Azərbaycan milli mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində əlamətdar tarixi gün kimi qeyd olunduğu bir ərəfədə biz də jurnalistikanın şərəfli və məsuliyyətli bir sənət olduğunu bütün ciddiyyəti ilə dərk edən, öz peşəsinə ürəkdən bağlanan jurnalist həmkarlarımızla həmsöhbət olduq.
“Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov ömrünün 8-ci onilliyinə qədəm qoyub. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
– 50 ildir, qəzetdəyəm. Bu illəri üç mərhələyə bölmək olar. Birinci dövr sovet dönəmidir. O illərdə işləyə-işləyə ali təhsil almışam. Azərbaycanın milli mətbuat tarixində xüsusi yeri, dəstxəti olan onlarca jurnalistlə yolyoldaşı olmuşam, onlardan çox şey öyrənmişəm.
İkinci dövr 1988-1993-cü illərdə olan hərc-mərclik, mənəm-mənəmlik dövrüdür. Bu qarışıq illərdən də baş çıxara bildik, mənəvi borcumuzu və vəzifəmizi yerinə yetirməyə, reallıqları obyektiv şəkildə təqdim etməyə çalışdıq. Üçüncü dövr 1995-ci ildən sonrakı zaman kəsiyidir. Bu yolda muxtar respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısını çox görmüşük, bu gün də həmin qayğıların əhatəsindəyik.
“Şərq qapısı” ilə bərabər, şəhər və rayon qəzetlərini də nəşr edən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin tamamilə yenidən qurulması, hər il daha müasir çap avadanlıqları ilə təmin edilməsi, qəzetlərin maddi-texniki təminatının yaxşılaşdırılması, jurnalistlərin əməyinin qiymətləndirilməsi, qəzetlərə ayrılan maliyyə yardımları dediklərimin əyani təsdiqidir. Ümumiyyətlə, bu gün muxtar respublikamız digər sahələrdə olduğu kimi, mətbuata göstərilən qayğıya, jurnalistikaya və jurnalist əməyinə, azad sözə, azad fikrə verilən yüksək dəyərə görə nümunə gücündədir. “Şərurun səsi” qəzetinin kollektivi də Ali Məclis Sədrinin tövsiyələrinə uyğun olaraq ictimai proseslərin önündə getmək, ictimai şüuru istiqamətləndirmək, tariximizi gələcəyə daşımaq ənənəsinə sadiq qalacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Müəllif proqramları və xüsusi layihələr redaksiyasının baş redaktoru Ruhiyyə Rəsulovada jurnalistikaya maraq, sevgi uşaqlıqdan yaranıb. Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirməsinə, 10 ilə yaxın müddətdə müəllim kimi çalışmasına baxmayaraq, mətbuata, televiziyaya könüldən bağlanıb:
– Ən böyük istəyim atamın sənətini davam etdirmək, Rəsulov imzasını yaşatmaq idisə, əsas məqsədim bu sahədəki fəaliyyətimlə doğma Naxçıvanımızı qarış-qarış gəzib tanımaq və onu təbliğ etmək idi. 2003-cü ildən “Şərq qapısı”, “Nuh yurdu” qəzetləri, eləcə də ölkənin mərkəzi mətbuat orqanları ilə əməkdaşlıq etdim. Müxtəlif illərdə “Səs” qəzetinin Naxçıvan üzrə bölgə müxbiri, “Naxçıvanın səsi” və Naxçıvan Dövlət Radiosunda işlədim. O vaxtdan bəri jurnalistika həyatımın ayrılmaz hissəsinə çevrilib. Daha sonra Naxçıvan Dövlət Televiziya və Radiosunda redaktor kimi fəaliyyət göstərdim, hazırda televiziyanın Müəllif proqramları və xüsusi layihələr redaksiyasının baş redaktoru vəzifəsində çalışıram. Onu da deyim ki, “Şərq qapısı” qəzetində qazandığım təcrübə sonrakı fəaliyyətim üçün əsas olub. Bu gün də doğma qəzetdə müxtəlif məqalələrlə çıxış edirəm. Həmçinin “Nuhçıxan” İnformasiya Agentliyində köşə yazarı kimi fəaliyyət göstərir, mərkəzi mətbuat və informasiya saytları ilə əməkdaşlıq edirəm. Naxçıvan televiziyasında biz jurnalistlər üçün yaradılan şərait cari verilişlərlə yanaşı, yeni layihələrlə çıxış etməyimizə, araşdırma tələb edən sənədli filmlərin ərsəyə gəlməsinə geniş imkanlar açır. Tamaşaçılara təqdim olunan maraqlı tarixi-sənədli filmlərin, “Günün sözü”, “İcmal” və digər studiya verilişlərinin müəllifiyəm. Televiziya fəaliyyətim dövründə mənim üçün ən yaddaqalan məqam 2018-ci ildə Naxçıvanın işğaldan azad edilmiş Günnüt kəndində ordumuzun qazandığı şanlı zəfəri tamaşaçıya çatdırmaq oldu. O anda yaşadığım sevinc, fərəh, qürur hissləri həyatımın ən gözəl anları idi. Həmin il Prezident cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edildim. Düşünürəm ki, bu çalışdığım Naxçıvan Dövlət Televiziyası kollektivinin əməyinə verilən yüksək qiymətdir.
