Təxminən, iki il bundan əvvəl velosiped sürməyin faydaları haqqında bir yazı hazırlamışdım. Yazıda qeyd etmişdim ki, velosipeddən istifadə bizim üçün yad məşğuliyyət deyil. Ölkəmizdə bu nəqliyyat vasitəsindən istifadənin tarixi ötən əsrin 30-cu illərindən başlayır. 40-cı illərdən sonra isə, əsasən, məktəblilər arasında populyar olan velosiped idmanı o zamanlar müxtəlif spartakiadaların keçirilməsi ilə yadda qalmışdır.
1950-ci illərdə Azərbaycanda velosiped idmanı üzrə əsaslı irəliləyişlər əldə olunmağa başlanmış, idmançılarımız SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınamışlar. Bu idman növünə göstərilən böyük qayğının nəticəsidir ki, 1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilmişdir. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilmişdir. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa da qatılmışlar. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə, xüsusilə 1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən cənab İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf etmişdir. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilmiş, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılmışdır. Eyni zamanda bu federasiyanın veloparkı yenilənmişdir. Bu isə ölkəmizdə beynəlxalq səviyyəli velosiped yarışlarının keçirilməsinə imkan vermişdir. 2011-ci ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə “Böyük Qafqaz” veloyürüşü təşkil edilmişdir. Bunu da vurğulamaq istərdik ki, Azərbaycanda velosiped idmanına marağın böyük olması nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən və 40 ildən çoxdur, fəaliyyət göstərən beynəlxalq miqyaslı Velosiped İdmanı Muzeyidir.
Bu məlumatları yenidən xatırlatmaqda məqsədimiz odur ki, bizim, necə deyərlər, velosipedlə bağlı bir keçmişimiz olub. Bir neçə il bundan əvvəl ölkəmizdə yeni velosiped istehsalına başlanılması, dövlət başçısının müəssisənin açılışında şəxsən iştirakı və bu sərfəli nəqliyyat vasitəsindən istifadəni hər kəsə tövsiyə etməsi onu göstərdi ki, müasir dövrdə bu sahənin inkişafı hər birimiz üçün əhəmiyyətlidir. Çünki velosiped ilk olaraq insan sağlamlığında mühüm rol oynayır. Digər tərəfdən texnoloji vasitələrin hər keçən gün artması ekologiyanın qorunmasını zəruri edir ki, burada da velosipedin rolu bir daha önə çıxır. Bundan əlavə, velosipeddən istifadə digər nəqliyyat vasitələri ilə müqayisədə daha sərfəlidir.
Muxtar respublikamızda da velosipeddən istifadə hər keçən gün artmaqdadır. Ancaq etiraf edək ki, bu, populyar səviyyədə deyil. Hələ ki, bizdə velosipeddən istifadə kütləvi xarakter daşımır. Bir neçə ay bu sahədə apardığımız müşahidələr nəticəsində məlum oldu ki, muxtar respublikada velosipeddən ən çox istifadə Şərur rayonunun payına düşür. Yəqin ki, Şərura yolu düşən hər kəs həm rayon mərkəzində, həm də kəndarası yollarda bu nəqliyyat vasitəsindən istifadə edənlərin çox şahidi olub. Maraqlı burasıdır ki, velosiped sürənlərin də böyük əksəriyyəti ortayaşlı və ondan yuxarı sakinlərdir. Bu, təqdirolunası haldır. Çünki, adətən, uşaqlıq dövründə hər birimiz velosipeddən istifadə etmişik. Ancaq yaşımız artdıqca bəzi zərərli mental düşüncələrimizi göz önünə gətirib, düşünmüşük ki, artıq uşaq deyilik – “ağır oturub batman gəlməliyik”, “bizi görən nə deyər?” və sair. Ona görə də gənc nəslin nümayəndələri ilə yanaşı, nisbətən yaşlıları da velosipedlə görmək, gözəl nümunədir. Yəni bu davranışla hər birimiz o düşüncələrimizdəki sosial fobiyanı götürə bilərik. Elə bizim bu yazıda daha çox qabartmaq istədiyimiz məsələ də muxtar respublikada velosipeddən istifadənin kütləviliyini təmin etmənin yolları haqqındadır. Düşünürük ki, artıq bunun zamanı yetişib və bu kütləvilik təkcə velosipedlərin insan sağlamlığına müsbət təsiri, sərfəli nəqliyyat vasitəsi kimi faydalılığı ilə yanaşı, həm də muxtar respublika turizminə öz töhfəsini verə bilər.
Bildiyimiz kimi, bu gün dünyanın turizm xəritəsində ən çox pay inkişaf etmiş və ya etməkdə olan ölkələrə aiddir. Turizm sahəsində tədqiqatlar aparan ekspertlər müəyyən ediblər ki, aktiv velosiped istifadəçiləri də daha çox həmin ölkələrin payına düşür və bu onlar üçün gündəlik məşğuliyyətə çevrilib. Bu mənada, həmin insanlar getdikləri turizm bölgələrində də velosipedlərə ehtiyac duyurlar. Bunun da səbəbi ondan qaynaqlanır ki, velosipedlə gəzinti şəhərdaxili və ya şəhərkənarı gəzintilərdə çox ucuz başa gəlir. Həmçinin belə gəzintilərdə avtomobildən istifadə velosiped qədər əlverişli deyil. Çünki velosipedlə gəzərkən nəqliyyat tıxacları səni gecikdirmir, ətraf aləmlə daha əyani tanış ola bilirsən, digər nəqliyyat vasitələri ilə müqayisədə sürücünü gözlətmirsən və sair. Bu da, son nəticədə, vaxt və maliyyə itkisinin qarşısını alır. Yeri gəlmişkən, turistlər üçün fotoşəkil çəkdirmək səfər zamanı sevimli məşğuliyyətlərdən biri sayıldığından avtomobildən fərqli olaraq bu işi velosipedlə görmək daha əlverişli sayılır. Tədqiqatlarda daha maraqlı və diqqəti cəlb edən isə budur ki, turistlər getdikləri bölgədə əgər iki-üç gün qalmaq istəyirlərsə, bəzən şərait imkan verirsə, velosipedin sayəsində bu gəzintilər əlavə olaraq bir neçə gün də davam edir. Məhz bütün bu tərəflərini nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, bu nəqliyyat vasitəsi yuxarıda sadaladığımız faydaları ilə yanaşı, həm də turistlərə əhali ilə daha yaxından təmas qurmağa, deməli, insanlarımızı, milli dəyərlərimizi daha yaxından tanımağa və hiss etməyə, bunun da nəticəsində getdikləri ölkəni qısa müddət ərzində tərk etməməyə imkan verir.
Təsadüfi deyil ki, bu gün dünyanın hansı inkişaf etmiş turizm bölgəsinə getsək, orada mütləq şəkildə veloturizmin populyarlığının şahidi olarıq. Son illərdə qonşu Türkiyə və Gürcüstanda turizm şirkətləri bu istiqamətdə fəaliyyətə daha çox diqqət edirlər. Çox zaman qrup şəklində bu ölkələrə səfər edənlər olduqları bölgəni yaxından tanımaq üçün yerli şirkətlərin onlara təklif etdiyi müxtəlif təyinatlı velosipedlərdən istifadə edirlər. Bu şirkətlər turistlərin məhsuldar və təhlükəsiz gəzintilərini təşkil etmək üçün onları lazımi velosiped aksesuarları, elektron yol xəritələri, istəyə bağlı olaraq gecələmə çadırları, şəhər gəzintisi üçün nəzərdə tutulubsa, səbətli (alış-veriş etmək üçün) velosipedlərlə təmin edirlər. Düşünürük ki, muxtar respublikamızda da belə bir sahənin inkişaf etdirilməsinə ehtiyac var. Birinci ona görə ki, Naxçıvan maraqlı coğrafi əraziyə, bütün bölgələrə yayılmış tarixi və mədəni obyektlərə, əsrarəngiz təbiət mənzərələrinə malik bir turizm regionudur. Bu xidmət üzrə turistlərə ediləcək təkliflər səyahəti sevənlər üçün gözəl fürsət sayılar. Bir şeyi yaddan çıxarmayaq ki, turistlər bir ölkəyə getmək istədikləri zaman ilk olaraq gedib-gəlmək üçün yol planı cızır, həmin bölgədəki mövcud obyektlər və şəraitlə maraqlanırlar. Eyni zamanda ən çox düşündükləri təhlükəsizliklərinin təminatı olur.
Bu gün Naxçıvan Muxtar Respublikasında sabitlik və təhlükəsizlik ən inkişaf etmiş ölkələrdəki vilayətlərə nümunə gücündədir. Bu nümunə həm də bizim həyat tərzimizə çevrilib. Çünki “Qonaqdan ayıbdır!” kəlməsini dünyanın heç bir dilinə Azərbaycan dilindəki kimi saf, olduğu kimi tərcümə etmək mümkün deyil. Bu da ondan irəli gəlir ki, qonaqpərvərlik bizim əsrlərdir, davam edən və bu gün də bizimlə addımlayan milli dəyərimizdir. Təkcə bu dəyər imkan verir ki, ölkəmizi, muxtar respublikamızı, insanlarımızı turistlərə yaxından tanıda bilək. Bu dəyərin dünyada yayılması, dərk olunması da, necə deyərlər, turistlərin əlindədir. Bu məsələləri ona görə xatırlatdım ki, turizm şirkətlərindən fərqli olaraq fərdi qaydada gələn turistlər, həm də gəzintiyə velosipedlə çıxmaq istəyən turistlər üçün ən həssas məsələ təhlükəsizliklə bağlıdır. Deməli, bu sahədə bizim imkanlarımız kifayət qədər genişdir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu gün kimsə deyə bilər ki, bizdə xarici ölkələrdə olduğu kimi velosiped yolları yoxdur. Doğrudur, elə yollar yoxdur. Ancaq xaricdə də bu yolların salınması birdən-birə baş verməyib, tələbatdan yaranıb. Belə yolların salınması böyük maliyyə vəsaitləri tələb edir, həm də beynəlxalq kriteriyalara cavab verməlidir. Lakin bizim fərqimiz ondadır ki, Naxçıvan böyük meqapolislərlə müqayisdə avtomobil sıxlığı yaşamayan bir coğrafi ərazidir. Sadəcə, bu məsələlərdə sürücülərin maariflənməsinə ehtiyac var ki, hərəkət zamanı velosipedçilərə daha səmimi davransınlar. Yeri gəlmişkən, bu il Naxçıvan şəhərində yeni istifadəyə verilmiş Sahil Parkında ilk dəfə olaraq velosiped zolağının salınması təqdirolunası addımlardan biridir. Bununla yanaşı, hazırda yurdumuzun ən ucqar dağ kəndlərinə qədər uzanan yolların müasir tələblərə uyğun şəkildə qurulması daxili veloturların və ya fərdi şəkildə velosipedlə gəzintilərin təşkilinə imkan verir. O cümlədən muxtar respublikanın təbiət əraziləri burada dağ-çöl landşaftına uyğun veloekskursiyaların keçirilməsi üçün ideal məkandır. Bütün bu amillər Naxçıvanda veloturizmin inkişaf etdirilməsinə əlverişli şərait yaradır.
Bütün bu qeyd olunanları oxucularımızla bölüşməkdə məqsədimiz odur ki, velosiped istər idman növü, istərsə də nəqliyyat vasitəsi kimi faydalı və sərfəli məşğuliyyət sahəsidir. Veloturizmin inkişafı daxili turizmə də öz töhfəsini verə bilər. Çünki bu gün dünyada velosiped kirayəsi ilə məşğul olan özəl turizm şirkətləri yerli sakinləri də unutmur, onlara səyahətlərini maraqlı keçirmək üçün münasib qiymətlərə müxtəlif funksiyalı velosipedlər təklif edirlər. Bu isə, son nəticədə, velosipeddən istifadənin kütləviliyinə zəmin yaradır.
P.S. Avropanın turizm informasiya bürolarının məlumatlarına görə, məlum pandemiya dövründə insanların velosipeddən istifadəyə marağı daha da artıb. Sosial məsafə, təmiz hava, kütləvi sərnişindaşımalarda tətbiq olunan qadağalar velosipedi daha çox arzuolunan edib. Mövzu ilə bağlı olduğundan bunu da xatırlatmaq istərdim ki, ötən il Hollandiyanın Utrext şəhərində dünyanın ən böyük velosiped parkı açılıb. Park 12 min 500 velosiped yerlikdir. 17 milyon sakini olan Hollandiyada hazırda 23 milyon velosiped mövcuddur. Ötən il Hollandiyaya (velosipeddən ən çox istifadə edilən ölkə) gedən turistlərin 90 faizdən çoxu bu ölkədə velosiped kirayələyib. Sanki adama elə gəlir ki, turistlər bu ölkəyə elə velosiped sürmək üçün gedirlər...
Səbuhi HƏSƏNOV