Muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Rayonlarda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanların yaradılması taxılçılığın da inkişafına səbəb olub. Bu sahə ilə məşğul olan zəhmət adamları yaxın günlərdə biçinə başlayacaqlar. Bunun üçün hər yerdə hazırlıq işləri görülür.
Torpağı bərəkətli, insanları zəhmətkeş olan Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri yüksək sürətlə aparılır. Cari ilin məhsulu üçün keçən ilin payızında 2261 hektar sahədə əkin keçirilib. Bunun 1617 hektarı buğda, 644 hektarı isə arpadır.
İndi Sədərək rayonunun taxıl sahələri “sarı kəhrəba dənizi”ni xatırladır. Zəmilər bolluq, bərəkətdən soraq verir. Taxılçılar cari mövsümdə də yüksək nailiyyətlər əldə etmək əzmindədirlər.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, maşın və kombaynlara texniki baxış keçirilib, onlar işlək vəziyyətə gətirilib. Biçin kampaniyasına 4 taxılbiçən kombaynın, 6 yükdaşıyan maşının, 7 küləş bağlayan aqreqatın cəlb edilməsi nəzərdə tutulub. Əkin sahələrinin yanğından mühafizəsi də diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də məhsulun itkisiz yığılmasına diqqət göstəriləcəkdir.
Xəbərlər şöbəsi