Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını 2020-ci ilin may ayında da diqqətdə saxlamışdır.
May ayında Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Bəhs edilən dövrdə Naxçıvan Dövlət Televiziyası ilə Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında tamaşaların, konsert proqramlarının, muzey ekskursiyalarının canlı yayımlanması davam etdirilmişdir.
Naxçıvan Dövlət Radiosu da rəngarəng canlı proqramlarla dinləyiciləri salamlamışdır. May ayında radionun keçidləri yenilənmiş, təqdim olunan musiqi proqramları üçün xüsusi musiqilər seçilmişdir.
Ötən ay şura tərəfindən “Naxçıvanın səsi” radiosuna yaradıcı köməklik göstərilmiş, radioverilişlərin daha geniş auditoriyaya çatdırılması üçün təkliflər irəli sürülmüşdür.
Monitorinq müşahidələrinə əsasən qeyd edilməlidir ki, ötən ay “Kanal 35” televiziyasında vizual görüntüsü aşağı olan materiallar efirə verilməmişdir. Muxtar respublikamıza həsr olunmuş videomaterialların yayımı istiqamətində milli dəyərlərimiz, tamaşa və konsert proqramları da daxil olmaqla, 48 videomaterial, həmçinin Ramazan ayına həsr olunmuş “On bir ayın sultanı” adlı veriliş televiziyada yayımlanmışdır.
Bəhs olunan dövrdə şura muxtar respublikada yayımlanan telekanalların fəaliyyətini də izləmiş, təhlillər apararaq aidiyyəti üzrə məlumat vermişdir. May ayında muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrə ölkə telekanallarının “Xəbərlər” proqramlarında da (Lider TV, İTV) yer verilmişdir.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı paylaşılan məlumatların da təhlilini aparmış, muxtar respublikanın zəngin tarixi-mədəni irsi, müasir inkişafı ilə bağlı video və fotomaterialların, eyni zamanda xəbərlərin yayılmasında yaxından iştirak etmişdir. Bəhs edilən dövrdə şura sosial şəbəkələrdə Naxçıvanla bağlı 500-dən çox foto və video, həmçinin xəbər paylaşmışdır.
Şura tərəfindən həmin dövrdə sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublikasında əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu, diyarımızın qədim tarixi abidələri, zəngin turizm potensialı ilə bağlı mərkəzi mətbuat orqanları üçün 140 xəbər, 5 reportaj, 1 fotoreportaj, 2 müsahibə, 1 analitik material hazırlanmışdır. Şura tərəfindən Naxçıvan televiziyasının “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filminin Bolqarıstanda keçirilən turizm film festivalında qalib olması Türkiyə mətbuatında geniş işıqlandırılmışdır. Həmçinin may ayında “Eurasiaticanews” portalının rəhbərinin bloq saytında şura üzvünün Naxçıvanla bağlı məqaləsi yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası