istifadə edərək həmkarlarımız ilə görüşüb sevinclərinə şərik olduq. Onların dedikləri:

Aysun Məmmədli, Naxçıvan Dövlət Televizya və Radio Verilişləri Komitəsində redaktor: – Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı ulu öndərin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Hedyər Əliyev ölkənin üzləşdiyi çətin şəraitdə, iqtisadiyyatın iflic vəziyyətə düşdüyü bir vaxtda söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial həyat şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxladı. 2003-cü ildə bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası əsasında mühüm layihələr icra edildi. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün maliyyə vəsaiti ayrılması, mətbuatın üzləşdiyi problemlərin aradan qaldırılmasındakı göstərdiyi xidmətləri media nümayəndələrinin sevincinə səbəb olur.

Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 29 mart 2000-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı bu qayğının əyani ifadəsidir. Məhz bu sərəncamdan sonra muxtar respublikada fəaliyyət göstərən qəzetlərin həyatında bir dönüş yaranmış, müasir informasiya texnologiyalarının tətbiqi, teloradio materiallarının keyfiyyəti xeyli yaxşılaşdırılmış, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunmuş, televiziyanın internet saytı yaradılmış, televiziya və radionun internet üzərindən canlı yayımı təmin edilmişdir.Bu gün artıq Naxçıvan televiziyası və radiosu 19 saat bütün dünyaya yayımlanır. 140-dan çox ölkədə izlənilir. Hər həftə izləyicilərə rus və ingilis dillərində xəbər buraxılışlarının çatdırılması xarici ölkələrdən izlənməni daha da artırır.

Bu gün gənc ailə olaraq sevincimizin həddi-hüdudu yoxdur. Kiçik fəaliyyətimizdə yüksək qayğı ilə əhatə olunmağımız qürurvericidir. Bir jurnalist üçün mənzil probleminin ortadan qaldırılması təqdirəlayiq haldır. Əməyimizə verilən bu qiymət biz jurnalistlərin məsuliyyətini birə-beş artırır və qarşımızda mühüm vəzifələr qoyur. Biz də öz növbəmizdə yaradılan şərait, göstərilən qayğı müqabilində daha əzmkarlıq nümayiş etdirəcək, günün nəbzini tutacaq materialların operativ şəkildə efirə yayımlanmasında səylə çalışacağıq.

Razim İsmayıllı, Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində rejissor: – Bu gün mətbuat cəmiyyətin ayrılmaz atributuna çevrilib. Demokratiyanın, insan hüquqlarının qorunması uğrunda daim mübarizə aparan, ictimai rəyin formalaşmasına fəal kömək edən demokratik mətbuat bütün proseslərin önündə gedir, cəmiyyətin inkişafına xidmət edir. Muxtar diyarımızda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, onların problemləri ilə maraqlanması, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı konkret addımların atılması,dəyərli məsləhətlər verməsi, qələm sahiblərinin fəaliyyəti üçün geniş imkanlar açır. Ötən gün Ali Məclis Sədrinin jurnalistlərlə görüşündə “Muxtar respublikanın mətbuat işçiləri ilə fəxr edirəm” ifadəsini səsləndirməsi media nümayəndələrini daha da ruhlandırdı.

Bir gənc ailə olaraq mənzillə təmin olunmağımıza gəlincə isə sözün həqiqi mənasında əvəzolunmaz bir xoşbəxtlikdir. Bir ailəni evlə sevindirməyin alternativi nə ola bilər? Əlbətdə heç nə. Gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının özü gəncliyə verilən etimadın ifadəsidir. Bizlərə göstərilən qayğıya, yaradılan şəraitə görə muxtar respublika mediası adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarıq. Əmin edirəm ki, bundan sonra da dövlətçiliyimizə, xalqımıza xidmət edəcək, işimizi günün tələbləri səviyyəsində qurmağa çalışacaq, muxtar respublikanın müasirləşən, inkişaf edən kəndləri ilə bağlı daha aktuallıq kəsb edən verlişlər hazırlamağımda, filmlərin ərsəyə gəlməsində əlimdən gələni əsirgəməyəcəyəm. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Muxtar respublikanın kütləvi informasiya vasitələri informasiya-məlumatlandırma işini günün tələbləri səviyyəsində qurmalı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, milli dəyərlərimiz və turizm potensialı haqqında materiallar hazırlanmalı, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunmalı və geniş təbliğat işləri aparılmalıdır. Mətbuat ictimai fikri istiqamətləndirməli, muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı analitik və təhlili materiallar işlənilməlidir”.

Nuray ƏSGƏROVA

jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR