XX yüzilliyin əvvəllərində tarixi Azərbaycan torpaqlarında öz qondarma dövlətini yaratmağa nail olan təcavüzkar ermənilər havadarlarının himayəsi ilə Azərbaycanın bir sıra torpaqlarını hissə-hissə mənimsəməklə qalmayıb torpaqlarımızın faizini də işğal etdilər. Təcavüzkar siyasətini davam etdirən qondarma Ermənistan dövləti isə son illər bütün cəbhələrdə, o cümlədən döyüş meydanında Azərbaycan qarşısında diz çökür.
Bu sözləri AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.
Fəxrəddin Səfərli qeyd edib ki, təcavüzkar, aqressiv siyasətinə görə beynəlxalq aləm tərəfindən layiqli şəkildə cəzalandırılmayan Ermənistan bu il iyul ayının 12-də bir sıra strateji əhəmiyyətli yerləri ələ keçirmək, bununla da Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinin qarşısını almaq məqsədilə Tovuz istiqamətində Azərbaycan ərazisinə hücum etdi. Onlar bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı- Tbilisi-Qars dəmir yol xəttini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini nəzarətə götürmək iddiasına düşmüşdü. Ancaq görünür, Ermənistan dövləti, xüsusilə onun heç bir dövlətçilik və idarəçilik qabiliyyəti olmayan baş naziri Nikol Paşinyan qüdrətli Azərbaycan Ordusu ilə üz-üzə gəlməyin hansı nəticələrə yol açacağını hələ də başa düşməyib. Son döyüşlər isə ermənilərə çox gözəl dərs oldu. Qəhrəman Azərbaycan Ordusu öz həlledici sözünü dedi, erməni ordusu ciddi itkilər verərək geri çəkilməyə məcbur oldu.
“Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Tovuz istiqamətində döyüş başlanan ilk gündən bütün Azərbaycan əhalisi, gənclərdən tutmuş ahıllaradək hamı Vətənin müdafiəsinə qalxdı. Yüz minlərlə insan Vətəni müdafiə şüarları ilə keçirilən aksiyalara qoşuldu. Aksiya iştirakçıları Prezident İlham Əliyevin qətiyyətli səyləri ilə həyata keçirilən bütün tədbirləri dəstəklədi”, - deyən AMEA-nın müxbir üzvü vurğulayıb ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, gücünü ortaya qoydusa, həmin aksiyalar xalq-iqtidar birliyini parlaq surətdə bir daha sübut etdi. Bu nümayişlər göstərdi ki, xalq öz Prezidentinə inanır, onu sevir və hər zaman onun yanındadır. Xalqımız qəti əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı zəfərlərə aparır, onun həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız qısa müddət ərzində azad ediləcək, ədalət bərpa olunacaq.
Fəxrəddin Səfərli deyib: “Bu şərəfli, məsuliyyətli və müqəddəs işin həyata keçirilməsində Prezidentimiz İlham Əliyevə uğurlar arzulayırıq. Azərbaycan xalqı Sizinlədir, hörmətli Prezidentimiz!”