24 Dekabr 2024, Çərşənbə axşamı

Həyat yollarımız yaşadığımız ünvanlarda salınmış yollardan keçir. Bu qədim yurd yerimizdə o yollar barədə yaxın keçmişdə hamımız narazılıqla danışmışıq. Yayda tozlu-torpaqlı, qışda palçıqlı olan bu kələ-kötür yollarla mənzilbaşına çatana kimi, necə deyərlər, varımızdan yox olmuşuq. Bu gün isə doğma yurd yerimizin ən ucqar dağ və sərhəd kəndinin yolları müasir səviyyədədir. Şərur rayonuna ezamiyyətə gedərkən yolboyu düşüncələrimə hakim kəsilən bu fikirlə yenə də müasirləşmiş yollar görəcəyimi bilirdim. Budur, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir avtomobil yolu ilə hərəkət edirik. 3270 metr uzunluğunda yol yenidən qurularaq may ayının 18-də istifadəyə verilib. Asfalt örtük salınıb. Kənddaxili yollara da yeni həyat bəxş olunub. Yenidənqurma işləri çərçivəsində yol üzərində su keçidləri inşa olunub, beton kanal işlənib. Adıçəkilən yol bizi Muğancıq-Mehraba aparır...

 

 

 

 

 

 

 

 

 

 

 

 

...Muxtar respublikanın kənd yaşayış məntəqələrində olarkən həmin ünvanların daşıdığı adların toponimikası haqqında məlumat almağı adətə çevirmişəm. Bu yaşayış məntəqələrinin tarixi, kim tərəfindən salındığı, yerləşdiyi ərazinin relyefi və təsərrüfat həyatı barədə ilk məlumatları həmin bölgələrimiz haqqında yazının əhatəli hazırlanması baxımından hər zaman əhəmiyyətli hesab etmişəm. Kompleks quruculuq tədbirlərindən sonra istifadəyə verilən obyektləri ilə hələ də sakinlərinə sevinc yaşadan Muğancıq-Mehrab kəndinə getməmiş AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun stolüstü kitabıma çevrilmiş “Naxçıvan oykonimləri”ni vərəqləmişdim. Müəllif görkəmli tədqiqatçı alimlər Ə.Dəmirçizadənin, A.Rəhimovun, B.Budaqovun, Q.Qeybullayevin fikirlərinə istinad edərək bildirir ki, “Muğan” toponimi qədim türk tayfalarının ümumi adıdır. Alim bu qənaətə gəlir ki, respublikamızda mövcud olan “Muğan”, “Muğanlı”, “Muğancıq” kimi kənd, yer-yurd adları “mağ” tayfa adı ilə bağlı yaranıb, o cümlədən Şərur rayonundakı “Muğancıq-Mehrab”, “Muğancıq-Müslüm” və “Maxta” adları da bu tayfa adını özündə saxlayır. Bu adda yaşayış məntəqələrinin Özbəkistan, Tacikistan, Gürcüstan, Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Türkiyədə də mövcudluğu bu fikri dəstəkləyir. Konkret olaraq “Muğancıq-Mehrab” və “Muğancıq-Müslüm” adları “Muğan”, “Muğanlı” və “Muğancıq” adlarından sonra yaranıb və Muğanlı tayfasından ayrılan qolların adıdır. Bu adlarda həm tayfa, həm də ondan ayrılan tirələrə, qollara rəhbərlik edən şəxslərin adları öz əksini tapır, kəndin kimə məxsus olduğu, kim tərəfindən salındığı bildirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

... Bu da Muğancıq-Mehrab kəndi. Müasirliyə qovuşmuş yurd yeri. Kənddə ilk olaraq yaraşıqlı, müasir arxitektura üslubunda işlənmiş, həm də qonşu Muğancıq-Müslüm kəndini də əhatə edən Muğancıq-Mehrab Kənd Mərkəzinə baş çəkirik. Elə buradaca rastlaşdığımız inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Əliyev bizi köhnə tanışları kimi qarşılayır:
– Yəqin ki, köhnə binamızı yaxşı xatırlayırsınız... Dəfələrlə olmusunuz.
Əlbəttə, – deyirəm və o tikili gözlərim önündən keçir. İnsana qayğının daha bir ifadəsi olan yeni binada kəndin bütün təşkilatları üçün hər­tərəfli şərait yaradılıb. Bu təşkilatlarda çalışanlar mövcud şəraitdən səmərəli istifadə etməyə səy göstərir, qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirməklə onlara göstərilən qayğıya əməli işləri ilə cavab verirlər.
Kənd kitabxanasının müdiri Əntiqə Həsənova doğma yurd yerinin gözəlləşməsinə ürəkdən sevinənlərdən biridir: – Kəndimiz müasirləşən yaşayış məntəqələri sırasına qoşulub, tamamilə yenidən qurulub. Aparılan quruculuq işləri sırasında kitab­xananın da olması gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verəcək.
Yaxınlıqdakı kənd tam orta məktəbinin binasıdır. Həmin gün istifadəyə verilən kənd məktəbinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kollektivi təbrik edib, tövsiyələrini verərək deyib: “Son 5 ildə məktəbin məzunlarının 70 faizi, ötən tədris ilində isə məktəbi bitirən 3 məzunun hər biri ali məktəblərə qəbul olmuş, onlardan ikisi 500-700 arasında bal toplamışdır. Qazanılan nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 müəllimi isə “İlin müəllimi” adına layiq görülüb. Kollektiv bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, hər bir gənc hərtərəfli təhsil almalı, peşə öyrənməli, ailəsi və ölkəmiz üçün yararlı vətəndaşa çevrilməlidir. Müəllimlər təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin yetişdirilməsinə diqqəti artırmalı, keçilən dərsləri şagirdlərə qavramaq yolu ilə öyrətməlidirlər. Dövlətimiz tərəfindən bu işlərin görülməsində məqsəd ondan ibarətdir ki, məktəbi bitirən hər bir gənc gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini vermiş olsun”.
Kollektiv bu tövsiyəni özünün fəaliyyət proqramı kimi qəbul edib. 224 şagird yerlik binada 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Zəngin kitab fonduna malik kitabxanada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb.
Məktəbdə internetə çıxışı olan 18 kompüter və 3 elektron lövhədən istifadə imkanları yaradılıb.
Məktəbin həyətində açıq idman qurğuları quraşdırılıb. Hərbi kabinə isə dərslərin lazımi səviyyədə keçilməsinə, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasına və hərb sənətinə marağın artırılmasına imkan verib.
Məktəbin direktoru Sinduz Cəfərova deyir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsinə böyük önəm verilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Xüsusilə də pandemiya ilə əlaqədar bütün dünyada təhsildə müvəqqəti fasilənin yarandığı bir dövrdə elektron təhsilin, onlayn dərslərin müntəzəm təşkili, interaktiv və nümunəvi dərslərin keçilməsi də öz bəhrələrini verir. Müasir tədris üsullarını tətbiqetmə imkanları isə müəllimləri daha da ruhlandırır, onları səylə çalışmağa, şagirdlərimizin bilikli, vətənpərvər və milli dəyərlər ruhunda tərbiyə olunması istiqamətində səmərəli fəaliyyət göstərməyə sövq edir.
Həmin gün Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olub. 6 nəfərin işlə təmin edildiyi mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.
* * *
