Ölkə Prezidentinin 2020-ci il 2 iyun tarixli fərmanlarına əsasən qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Belə ki, 1 yanvar 2021-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi 9 manatdan 4,5 manata, digər sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 1 oturacaq yerinə görə 1,8 manatdan 0,9 manata endirilib.
Bu barədə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində sürücülərin iştirakı ilə keçirilən seminar-müşavirədə ətraflı danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, yuxarıda qeyd olunanlarla yanaşı, fərqlənmə nişanı alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergiödəyicilərinə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında, yəni 15 manat məcburi dövlət sosial sığorta haqqı təyin olunub.
Qeyd olunub ki, qanuna edilmiş digər əlavəyə görə vergiödəyicisi fərqlənmə nişanı almaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə ərizə ilə müraciət etdiyi zaman fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədlərini təqdim etməlidir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2020-ci il tarixdə imzaladığı Fərmana əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin vəzifəli şəxsləri də daxil edilib. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər Dövlət Nəqliyyat Xidməti əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimələnə bilərlər.
Sonra sürücüləri maraqlandıran suallar cavablandırılıb.