Naxçıvanda açıq səma altında iki muzey var. Birində qədim tariximizin daş yaddaşına yazılmış nümunələr, digərində isə bu tarixə sahiblənmək istəyənlərlə mübarizənin gerçək şahidləri olan hərbi texnikalar sərgilənir. Daş yaddaşımızı məhdud bir çərçivəyə sığdırmaq nə qədər çətindirsə, mübarizə əzmimizi də müəyyən bir çərçivədə düşünmək mümkünsüzdür. Bəlkə də buna görədir ki, eksponatları açıq məkanda nümayiş etdirilən bu muzeyləri ziyarət etmək üçün müəyyən bir “qapıdan” keçməyə lüzum yoxdur.
Naxçıvan şəhərindəki Döyüş Şöhrəti Muzeyi 2018-ci ildə – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində istifadəyə verilib. Hərbi şəhərciyin ərazisində yaradılmış bu muzey muxtar respublikada mədəniyyət profilli olmayan ilk muzeydir. Muzey bir çox maraqlı tərəfləri ilə seçilir. Məsələn, elə muzeylər var ki, onları dünyanın istənilən ölkəsində yaratmaq mümkündür və belə mədəniyyət müəssisələrinə hər yerdə rast gəlmək olar. Ancaq elə muzeylər də var ki, onların yaradılması üçün ənənəvilik şərtdir. Naxçıvanda yaradılmış Döyüş Şöhrəti Muzeyi də bu ənənəviliyin bariz nümunəsidir.
Qeyd etdiyimiz kimi, bu tipli muzeylərə çox az-az rast gəlmək mümkündür. Adətən, belə muzeylərin təşkil olunduğu ölkələr iki mühüm bazaya əsaslanır və onu təbliğ etməyə çalışır. Birincisi odur ki, ya kütləvi hərbi texnikalar istehsalçısı, ya da daim qürurla xatırlanan hərb tarixi keçmişinə malik olmalısan. Azərbaycan həm birinci, həm də ikinci sənaye inqilablarından sonra böyük hərbi sənaye məhsulları istehsalçısı olmasa da, hərb tariximiz kifayət qədər zəngindir. Elə son iki yüz ili götürsək, Azərbaycan həm çar Rusiyası və Xalq Cümhuriyyəti dövrlərində, həm də sonrakı dövrlərdə daim mübarizə şəraitində olub. Çünki ölkəmizin mühüm strateji mövqedə yerləşməsi, yaşayış üçün bütün imkanların əlçatan olması, iqlim xüsusiyyətləri və digər amillər Vətənimizi hər zaman xarici maraqların cəmləşdiyi bir məkana çevirib. Təbii ki, bu maraqlar ölkəmizin əhəmiyyətini göstərməklə yanaşı, zaman-zaman ona sahiblənmək iddialarını da ortaya qoyub. Tarixin bütün dövrlərində xalqımıza, ölkəmizə qarşı yönələn hücumlara hər dəfə layiqli cavablar vermişik. Düşmənlərimizə qarşı bu mübarizələrdə saysız-hesabsız qəhrəmanlarımız öz igidlikləri ilə ad-san qazanıb, şanlı hərb tariximizin unudulmaz səhifələrini yazıblar. Xüsusilə Naxçıvanın mərd oğulları ötən əsrin əvvəllərində torpaqlarımıza göz dikmiş erməni quldurları ilə mübarizədə böyük igidliklər göstərmiş, bütün xarici təsirlərə baxmayaraq, bir qarış torpağı belə, kimsəyə güzəştə getməmişlər. Dünyanı lərzəyə salan, miqyasına görə planetin ən böyük savaşı kimi tarixə düşmüş İkinci Dünya müharibəsində də mərd oğullarımız alman faşizminə qarşı döyüşlərdə fədakarlıqla vuruşmuş, bu yolda canlarını qurban vermişlər. Nəhayət, ötən əsrin sonlarında erməni qəsbkarlarının qədim diyarımıza aramsız hücumlarının qarşısı naxçıvanlıların həmrəyliyi, qəhrəmanlığı sayəsində alınmışdır. Və yaxud götürək Naxçıvanın hərb tarixinə adını böyük hərflərlə yazdırmış qəhrəman oğullarını. Məlumdur ki, Çar Rusiyası dövründən bu günümüzədək naxçıvanlı hərbçilər istər qədim diyarımızın müdafiə olunmasında, istərsə də digər cəbhələrdə öz şücaətləri ilə bu tarixi daha da zənginləşdiriblər. Bunları xatırlatmaqda məqsədimiz odur ki, Naxçıvanda Döyüş Şöhrəti Muzeyinin yaradılması heç də təsadüfi alınmış qərarın nəticəsi deyil.