Muxtar respublikanı təmsil edən bir media nümayəndəsi kimi, bundan sonra da müasir Naxçıvanı layiqincə təbliğ etməyə çalışacağam.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzetinin redaktoru, şair-publisist Qafar Qərib ixtisasca müəllim olsa da, ömrünü mətbuata bağlayıb. 2005-ci ildə AMEA Naxçıvan Bölməsində yaradılan “Tusi” nəşriyyatına baş redaktor kimi dəvət olunub, 2006-cı ildə nəşriyyatın direktoru təyin edilib. Uzun illər bu nəşriyyatda işıq üzü görən “Xəbərlər” jurnalının və digər elmi nəşrlərin yüksək səviyyədə çap olunmasında onun da əməyi vardır:
– Dörd il “Tusi” nəşriyyatında çalışdıqdan sonra – 2009-cu ildə “Nuh yurdu” qəzetinin redaktoru vəzifəsi mənə həvalə edilib. Artıq on bir ildir ki, redaktor kimi bu mətbu orqanın məsuliyyətini çiyinlərimdə daşıyıram. Çalışıram ki, qəzet Nuh yurdunun bu gününə, keçmişinə, mədəniyyətinə, ictimai-siyasi həyatına işıq tuta bilsin. Qəzet özündə qədim və şanlı tarixinin izlərini yaşadan Naxçıvan şəhərində, Nuhun yurdunda aparılan genişmiqyaslı inkişafı, quruculuq sahəsində görülən işləri işıqlandırmaq, Naxçıvan ziyalılarını, söz-sənət adamlarını oxuculara tanıtmaq kimi bir missiyanı yerinə yetirir, öz dəstxəti, yazı üslubu ilə seçilir və oxunur.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 2000-ci ildə Prezident təqaüdünə layiq görülmüşəm. Dəfələrlə hər iki sahədə – həm ədəbi, həm də publisistika sahəsində onlarla mükafat, diplom və fəxri fərmanlara layiq görülmüşəm. Milli mətbuatın 140 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmişəm. 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə şurasının üzvü olmağım jurnalistlik fəaliyyətimdə üzərimə ikiqat məsuliyyət qoyur. Buna görə də bütün yaradıcı qüvvəmlə müasir tələblərə cavab verən nümunəvi qəzet nəşrinə çalışıram.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva Naxçıvan Dövlət Universitetində bakalavr və magistratura pillələrində təhsil alıb. Jurnalistika sahəsində fəaliyyətini “Yeni fikir” qəzetinin redaktoru, Jurnalistika və kitabxanaçılıq kafedrasının müəllimi kimi davam etdirib. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri vəzifəsində çalışır:
– Bu gün Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə yüksəksəviyyəli kadr hazırlığı aparılır. Müasir texnoloji vasitələrlə təmin olunmuş Media mərkəzi isə ali təhsil ocağının fəaliyyətinin təbliği işinə öz layiqli töhfəsini verir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Mətbuat cəmiyyətin güzgüsüdür”. Bu, əvvəl də belə idi, müasir dövrdə də belədir. Mən deyərdim ki, Naxçıvan mətbuatı Azərbaycan mətbuatı fonunda özünəməxsus cəhətləri ilə formalaşan əsl mətbuat nümunəsi, xüsusi jurnalistika məktəbidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun media orqanlarına göstərdiyi yüksək qayğı və dəstəyin nəticəsidir ki, muxtar respublikamızda jurnalistika ənənələrinə sadiq, peşəkar mətbuat formalaşıb.
“Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə 2016-cı ildən Babək Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səhəri” qəzetinin redaktoru vəzifəsində çalışır:
– Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisasının fəaliyyətə başlaması uzaq gələcəyə hesablanmış bir addım idi. Bu gün mənim kimi, həmin ixtisasın məzunu olan onlarla jurnalist muxtar respublikanın kütləvi informasiya vasitələrində fəaliyyət göstərirlər. Bu, bir reallıqdır ki, qəzet çıxarmaq arzusunda olan istənilən redaksiya kollektivinin fundamental jurnalistika biliyi, bacarığı olsa da belə, müasir nəşriyyat, eləcə də digər zəruri infrastruktur olmasa, bu, elə arzu kimi də qalacaqdır. Bu gün muxtar respublikada çap olunan qəzetlər yüksək poliqrafik keyfiyyətlə və rəngli formada nəşrə hazırlanır. “Şərqin səhəri” qəzeti üçün ən müasir iş şəraiti yaradılıb, redaksiyanın balansına yeni avadanlıqlar, o cümlədən müasir fotoaparat dəsti verilib. Bu şəraitin müqabilində bundan sonra da rayonun ictimai-siyasi güzgüsü olacaq bir mətbu orqanın yüksək səviyyədə nəşrinə çalışacağıq.
Səriyyə Alməmmədova: – Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 35-ci ildönümünün şərəfinə yaradılan “Kanal 35” televiziyası, o cümlədən onunla yanaşı, fəaliyyət göstərən “Naxçıvanın səsi” radiosu öz fəaliyyətini dövlətçilik, vətənpərvərlik, millilik kimi amillər üzərində qurub. Onu deyim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilib ki, bu da redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun fəaliyyətində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu gün Naxçıvanda medianın inkişafı üçün yaradılan sərait, göstərilən diqqət peşəkarlarla yanaşı, biz gənclərin də fəaliyyətinə müsbət təsir edir. Peşəkarlaşmaq istiqamətində atdığımız hər addımda göstərilən dövlət dəstəyini hiss edirik. Bir çox müsabiqələrdə iştirak etmişəm. Bütün bunlar isə təcrübəmi artırmaq, yazmaq bacarığını yaxşılaşdırmaq kimi şəxsi inkişafımda xeyli rol oynayıb. Bundan sonra öz üzərimdə çalışmaqla jurnalist peşəkarlığımı artırmağa səy göstərəcəyəm.
Nəzmiyyə Məmmədova muxtar respublikada 2015-ci ildən fəaliyyət göstərən, müstəqil informasiya təminatı həyata keçirən ilk özəl onlayn media qurumu olan naxcıvanxeberleri.com xəbər portalında 2 ildir ki, müxbir vəzifəsində çalışır:
– Uşaqlıqdan mediaya marağım bu saytda fəaliyyətə başlamağıma vəsilə olub. İşimə vurğunluğum, əzmim, zəhmətim nəticəsində çalışdığım müddətdə 3 dəfə mükafatlandırılmışam, 2020-ci il 2 fevral – Gənclər Günündə isə “İlin gənc jurnalisti” nominasiyasının qalibi kimi təltif olunmuşam. Bu etimadı daha böyük yaradıcılıq uğurlarımla doğrultmağa çalışacağam.
Səkinə Mirzəyeva – “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı:
– Bu gün doğma Naxçıvanımızda bütün sahələrdə əldə olunan inkişaf mətbuatı da əhatə edib. Əvvəllər mətbəəmizdə çap edilən məhsullar primitiv alınır, oxucu tələbini, demək olar ki, ödəmirdi. Köhnə, istismar müddətini başa vurmuş maşınlarda çap nümunələri də keyfiyyətsiz alınırdı. Müstəqillik illərinin bəhrəsi kimi 2010-cu ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binada fəaliyyətə başlaması dövlət qayğısının parlaq təzahürüdür. Bütün bunlarla yanaşı, hər zaman əməyimizə də yüksək qiymət verilir. 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmağım da buna bariz nümunədir.
Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində qələmi ilə birliyimizi, vətənpərvərliyimizi, milli-mənəvi dəyərlərimizi təbliğ edən həmkarlarımıza bu çətin, çətin olduğu qədər də şərəfli və məsuliyyətli peşələrində uğurlar arzu edirəm.
Ramiyyə ƏKBƏROVA
Pərviz HACILI
Güntac ŞAHMƏMMƏDLİ
Türkan HÜSEYNLİ