25 Dekabr 2024, Çərşənbə

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın keşməkeşli yoluna yenidən işıq tutmaqla həm də dövlətimizin mətbuat nümayəndələrinə qarşı sonsuz diqqət və qayğıkeşliyini bir daha göstərdi. Sərəncamda deyilir: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

145 il əvvəl iyulun 22-də görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatımızın əsasının qoyulması, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixində mühüm hadisə idi. “Əkinçi” qəzetinin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet imperiyasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Ümummilli lider demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini açıq şəkildə deməkdən çəkinmirdi.
Çoxəsrlik tarixə və zəngin ənənələrə malik milli mətbuatımızın müstəqillik illərindəki inkişafı bila­vasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ­ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qabaqcıl ictimai fikrin, milli məfkurənin inkişafında, müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüşə səbəb oldu. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli ­liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, ölkəmiz mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ­ölkəmizdə senzuranın ləğv edilməsi olduqca cəsarətli, prinsipial addım idi.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Ölkə Prezidenti mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanları yaratmışdır. Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, onlara fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Ölkə başçısı cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları mətbuata göstərilən dövlət qayğısının davamı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmiş, azad mətbuatın formalaşmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Muxtar respublikada bütün qəzet və jurnallar bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır.
Sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.
Ali Məclis Sədrinin mətbuat orqanlarına göstərdiyi hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulmuş, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılmışdır. Həmçinin Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı 4 saatdan 19 saatadək artırılmışdır. Cari il aprel ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 22 adda, 91 min manat dəyərində yeni çəkiliş və efir avadanlıqlarının alınması isə teleradionun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. 2012-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmiş, müasir tələblərə cavab verəcək formaya salınmışdır. 2016-cı ildə isə Naxçıvan Dövlət Televiziyasının saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. “Nuhçıxan” İnformasiya Agentliyi və onun saytı ən mühüm informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları üç dildə dünyaya çatdırmaq kimi uğurlu fəaliyyət göstərir. “Nuhçıxan” İnformasiya Agent­liyinin uğurlu fəaliyyəti Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və izləyici auditoriyasına çatdırılmasına istiqamətlənmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələr təsis olunmuşdur. Bununla da dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. Eyni zamanda informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunması sahəsində konkret istiqamətlər müəyyənləşdirilmişdir. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Digər bir tərəfdən informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açmışdır. Bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır, ölkə və dünya mediasında muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır. Muxtar respublikada baş verən yeniliklər, sosial-iqtisadi inkişaf, ictimai-mədəni hadisələr, beynəlxalq tədbirlər, diyarımızın turizm potensialı haqqında materiallar geniş tamaşaçı, dinləyici, izləyici və oxucu auditoriyasına çatdırılır. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.
Sürətli internet təminatı sosial şəbəkələrdən sərbəst istifadəyə imkan verir. Artıq muxtar respublikada kütləvi informasiya vasitələrinin, eləcə də yüz minlərlə sakinin “Youtube”, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə səhifələri vardır. Bu da informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.
2019-cu il də muxtar respublika mətbuatında çox əlamətdar hadisələrlə yadda qalmışdır. Belə ki, kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sosial-iqtisadi inkişaf, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur”.
Ötən il Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandumun imzalanması naxçıvanlı jurnalistlərin dünyada baş verən prosesləri daha yaxından izləmələrinə geniş şərait yaratmışdır. Həmçinin Naxçıvan mətbuatının dünya mediasının tərkib hissəsi olaraq daha da inkişaf etməsinə yeni imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilmiş, redaksiyanın yeni nizamnaməsi və ştat strukturu təsdiq olunmuşdur. Bununla yanaşı, redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir vaxtı 8 saat müəyyənləşdirilmiş, kadr islahatı aparılmışdır. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən təşkil olunması, buradakı struktur dəyişikliyi muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı, teleradio verilişlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardandır.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və kitabxanaçılıq kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı Media mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Muxtar respublikanın media əməkdaşları hər il milli mətbuatımızın yaranması gününü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər, bu əlamətdar hadisə ilə bağlı yaradıcılıq müsabiqələri keçirilir, qələm sahiblərinin əməyi qiymətləndirilir.
Naxçıvan mətbuatı Ali Məclis Sədrinin verdiyi dəyərli tövsiyə və tapşırıqları, müəyyənləşdirdiyi fəaliyyət prinsiplərini rəhbər tutaraq bundan sonra da müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, maarifləndirmək uğrunda yorulmaz fəaliyyət göstərəcək.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR