Türkiyənin İğdır şəhərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və ölkəmizə dəstək məqsədilə velosipedsürmə aksiyası keçirilib.
Tədbir İğdır Velosipedçilər Klubu, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.
Şəhərin mərkəzi küçələri ilə hərəkət edən velosipedçilər Şəhid Mehmet Çavuş abidəsinin önündə və Zübeydə xanım bulvarının girişində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandırıblar. “Azərbaycan yalnız deyil!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Yaşasın Azərbaycan-Türkiyə birliyi!” kimi şüarlar səsləndirilib.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal aksiya ilə bağlı deyib: “Ermənilər cəzasızlıqdan azğınlaşmaqda davam edirlər. Tovuz rayonu istiqamətində Azərbaycana yeni bir hərb cəbhəsi açmaq cəhdi bu azğınlığın son həddidir. Ordumuzdan qürur duyur, dəstək veririk və cəsur Azərbaycan əsgər olduğumuzu bəyan edirik”.
İğdır Velosipedçilər Klubunun rəhbəri Gökçən Acar bildirib: “Klubumuz Azərbaycana dəstək məqsədilə belə bir yürüşə qoşulub. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını qoşa dalğalandırmaq həmrəyliyimizin ən cəlbedici formasıdır. Azərbaycanın hər qarış torpağı bizim üçün əzizdir. Hər zaman olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın yanındayıq. Tovuz rayonu istiqamətində Azərbaycana edilən hücumları qətiyyətlə lənətləyirik”.
İğdır Velosipedçilər Klubunun rəhbərinin müavini Erdinç Turan qeyd edib: “Azərbaycan-Türkiyə qardaşlığından qürur duyuruq. Türkiyə vətəndaşı olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Azərbaycanın yolunda canımızdan keçməyə hazırıq”.