Bu gün Naxçıvan şəhərindəki hərbi şəhərciyin ərazisində yaradılmış Döyüş Şöhrəti Muzeyində ötən əsrin sonlarında muxtar respublikamızın müdafiəsində istifadə olunmuş onlarla hərbi texnika və qurğular var. Bu silah və qurğular blokadaya salınmış muxtar respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Burada nümayiş etdirilən hərbi texnikaların hər birinin yanında məlumat lövhələri qoyulub. Həmin lövhələrdə nümayiş etdirilən texnikaların istehsal ili, istifadə sahələri, texniki xüsusiyyətləri, döyüşlərdə iştirakı haqqında məlumatlar yerləşdirilib. Haubitsa, top və minaatanlar, tanklar, döyüş-nəqliyyat vertolyotu, hava hücumundan müdafiə üzrə döyüş maşınları, mühəndis istehkam xidmətində istifadə edilən texnikalar, habelə müxtəlif hərbi təyinatlı avtomobillərin eyni modellərindən hazırda da bir çox ölkələrin ordularında, eləcə də erməni hərbi birləşmələrində istifadə olunmaqdadır. Lakin ölkəmizin iqtisadi gücünün nəticəsində bu gün ordumuzun arsenalı müasir tələblərə yüksək səviyyədə cavab verən milli və dünyanın aparıcı silah sənayelərinin istehsalı olan hərbi texnikalarla təchiz olunub. Üç il bundan əvvəl Naxçıvanda keçirilən hərbi paradda hər kəs bunu bir daha gördü.
Bir məqamı da vurğulamaq lazımdır ki, bir hərbi texnikanın model olaraq istismar müddəti 30-40 ilə qədər davam edir. Ancaq bu, hərbi sənayedə modifikasiya prosesinin dayanması anlamına gəlmir. Əksinə, hərbi sənaye bahalı investisiya sayıldığından, dünya ölkələrinin bir çoxu öz ordularının modernləşdirilməsinə bəzən 10-15 il vaxt sərf edirlər. Heç uzağa getməyək, bu gün MDB məkanındakı ali hərbi məktəblərdə Hava hücumundan müdafiə ixtisası üzrə təhsil alan kursantlar, hələ də ilkin olaraq qoşunların hava hücumlarından müdafiəsində geniş istifadə olunan “Şilka”, “Osa”, “Kruq” kimi zenit-raket komplekslərini öyrənirlər. Hansı ki belə komplekslərdən ikisi bu gün Naxçıvandakı Döyüş Şöhrəti Muzeyində eksponat olaraq saxlanılır. Deməli, bu muzey təkcə hərb tariximizin şöhrətini deyil, eyni zamanda ordumuzun müasir gücünü də göstərir. Bu mənada, onu əminliklə deyə bilərik ki, hazırda düşmən ordusunda istifadə olunan bir çox hərbi texnikalar bizdə artıq çoxdan muzey eksponatına çevrilib.
Naxçıvan şəhərindəki Döyüş Şöhrəti Muzeyi maraqlı eksponatları ilə bu gün böyükdən-kiçiyə hər kəsin diqqətini çəkir. Açıq Səma Altındakı Muzeydə hərbi texnikalara uşaqlar daha maraqla baxır. Çünki uşaqlar üçün həqiqi döyüş texnikalarına yaxından baxmaq cizgi filmlərindən, kompüter oyunlarından daha maraqlıdır. Xüsusilə buradakı tank, təyyarə və vertolyotlara maraq göstərənlər daha çoxdur. Bu texnikaların fonunda fotoşəkil çəkdirmək isə uşaqlar üçün ən gözəl xatirədir. Muzey həm də uşaqlarda ilkin vətənpərvərlik hisslərinin formalaşmasına şərait yaradır. Kim bilir, yəqin ki, bu uşaqlar arasında gələcəyin adlı-sanlı hərbçiləri də yetişəcək.
Bu yaxınlarda isə muzeydəki eksponatların sırasına 3 yeni aviasiya texnikası da daxil edilib. Beləliklə, 26 adda eksponatla fəaliyyətə başlayan muzeydə silah və texnika nümunələrinin sayı artırılaraq 40-a çatdırılıb. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub, döyüş-nəqliyyat vertolyotu isə Birinci Qarabağ Müharibəsində şərəfli döyüş yolu keçib. Buradakı “Mİ-24V” döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtomobil karvanlarının və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilib. Təknəfərlik “YAK-50” idman-aerobatik təlim və ikinəfərlik “YAK-52” idman-aerobatik təlim-məşq təyyarələrinin isə hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların peşəkarlıqlarının artırılmasında böyük rolu olub.
Bəli, Döyüş Şöhrəti Muzeyi uşaq, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm təsir göstərən bir müəssisədir. Muzeydəki texnikaların hər biri Silahlı Qüvvələrimizin tərkibində layiqincə “xidmət edib”. Və bu xidmət hazırda da davam edir, eksponatlar gənc nəsli daha vətənpərvər olmağa, torpaqlarımıza göz dikmiş düşmənlərə layiqincə cavab verməyə səsləyir.
Səbuhi HƏSƏNOV