25 Dekabr 2024, Çərşənbə

                                                 “Əkinçi” qəzeti – 145

Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Maarifçiliyin geniş intişar tapmasında, məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, S.Ünsizadənin, S.Ə.Şirvaninin, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar.

Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin idi. Həsən bəy Zərdabi ana dilində qəzet çıxarmaq fikrinə  1868-ci ildə Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu qəzetin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik ideyaları aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular.

“Əkinçi” qəzeti nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül” kimi nəşrlər “Əkinçi” qəzetinin ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar İslam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı, xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.

Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və “Полярная звезда”, “Колокол”, “Современник” kimi demokratik mətbuat orqanlarının mütərəqqi ideyaları ilə tanış olan Zərdabi və “Əkinçi”nin başqa müəllifləri “Əkinçi” qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdülər. “Əkinçi” dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi.

Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan “Əkinçi”lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməməsində görürdü. Qəzet üstüörtülü şəkildə olsa da, çarizm üsul-idarəsini, onun törətdiyi cinayətləri tənqid edirdi.

H.Zərdabi və onun məsləkdaşları “Əkinçi” qəzetini din və mövhumata, ətalət və geriliyə qarşı mübariz bir tribunaya çevirməyə çalışırdılar. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu.”Əkinçi” qəzeti mövhumatçılara birinci zərbəni dünyəvi elmləri öyrətməyə təşviq edən müzakirəni açmaqla vurdu. Qəzet göstərirdi ki, biz də “Qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin etməliyik”

Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi yaxşı bilirdi. “Əkinçi”nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”, “yaxşı-yamanlığı aşkar eləsin”, “xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün” kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır.

Həsən bəy Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir, qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər. Lakin jurnalistikaya meyl göstərən, onu özünə sənət seçən adamların olmaması, Zərdabini tutduğu böyük yolda çətinliklərə salırdı. Zərdabi “Əkinçi”də demək olar ki, hər şeydən yazırdı.”Əkin və ziraət xəbərləri” başlığı altında gedən məqalələrində Zərdabi torpağın elmi qayda ilə becərilməsindən, əkinçilik işlərini yeni yola çıxarmaqdan, yeni maşınların tətbiqindən və sairdən bəhs edirdi. O, həmçinin kəskin siyasi məsələlər də qoyurdu, zəmanənin eyiblərini açıb göstərirdi. O, bəzən ustalıqla adi bir məqalənin içində siyasi məsələlərdən bəhs edirdi. Məsələn, o, bir məqalədə oxucuya adi bir xəbər verir, göstərir ki, fransız alimi Paster barama qurdu bəsləməyin yeni qaydasını tapıb. Fransa sözü işlədilən yerdə mötərizə açıb deyirdi ki, (indi Firəngistanda padşah yoxdur, dövlət işinə məhkəmə (yəni məclis) mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir). Beləliklə, Zərdabi oxucuya başa salmaq istəyirdi ki, Fransada dövlət quruluşu bizimkindən yaxşıdır. Orada məclisi camaat seçir, dövlət işlərini tək bir adam deyil, məclis idarə edir.

Həsən bəyin məhz “Əkinçi”nin səhifəlrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələlərini qoyması, “Əkinçi”qəzetinin mütərəqqi ideyaları çar müstəmləkəçilərini ciddi narahat etdiyinə görə qəzet 1877-ci ildə 56 nömrəsi  çapdan çıxdıqdan sonra bağlanıldı.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaratdı. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və mətbuat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi.

          Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əkinçi” qəzetinin 145 illiyinin qeyd olunması haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncam imzalayıb. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxmıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 1 iyul tarixli Sərəncamında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ulduz EYVAZOVA

Naxçıvan Qarnizonu tam orta məktəbin tarix müəllimi

 

 


 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR