İyulun 19-da erməni lobbisinin, xüsusilə də Amerika Erməni Milli Komitəsinin çağırışı ilə Vaşinqtonun erməni icmasının üzvləri Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi qarşısında toplaşıblar. Onlar erməni silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonu istiqamətində başladıqları təcavüzə cavab olaraq Azərbaycan ordusu tərəfindən keçirilən əməliyyatlara etiraz ediblər.
Azərbaycan, türk və yəhudi icmalarının üzvləri onların qarşısına çıxaraq etiraz nümayişi keçirib və erməni tərəfinin yalanını ifşa edən şüarlar söyləyiblər.
Aksiyada Azərbaycan icmasının Vaşinqtonda, Pennsilvaniya, Nyu-York, Merilend, Virciniya, Şimali Karolina və ABŞ-nın digər ştatlarında yaşayan üzvləri iştirak ediblər. Aksiyaya türk icması üzvləri də qatılıb. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və rəsmi Yerevanın qeyri-müstəqil və vassal olduğu haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə ermənilərin Xocalıda törətdikləri soyqırımının dövlət səviyyəsində tanınması, həmçinin erməni rəhbərliyinin hərbi cinayətkar olması haqqında məlumatlar yer alıb.
Amerika Erməni Milli Komitəsinin bir neçə gün davam edən çağırışlarına baxmayaraq, etiraz aksiyasına cəmi 10-12 nəfər erməni icması üzvü qatılıb. Qarşı tərəfdə, erməni lobbisinin layiqli cavabını verən 200-dən çox Azərbaycan icması üzvü toplaşıb. Bu isə hər il erməni icmasından milyonlarla dollar ianə yığan Amerika Erməni Milli Komitəsi üçün böyük bir fiaskodur. Buna baxmayaraq, öz səhifəsində bu lobbiçi qurum keçirdikləri etiraz aksiyasını uğur kimi təqdim edib. Bəzi erməni nümayişçiləri üzərində beynəlxalq terrorist və hərbi cinayətkar Monte Melkonyanın və terrorizmlə tanınan Daşnaksutyun təşkilatını əks etdirən maykalar geyinmişlər.
Aksiya zamanı “Ermənistan terrorçu”, “Paşinyan terrorçu”, “Tonoyan terrorçu”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır”, “Qarabağ Azərbaycanındır”, “Biz Xocalını heç bir zaman unutmayacağıq”, “Ermənistan etnik təmizləmədə təqsirkardır”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, “Ermənistan vassal dövlətdir”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Hayastan terrorçu”, “Qarabağ bizimdir, bizim olacaq” və sair şüarlar səsləndirilib.
Çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində, habelə ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycan silahlı qüvvələri ilə təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan işğalçı ordusunun Azərbaycanın Qarabağ bölgəsindən çıxmasını tələb ediblər.
Azərbaycan tərəfini təhqir edən və aqressivli nümayiş etdirən ermənilərə Vaşinqton polisi şifahi xəbərdarlıq edib.
Aksiya zamanı azərbaycanlı nümayişçilər Azərbaycan əsgərlərinə dəstək olaraq müxtəlif şüarlar, “Marş irəli, Azərbaycan əsgəri!”, Zülfiyə Xanbabayevanın ifasında “Azərbaycan”, Azərinin ifasında “Çırpınırdı Qara Dəniz”, Müslüm Maqomayevin “Azərbaycan” mahnıları səsləndirib, Azərbaycan Respublikasının və həmişə Azərbaycana dəstək verən qardaş Türkiyə Respublikasının himnlərini ifa ediblər.
Aksiya bitəndən sonra, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov icma üzvləri qarşısında çıxış edib, onlara daima doğma vətənin yanında olmaları və Azərbaycan əsgərini dəstəklədiklərinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Tovuzda erməni silahlı qüvvələrinin təxribatı və təcavüzü ilə bağlı ABŞ qanunvericilərinə ünvanlanmış bir neçə məktub kampaniyası keçirir.