Türkiyə Böyük Millət Məclisi Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri ilə bağlı açıqlama yayıb.
Sənəd parlamentdə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya tərəfindən qəbul edilib.
Açıqlamada iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri kəskin şəkildə pislənilir. Diqqətə çatdırılır ki, Ermənistan təhlükəli yoldadır. İllərdən bəri Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayan Ermənistan yeni hücumları ilə Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə ən böyük maneədir. Beynəlxalq ictimaiyyəti haqq və hüquqları heçə sayan Ermənistanın bu davranışına qarşı təpki göstərməyə çağırırıq.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin və ərazi bütövlüyünün qorunması çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyimizi təkrarlayırıq.
Ermənistan BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun qərar və qətnamələrinə əməl edərək işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etməlidir.
“Bir millət, iki dövlət” anlayışı ilə daim sabitlik və firavanlığın müdafiəçisi olan Türkiyə bundan sonra da bütün imkanları ilə torpaq bütünlüyünü bərpa etmək mübarizəsində Azərbaycanın yanında yer almaqda davam edəcək.
Azərbaycanlı şəhidlərimiz üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı, yaralılara tezliklə şəfa tapmaq diləyirik.
AZƏRTAC