Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi bugünkü və gələcək nəsillərin sağlam mühitdə yaşaması, təbii ehtiyatlardan səmərəli istifadə edilməklə iqtisadi potensialın qorunması və davamlı inkişafın təmin edilməsidir.
Son dövrlər bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, təbii iqlim xüsusiyyətləri və relyef nəzərə alınaraq meşələrin, yaşıllıqların qorunması və artırılması diqqətdə saxlanılmışdır.
Muxtar respublikada ətraf mühitin mühafizəsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə ərazisi 12 min 131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, ərazisi 3139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın hüdudlarında Araz çayı boyunca ərazisi 9118 hektar olan “Arazboyu” Dövlət Təbiət Yasaqlığının və 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Babək, Kəngərli və Şahbuz rayonlarının ərazisində 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması flora və fauna ehtiyatlarının qorunmasında, bərpasında mühüm mərhələ təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına, artırılmasına və mühafizəsinə təminat yaratmışdır.
Muxtar respublikada damcı üsulu ilə suvarma suyundan geniş istifadə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış, təkcə 2004-2013-cü illər ərzində 8480 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 5 milyon 512 mindən çox ağac və gül kolu əkilmişdir. Yaşıllaşdırma tədbirlərinin, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasına yeni imkanlar yaratmışdır.
Muxtar respublikada ekoloji mühitin yaxşılaşdırılması tədbirləri istiqamətində 2014-2018-ci illər ərzində 2 milyon 400 min ədəd ting yetişdirilmiş, 38,5 ton toxum tədarük edilmişdir. Meşə fonduna daxil olmayan ərazilərdə 1 milyon 360 min 750, o cümlədən magistral avtomobil yollarının kənarında 118 min 500 ağac və kol cinsləri əkilmişdir. Ümumilikdə, bu dövr ərzində 2 min 710 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilmiş, 3 milyon 465 min 750 ağac əkilmişdir. Bundan əlavə, 2014-2018-ci illər ərzində yetişdirilmiş və su hövzələrinə buraxılmış balıq körpələrinin sayı 4 milyon 827 min ədəd təşkil etmişdir.
Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su Monitorinq Laboratoriyası yaradılmışdır.
2019-cu ildə və cari ilin ilk yarım ilində meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması məqsədilə 865,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 530 mindən çox ağac və gül kolu əkilmişdir.
Son dövrlər geniş vüsət almış meliorasiya, irriqasiya tədbirləri, içməli su təminatı, kommunal xidmətlər və kanalizasiya ilə təchizat sahəsində görülən işlər cəmiyyət həyatının etibarlı ərzaqla təminatına və sağlamlığına, ətraf mühitin mühafizəsinə mühüm töhfə olmuşdur.
Muxtar respublikada alternativ və bərpa olunan enerji növlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər enerji təhlükəsizliyimizin təmin olunması ilə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına da müsbət təsir göstərib.
Muxtar respublikada ekologiya sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 17 aprel tarixdə Fərman imzalanmışdır.
Sağlam ekoloji mühitin yaradılması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təbiətin mühafizəsi, ekologiyanın qorunması və yaşıllıqların artırılması ümumxalq işidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Ona görə də yaşıllıqların və meşə fondlarının mühafizəsinə diqqət artırılmalı, ekoloji tarazlığın qorunması ilə bağlı monitorinqlər davam etdirilməlidir”.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti