2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.
Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 20 iyul 2020-ci il tarixdə şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanında qeydiyyatdan keçmiş 20 müəllim iştirak edib. Test imtahanında iştirakçılara 40 sual təqdim edilib, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandırmış 18 nəfər müvafiq keçid balını toplayıb.
Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə videoçəkiliş də aparılıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
İmtahanın təşkili zamanı karantin rejiminin tələblərinə ciddi əməl olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti