İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infrasrukturlarının istifadəyə verilməsi, membran tipli sutəmizləyici qurğuların quraşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.
Belə ki, 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilir, su boruları yenilənir, suyun bütün sakinlər arasında düzgün paylanması və bərabər səviyyədə ödənilməsi istiqamətində işlər davamlı xarakter daşıyır.
Hazırda Babək rayonunun Nehrəm və Araz kəndlərində bu layihə icra edilir. 2020-ci ilin yanvar-may aylarında 26,8 kilometr su, 15,1 kilometr kanalizasiya xətti çəkilmişdir. Belə ki, layihə çərçivəsində Nehrəm və Araz kəndlərində ümumilikdə 84,8 kilometr uzunluğunda su xətti, 60,5 kilometr kanalizasiya xətti çəkilmiş, 2755 su ev birləşməsi və 788 kanalizasiya ev bağlantısı aparılmışdır. Tikinti işləri aparılarkən keyfiyyətə xüsusi diqqət yetirilir.
Tikinti işlərinin icrası başa çatdıqdan sonra Nehrəm və Araz kəndlərinin su təchizatında olan problemlər tamamilə aradan qaldırılacaq və 17 mindən artıq sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Əhalinin sosial rifah halının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin
mətbuat xidməti