24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış dövlət qulluqçularının andiçmə mərasimi olub. 

Tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək andiçmənin Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli vurğulayıb ki, vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Sonra keçirilən imtahanlarda 98 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində iclas katibi vəzifəsinə təyin olunan gənc dövlət qulluqçusu Təranə İsmayılova yaradılmış şəraitə və göstərilən qayğıya görə gənc dövlət qulluqçuları adından dövlətimizə minnətdarlığını bildirib.
Müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içib, andın mətnini imzalayıblar.
Qeyd edək ki, andiçmə mərasimində karantin rejiminin tələblərinə ciddi əməl edilib.
Xatırladaq ki, müsabiqəyə 225 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 574 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 557 namizəd iştirak etmiş, 269-u keçid balını toplaya bilmişdir. Müsahibə mərhələsində müvəffəqiyyət qazanmış 64 namizəd vakant vəzifələrə təyin olunmuşdur. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 59 nəfər andiçmə mərasimində iştirak edib, 20 nəfərdən ibarət qruplar şəklində and içiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR