Muxtar respublikanın Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğalına məruz qalan bu gün isə ordumuzun nəzarətində olan Şərab zavodu və onun ətrafındakı ərazilərdəki qarğıdalı əkin sahələrinə aqrotexniki qulluq göstərilir.
Rayonun Heydərabad qəsəbəsinin ərazisində olan 65,5 hektar ərazidəki sahələrdə alaq otlarına qarşı dərmanlama işləri aparılıb. Sahələrə ikinci dəfə yemləmə gübrəsi verilərək şırım açılıb və hazırda şırım üsulu ilə suvarma aparılır.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Günnüt kəndi ilə birlikdə 11 min hektardan artıq ərazi düşməndən azad edilib, mühüm əhəmiyyətə malik strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib. Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edib. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərinin görülməsinə stimul verib.
Burada əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması Sədərək rayon sakinlərini də sevindirir. Rayonda aqrar sahənin inkişafı kənd təsərrüfatı ilə məşğul olan insanlara stimul verir.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/24332-saedaeraekdae-ishzhhaldan-azad-edilaen-aerazilaerdaeki-zharzhh-dal-aekin-sahaelaerinae-azhrotekhniki-zhulluzh-zhoestaerilir.html#sigProGalleria602bbd87cd