Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Həşimli Hüseyn Məmməd oğlu 2020-ci il iyunun 20-də ömrünün 55-ci ilində vəfat etmişdir.
Hüseyn Həşimli 1965-ci il avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1982-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır.
O, 1986-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, tədris işləri üzrə prorektor vəzifələrində işləmiş, 2019-cu ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan Hüseyn Həşimli geniş ədəbi və bədii yaradıcılıqla da məşğul olmuşdur.
Hüseyn Həşimli 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2011-ci ildə isə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı almışdır. Görkəmli alim zəngin elmi yaradıcılıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirmiş, uzun illər Naxçıvan Dövlət Universitetində gənc kadrların hazırlanması işində böyük əmək sərf etmişdir.
30 kitabın, o cümlədən 350 elmi məqalənin müəllifi olan Hüseyn Həşimlinin çoxsaylı elmi əsərləri həm də beynəlxalq jurnallarda nəşr olunmuşdur. Onun elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Hüseyn Həşimli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi xadim kimi də xidmətlər göstərmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V, VI çağırış deputatı, Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin sədri olmuşdur.
Ömrünü elmin inkişafına həsr edən gözəl insan, fədakar alim Hüseyn Həşimlinin xatirəsi unudulmayacaqdır.
Allah rəhmət eləsin!
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi