24 Dekabr 2024, Çərşənbə axşamı

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyunun 12-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən  bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bayram münasibətilə kollektivi təbrik edib, Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün yaranmasından və tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir xalqın, millətin, ölkənin tarixində elə günlər var, həqiqətən, o xalqın şanlı tarixinə çevrilir və qərinələrlə, yüz illərlə nəsildən-nəslə keçərək yaşayır, anılır. Belə bir söz var: “Ay var bir günə dəyməz, gün var min aya dəyər…” 15 İyun - Milli Qurtuluş Günü məhz belə günlərdən biridir. Bu gün tariximizə qızıl hərflərlə yazılan bir gündür, bu gün təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasına, möhkəmlənməsinə, onun inkişafına zəmanət yaranan gündür. Bu gün həm də bütöv Azərbaycan xalqının öz dahi oğluna inam, sədaqət, etibar günüdür. Milli Qurtuluş Günü tarixboyu milli istiqlal mübarizəsi ilə yaşayan Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəs bir tarixdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və indiki müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımız üçün elə bu günə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə əvəzsizdir ki, o, ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlişi tarixdə Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli qurtuluş tariximizin yazılması ilə əlamətdardır.

Bəxtiyar Əsgərov qeyd edib ki, keçən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanda çox ağır, mürəkkəb və ziddiyyətli bir dövr idi. Ölkədə özbaşınalıq, hərc-mərclik baş alıb gedir, silahlı quldur dəstələri istədiklərini edirdilər. Başqa sözlə, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan müstəqilliyini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda xalqımız Azərbaycanın taleyini düşünən, onun bütövlüyünü, vahidliyini təmin edə biləcək milli liderə ehtiyacı var idi. Azərbaycan xalqının gözündə isə bu lider yalnız və yalnız o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan dahi Heydər Əliyev idi. Mahiyyət etibarilə xalqdan uzaq olan, yalnız öz mənfəətləri üçün o vaxt hakimiyyəti zəbt etmiş bir qrup insan isə bütün qüvvələrini səfərbər edirdilər ki, necə olursa-olsun, təki Heydər Əliyev hakimiyyətə gəlməsin. Ulu Öndərin adı onlar üçün qorxulu yuxu demək idi. Çünki onlar böyük liderin həmişə xalqı ilə bir yerdə olduğunu, xalqın sevimli liderinə çevrildiyini qəbul edə bilmirdilər. Cəbhəçi “bəylər” həmin o illərdə Heydər Əliyevin adının belə çəkilməsini, onun haqqında danışılmasını öz aləmlərində yasaq etmişdilər. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onun tarixi xidmətlərini ləkələməyə, xalqın gözündən salmağa, hətta həyatına sui-qəsd təşkil etməyə belə çalışırdılar. Üzdəniraq qüvvələr respublika Ali Sovetinin sessiyalarında xalqımızın dahi oğlunun əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını təşkil edir, heç bir etik normalara məhəl qoymadan həyasızcasına dövrümüzün müdrik şəxsiyyətinin ünvanına açıq böhtanlar yağdırırdılar. Əslində, o illər böyük lider Heydər Əliyevə pənah gətirən müdrik xalqla bir ovuc satqın qüvvələrin üz-üzə dayandığı ağır və çətin bir dövr idi. Qarşıdurmalar 1993-cü ilin iyununda Gəncə qiyamı ilə nəticələndi. Bu dövrdə respublikada hərc-mərclik baş alıb gedir, separatçılıq meyilləri tüğyan edir, qarşı-qarşıya dayanmış meyillər güclənir, böyük bir hərbi hissəyə rəhbərlik edən Sürət Hüseynovun qoşunları isə cəbhə xəttindən geri çəkilərək o dövrdəki iqtidara meydan oxuyurdu. Ölkədə mövcud olan dərin siyasi, iqtisadi və sosial böhran sonda “milli” hakimiyyəti iflic vəziyyətə saldı. Ölkə rəhbərliyində təmsil olunan şəxslər, bütün güc nazirliklərinin rəhbərləri bir-bir istefaya gedir, Azərbaycan faktiki olaraq heç bir qurum və ya şəxs tərəfindən idarə olunmurdu. Yenicə müstəqillik qazanmış xalqımız təhlükəli məqamla, tam hakimiyyətsizlik şəraiti ilə üzləşmişdi. Ümumiyyətlə, o zamankı iqtidarın gördüyü tədbirlər cəmiyyəti görünməyən bir uçurumun qarşısına çıxarmışdı. Onların respublikada yaratdıqları ictimai-siyasi xaos, anarxiya, zorakılıq nəticə etibarilə vətəndaş qarşıdurmasının reallaşmasına, Dağlıq Qarabağa iddia qaldırmış Ermənistanla müharibədə Azərbaycanın faktiki olaraq məğlubiyyətə uğramasına, rayonlarımızın bir-birinin ardınca işğal edilməsinə, hakimiyyətin tam iflasına gətirib çıxarmışdı. Nəticədə, 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşmişdi, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmışdı. Belə bir mürəkkəb vəziyyətdə, nəhayət ki, iflasa uğradığı ilə barışmalı olan iqtidar vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsində gördü. Ulu öndər Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: “Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxartmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar oldular. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

“ Xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. 1993-cü il iyunun 15-də dünya miqyaslı böyük siyasətçi Heydər Əliyev Azərbaycan Ali Sovetinə sədr seçildi. İyunun 23-də bu böyük şəxsiyyətə Azərbaycan Ali Soveti tərəfindən respublika prezidentinin səlahiyyətlərini həyata keçirmək həvalə olundu. Həmin il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti dahi lider Heydər Əliyevə səs verərək, onu müstəqil Azərbaycanın Prezidenti seçdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində aparılmış son dərəcə gərgin, yorulmaz fəaliyyət nəticəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaradıldı”, - deyə bildirən Bəxtiyar Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı siyasi-iqtisadi böhran içərisində boğulan Azərbaycanı böyük fəlakətlərdən, eyni zamanda, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycan Respublikası yenidən 1969-cu ildə qədəm qoyduğu inkişaf yoluna qayıtdı, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başladı, 1995-ci ildə hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi sağlığında xalqın qəlbində özünə heykəl ucaltdı, əbədi yer qazandı.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə 17 illik qısa zamanda kəsiyində qazandığı tarixi nailiyyətlərdən geniş şəkildə bəhs edən Bəxtiyar Əsgərov bildirib ki, 1993-cü ilin Azərbaycanı ilə müasir dövrün Azərbaycanını müqayisə etsək, ölkəmizin sürətli, böyük inkişaf yolu keçdiyini açıq şəkildə görərik. Prezident İlham Əliyev qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.

“Bu gün müstəqil Azərbaycan gələcəyə doğru inamla irəliləyir, yüksəlir və böyük nüfuz qazanır. Azərbaycanın iqtisadi inkişafını, hərtərəfli yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzunu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır”, - deyən B.Əsgərov qeyd edib ki, bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyətini verdiyi vədləri üzərində əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu dəfələrlə sübuta yetirib. Neçə dəfə namizəd olduğu prezident seçkilərində xalqımızın böyük inam və etimadını qazanaraq, yalnız ona güvəndiyi üçün güclü siyasi iradə, əzm və cəsarət sahibi olan Prezident İlham Əliyev 2003-cü ildən bəri mövcud resurslardan səmərəli şəkildə istifadə edərək, əvvəlki dövrlərdəki inkişaf konsepsiyasının daha yüksək səviyyədə təkmilləşdirilməsinə, yeni, innovativ dünyanın tələbləri ilə ayaqlaşmağa, beynəlxalq təmsilçiliyə, dövlətlərarası münasibətlərin yüksəldilməsinə, ölkəmizin dinamik inkişafına və xalqımızın rifahına yönəlmiş saysız-hesabsız böyük addımlar atmağa nail olub. Böyük Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illərdə daxili və xarici siyasətdə qazandığı möhtəşəm nailiyyətlər, uğurlar, sosial-iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Müsbət iqtisadi göstəriciləri ilə yanaşı, bu gün respublikamız həm də siyasi baxımdan sabit ölkə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinə qədər bütün möhtəşəm uğurlarımızın müəllifi məhz Prezident İlham Əliyevdir. Bu siyasət Azərbaycanın bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin yeni ünvanına çevrilməsini təmin edib. Bunlar, ilk növbədə, onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə həyata keçirilir.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etmişdir. Azərbaycanın ətrafında baş verən hadisələri, prosesləri ölkəmizin başının üstünü alan qara buludları qabaqcadan, siyasi uzaqgörənliklə təhlil edən, qiymətləndirən ulu öndər Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və işğalçı Ermənistanın qoşunlarının ərazilərimizdən çıxarılması, haqq-ədalətin bərqərar olması üçün əlindən gələni etmiş, dünya ictimaiyyətinin bu münaqişə ilə yaxından tanış olması, ölkəmizin haqlı mövqeyinin tanınması üçün böyük işlər görmüşdür. Məhz bundan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının bu istiqamətdə ən mühüm uğurları sırasına yazıldı.

Azərbaycan Respublikasının qurucu Prezidenti Heydər Əliyev beynəlxalq və regional təşkilatların tribuna və salonlarından işğalçılığı məntiqli şəkildə pisləyən konstruktiv çıxışlar üçün maksimum şəkildə istifadə etdi. O, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqında dünya dövlətlərinin başçılarını lazımınca məlumatlandırdı, ayrı-ayrı dövlətlər, regional təşkilatlar tərəfindən Ermənistanın mövqeyini pisləyən qərarların, bəyanatların qəbul edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi iradə nümayiş etdirdi. Məhz Azərbaycanın böyük oğlu Heydər Əliyev çıxışlarında Dağlıq Qarabağda ölkəmizin erməni vətəndaşlarının yaşadığı dövlətə qarşı yönəlmiş hərəkətlərinin beynəlxalq separatizm kimi qorxulu, ağır nəticələr törədəcək və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına təkan verəcək təhlükəli bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin diqqətini belə təhlükələrin qarşısını vaxtında almağın vacibliyinə yönəltdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən deyib: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”. Ulu öndərin özü isə bu barədə belə deyirdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Əlbəttə, Azərbaycan xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasi xadim başçılıq etmiş olsaydı, Dağlıq Qarabağ faciəsinin qarşısını almaq mümkün olardı.

Bəxtiyar Əsgərov deyib ki, müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə Ulu Öndərimizin 1993-cü ildə ölkəmizdə ali, siyasi hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov belə demişdir: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”.

Bu gün doğrudan da qoynunda bəsləyib yetişdirdiyi böyük oğlu Heydər Əliyevin siyasi kursu, Prezident İlham Əliyevin və muxtar respublikanın Ali vəzifəli şəxsi Vasif Talıbovun uğurlu rəhbərliyi sayəsində təkcə dünyanın incisinə çevrilmiş müasir Naxçıvan Muxtar Respublikası deyil, eyni zamanda, demokratik dəyərləri, insan hüquq və azadlıqlarına hörməti və hərtərəfli inkişafı ilə, sözün əsl mənasında, bütün dünyada nüfuz sahibi olan müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəri kimi yaşayır, inkişaf edir, güclənir. Ulu Öndərin yolunu, onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə, dünyanın sayılıb seçilən ölkəsinə, kosmik klubun üzvünə çevirib. Bu gün ölkəmiz beynəlxalq enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış edir. Həyata keçirilən uğurlu siyasət həm də ildən-ilə vətəndaşların sosial rifahının yüksəlməsində özünü göstərir. Xalqımız bunu görür, qiymətləndirir və haqlı olaraq Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşir. Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir. Böyük Qayıdışdan Qurtuluşa, Qurtuluşdan Yüksəlişə sıçrayan müstəqil Azərbaycan isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordusu ilə işğal edilmiş doğma torpaqlarımız üzərində tam və inamlı Qələbənin astanasındadır. Biz buna əminik. Uca Tanrı bu yolda müdrik xalqımıza yar olsun.

Tədbir digər çıxışlarla davam edib.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR