24 Dekabr 2024, Çərşənbə axşamı

Yüz illərdir, qədim şəhər Ağdərə hər tərəfdən onu əhatə edən, ovcunun içində saxlayan dağların zirvəsinə başını söykəyib arxayıncasına uyuyurdu – ta ki həmin günə kimi. Artıq 3 il idi ki, gecəsi-gündüzü bir-birinə qarışmışdı Ağdərənin.

Cənnətimiz Qarabağ qarış-qarış gedirdi əldən. Həm əzizlərimizi itirirdik, həm də yurdumuzu. Xocalı, Şuşa, Laçın kimi Ağdərənin də torpağından, daşından qan sızırdı. Neçə vaxtdan bəri idi ki, o da ağır sınaqla üzbəüz qalmışdı. Onun sinəsində ağır döyüşlər gedirdi. Vaxtilə yurdumuzdan sığınacaq, təknəmizdən çörək, ocağımızdan od verdiyimiz ermənilər insanlığa sığmayan hərəkətlərlə evləri, tarixi abidələri talan edirdilər. Artıq bu torpağa qədəm qoyanlar meşələrdən gələn bülbüllərin cəh-cəhinin yerinə güllə, top səsi eşidirdilər. Gurlayan atəş səsləri igid oğullarımızı qorxutmurdu. Onlar səngərdə Vətən torpağının keşiyini çəkirdilər. Yüzlərlə can qurban gedirdi Vətənin hər qarışının müdafiəsi üçün. Amma, təəssüf ki, içimizdəki xainlərin hakimiyyət davası ermənilərin işğal planına kömək edirdi. Mərkəzi hakimiyyətin laqeyd münasibəti, kreslo davası artıq iyunun əvvəlindən düşmənin arzusunu reallığa çevirməyə şərait yaratmışdı. Ağdərə uğrunda döyüşlərin getdiyi bir vaxtda Gəncə qiyamının alovlanması oradakı döyüşçüləri ruhdan sala bilməsə də, onlar son damla qanlarına qədər döyüşsələr də, onlar 1993-cü il iyunun 17-də daha bir rayonumuzu itirdik.
İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində yaşamış 14 mindən çox azərbaycanlı və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Hazırda işğal altında olan keçmiş Ağdərə rayonunun 8 kəndi və onlara məxsus torpaq sahələri Ağdam rayonunun 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi, onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayontipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.
Əsasən, dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın Yuxarı və Aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib. Erməni quldurları Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng Su Anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması – “ekoloji təcavüz” kimi qiymətləndirilib.
Sərsəng Su Anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna xeyli zərər vurmuşdur. Su anbarına və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o, qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng Su Anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.
Tarixin bir çox dövrlərində bərəkətli, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan torpaqlarımız düşmənlərin hücumlarına məruz qalıb. Mərd, vətənpərvər övladlarımız bu torpaqlara uzanan xain əlləri kəsib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə də sərhədlərimizə hücum edən düşmənin nəfəsi kəsildi. Azərbaycan əsgərinin şücaəti tarixin səhifələrinə qızıl hərflərlə həkk edildi. Azərbaycan Ordusunun, xalqımızın qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Uzun illər öncə qeyri-bərabər döyüşlərdə işğal edilən torpaqlarımızın bir hissəsini geri qaytara bildik. Bu qələbə gələcək zəfərimizin də müjdəsi oldu. 2018-ci ilin may ayında Azərbaycan Ordusunun daha bir möhtəşəm qələbəsi – Günnüt zəfəri torpaqlarımızın bütövlüyü uğrunda gedən haqq savaşımızda qazandığımız uğur oldu.
Dövlətimizin artan gücü və hərbi qüdrəti, bir də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi xalqımızda inam yaradır ki, tezliklə əzəli və əbədi torpaqlarımız, eləcə də Ağdərə işğaldan azad olunacaq. Dövlət başçısının: “Qarabağ Azərbaycanındır, nida!”, “Biz öz ərazi bütövlüyümüzü istənilən yolla azad edəcəyik!” kimi qətiyyətli bəyanatları da bu inamdan xəbər verir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR