Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın milli mətbuatımızın 145 illik yubileyi münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla “Naxçıvanın publisistik xəritəsi” adlı kitabı işıq üzü görüb. Yeni nəşr 2010-cu ildə milli mətbuatımızın yaranmasının 135 illiyinə həsr olunan “Qəzet jurnalistikası” adlı kitabından sonra müəllifin oxucularla ikinci görüşüdür. Cəlbedici adı, fərqli üz qabığı ilə elə ilk baxışdan diqqəti çəkən nəşr ümummilli liderimiz Heydər Əliyevin dövlətin, dövlətçiliyin, cəmiyyətin güzgüsünə çevrilən milli mətbuatımız haqqında söylədiyi dəyərli fikirlərlə, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamı ilə başlayır.
11 fəsildən ibarət kitabda yer alan araşdırma xarakterli yazılarda, məqalələrdə, oçerklərdə, müsahibələrdə, mənsur şeirlərdə muxtar respublikada aparılan uğurlu siyasət, imzalanan dövlət sənədləri, hər addımda hökm sürən inkişaf, tərəqqi, diyarımızın qədimliyi ilə müasirliyinin vəhdəti, blokadanın dünəni ilə bu günü hər incə detalınadək bədii-publisistik dillə oxucuya əxz olunur. Kitabı vərəqlədikcə sadəliyi, səmimiliyi, axıcılığı, rəvanlığı ilə seçilən söz dünyasına daxil olur, 2017-ci ildən “Şərq qapısı” qəzetində çalışan müəlliflə birlikdə, sanki diyarımızı qarış-qarış gəzərək milli dəyərlər, adət-ənənələr və əvəzsiz nemətlərimiz barədə faktlarla zəngin məlumatları toplayırsan.
Deyirlər, gözün açıq olanda, əlbəttə ki, günəşin işıqlarını görmək mümkündür. Hünər odur ki, qaranlıqda belə, gözünü yumaraq günəşi duya biləsən. Fikrimcə, məhz muxtar respublikamızı görməyən xarici qonaq belə təkrarsızlığı, bənzərsizliyi ilə seçilən bu məqalələrlə ulu tariximizə səyahət edə, dünənimizdə yaşanan çətinlikləri, bu günümüzdə qazanılan uğurları hiss edib, duya bilər. Doğma Naxçıvanımızın bədii sözün sehri ilə çəkilmiş xəritəsində ayrı-ayrı ziyalıların, sənət adamlarının həyat və fəaliyyətləri də obrazlı şəkildə, mənəvi dünyalarının inikası yaradılmaqla öz əksini tapıb. Gülab, həmərsin məti, qovurma, qurut kimi milli mətbəx nümunələrimizə həsr olunan yazılar araşdırmaçılığı ilə seçilirsə, “Azərbaycanın ürəyidir Naxçıvan”, “Danışan şəhər”, “Naxçıvan axşamları”, “Sükutun simfoniyası” insanı virtual səyahətə apararaq nostalji duyğulara qərq etməyi bacarır. Ümumilikdə, yeni nəşri Naxçıvanın dünəni ilə bu günü arasında vasitəçilik funksiyasını yerinə yetirən, sözlə çəkilmiş publisistik körpü də adlandırmaq olar.
Nail ƏSGƏROV