Oxucuların diqqətinə onu da çatdıraq ki, quruculuq tədbirləri sadalananlarla bitməyib. Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində fiber-optik, yeraltı və hava rabitə xətlərinin çəkilməsi, elektrik xəttinin və 2 transformatorun təmir olunması, yeni tikililərə qaz xəttinin çəkilməsi və mövcud qaz xəttində təmir işlərinin aparılması sakinlər tərəfindən onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirilib. Bunu kənd sakini, ailə təsərrüfatı başçısı, ziyalı Feyzulla Abdullayev də dilə gətirərək dedi:
– Muxtar respublikamız üçüncü onillikdir ki, tikinti-quruculuq tədbirlərini fəaliyyət istiqaməti kimi götürüb. Təbii ki, bunun üçün iqtisadi güc lazımdır. Buna isə müxtəlif təsərrüfat sahələrini inkişaf etdirmədən, gündəlik tələbat və sənaye mallarının istehsalına şərait yaradılmadan nail olmaq mümkün deyil. Muxtar respublika sakinləri xoşbəxtdirlər ki, qədim diyarımızda bu istiqamətdə həyata keçirilən tədbirləri, onların uğurlu nəticələrini hər addımda görmək mümkündür. Bu gün qürurla demək olar ki, bir qarış torpağımız belə, əkilməmiş qalmır. Çünki torpaq adamı öz üzərində hərtərəfli dövlət qayğısını görür. İstehsal sahələrinin coğrafiyası günü-gündən genişlənir, bu isə muxtar respublikanın idxaldan asılılığını aradan qaldırır. Bizim kənddə də geniş quruculuq tədbirlərinin reallaşdırılması son 25 ildə uğurla həyata keçirilən düzgün siyasətin ifadəsidir və mən də bir kənd sakini kimi ürəkdən sevinir və dövlətimizə minnətdarlığımı bildirirəm.
* * *
Məmmədsabir kəndi bəhs etdiyimiz Muğancıq-Mehrabla yanaşı olan yaşayış məntəqəsidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elman Heydərov deyir ki, may ayının 18-də kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi hamımıza böyük sevinc hissləri yaşatdı. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.
Yeni kənd kitabxanası oxucuların sevimli ünvanına çevrilib. Binada 50 yerlik iclas zalı yaradılıb.
Rabitə Evində poçt bölməsi fəaliyyətə başlayıb. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulub, geniş­zolaqlı və sürətli internetə çıxış imkanı yaradılıb.
Həkim ambulatoriyasında baş həkim, stomatoloq, palata, doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı müasir müayinə və müalicə avadanlıqları ilə təchiz olunub.
Həmin gün Məmmədsabir kəndində istifadəyə verilən xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Kənddə fiber-optik və rabitə, həmçinin hava elektrik xətləri çəkilib, 1 transformator yarımstansiyasında və 6985 metr qaz xəttində təmir işləri aparılıb, içməli və suvarma su təminatı yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: “Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kənd­lərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin”.
* * *
Hər üç kəndin sakinləri ilə söhbətlərimizdə yaradılanların, qurulanların onlar üçün olduğu, qorunmasının vacibliyi dilə gətirildi. Torpağa bağlı insanların bu tövsiyələrə əməl etmələrini göz işlədikcə uzanan pay torpaqlarında yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsulları, həyətyanı təsərrüfatlardakı dadlı-tamlı meyvələr də sübut edir. Bunun da bir daha şahidi olduq ki, mütərəqqi təsərrüfat formaları olan ailə təsərrüfatlarının yaradılmasına, onların fəaliyyətinə Məmmədsabir kəndində də ciddi önəm verilir. Sayı getdikcə artan belə təsərrüfatların yetişdirdikləri müxtəlif məhsullar həm rayonda, həm də Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də festivallarda özlərinə xeyli alıcı qüvvəsi tapıb. Kənd sakini, təqaüdçü Nəriman Əliyev onlara göstərilən qayğıya görə minnətdarlığını bildirərək deyir ki, bu ilin ötən dövrü də məmmədsabirlilər üçün uğurlu olub. 2020-ci il də bol məhsullu il kimi şərurlulara xeyli gəlir gətirəcək, bununla onlar ölkəmizin inkişafına töhfələrini verəcəklər.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR